Azərbaycan ilə Qətər arasında hərtərəfli əməkdaşlıq gündən-günə inkişaf edir

 

Oktyabrın 29-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətər Dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd Əl-Tani ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir dövlətlərimizin başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq, son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Ramil Usubov buna əyani sübut kimi Qətər Dövlətinin Baş naziridaxili işlər naziri Şeyx Abdulla bin Nasir Xəlifə Al-Taninin dəvətinə əsasən, oktyabrın 19-dan 21-dək bu ölkədə rəsmi səfərdə olmasını, işgüzar və faydalı danışıqların aparılmasını, “Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında” Sazişin imzalanmasını göstərib.

Nazir yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da dərinləşməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu vurğulayıb, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mübarək bin Fəhd Əl-Tani görüşə və xoş sözlərə görə təşəkkür edib, Qətər ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini, respublikamızda diplomatik missiyanın həyata keçirilməsində yaradılmış əlverişli və təhlükəsiz şəraitə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 4.