Ədliyyə
naziri Horadizdə vətəndaşları
qəbul edib
Azərbaycan Prezidenti İlham
Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq dövlət qurumları tərəfindən vətəndaşların
müraciətlərinə hər zaman qayğı və həssaslıqla
yanaşılması məqsədilə Ədliyyə
Nazirliyinin rəhbərliyi müasir informasiya kommunikasiya
texnologiyaları və elektron xidmətlər geniş tətbiq
olunmaqla, vətəndaşların bölgələrdə qəbulunu
davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında qəbula qabaqcadan birbaşa yazılmaq imkanı yaradılıb.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Həmçinin qəsəbədə yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin araşdırılmaq üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar Horadiz şəhərində bölgənin sakinlərinin, xüsusilə burada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər
zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə
orqanlarının fəaliyyəti və iş
şəraiti ilə tanış olub,
hakimlər və ədliyyə işçiləri ilə
görüşərək dövlətimizin
başçısının vətəndaş-məmur
münasibətlərinin sağlam zəmində
qurulması, etik davranış qaydalarına
ciddi riayət olunması, korrupsiyaya
şərait yaradan hallara
yol verilməməsi ilə bağlı tələblərini
diqqətə çatdırıb, tövsiyə və
tapşırıqlarını verib.
Azərbaycan.-
2014.- 30 oktyabr.- S. 4.