Naxçıvan Muxtar Respublikası mürəkkəb və çətin, eyni zamanda, şərəfli yol keçib

 

Naxçıvan Muxtar Respublikası 90 ildə olduqca mürəkkəb və çətin, eyni zamanda, şərəfli yol keçib.

Bakı Dövlət Universitetində (BDU) Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş tədbirdə bu qədim diyarın zəngin tarixindən, müxtəlif inkişaf mərhələlərindən danışılıb.

Müvafiq qurumların nümayəndələrinin, alim və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixindən bəhs edən rektor bu qədim diyarın çətin sınaqlarla üzləşdiyini, zaman-zaman qəsbkar ermənilərin Naxçıvan torpağına göz dikdiyini diqqətə çatdırıb. 1988-1993-cü illərdə bir tərəfdən ermənilərin torpaqlarımızda törətdikləri qanlı hadisələri, digər tərəfdən ölkə daxilində baş verən hərc-mərcliyi xatırladan akademik A.Məhərrəmov həmin çətin məqamlarda müdrik rəhbər Heydər Əliyevin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının qəsbkar düşməndən qorunub saxlanılmasında tarixi xidmətlərini qeyd edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev həmin dövrdə öz xilaskarlıq missiyasını uğurla yerinə yetirib.

Naxçıvanın görkəmli alimlər, mədəniyyət xadimləri, siyasətçilər yetişdirdiyini bildirən A.Məhərrəmov deyib ki, bu qədim diyar Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu, müasir müstəqil dövlətimizin banisiqurucusu Heydər Əliyevin vətənidir. Azərbaycan Prezidenti İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına daim böyük qayğı göstərir.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "90 illik şərəfli yol" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Naxçıvan Muxtar Respublikası olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli yol keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir məkrli qüvvə naxçıvanlıların iradəsini qıra bilməyib. 1921-ci ildə Naxçıvana muxtariyyət statusu verilib, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılıb. Muxtariyyət statusu diyarın  tarixi taleyində mühüm əhəmiyyət kəsb edib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın və onun gözəl guşələrindən olan Naxçıvanın qorunmasında və inkişafında misilsiz xidmətlərindən bəhs edən akademik İ.Hacıyev dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.  Məruzəçi bu gün Naxçıvan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyətini vurğulayıb.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Naxçıvan çox qədim tarixə, zəngin adət-ənənələrə, mədəniyyətə və incəsənətə malik olan bir diyardır. Dahi rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışan Z.Əsgərov ulu öndərin Naxçıvanın tarixindəki müstəsna xidmətlərini xatırladıb. Qeyd edib ki, bu gün Naxçıvan çox sürətlə inkişaf edir.

 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov,  akademik Vasim Məmmədəliyev Naxçıvanın müasir inkişafının  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Natiqlər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.

 

Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 3.