BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mətbuat Şurasında olub

 

Oktyabrın 29-da Azərbaycan Mətbuat Şurasında BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir ilə görüş keçirilib.

Şuradan AzərTAc-a verilən məlumata görə, sədr Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanda medianın durumu barədə məlumat verib. Şuranın əsasən müxtəlif vətəndaş qruplarından daxil olan müraciətləri araşdırdığını qeyd edən Ə.Amaşov ötən müddətdə söz ifadə azadlığı ilə əlaqədar proseslərin diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O deyib: “Çalışırıq ki, jurnalistlərin tam sərbəst, maneəsiz şəkildə informasiya almaları təmin olunsun. Bununla yanaşı, jurnalist peşəkarlığı da bizim üçün önəmlidir. Şura indiyədək jurnalist peşəkarlığı məsuliyyətinin artırılmasını nəzərdə tutan tədbirlər reallaşdırıb. Bu sahədə nüfuzlu beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq edirik. BMT ilə münasibətlər bizim üçün önəmlidir”.

Mahir Nasir bildirib ki, İctimai İnformasiya Departamenti BMT- üzv ölkələrin bir çoxunda struktur bölmələrə malikdir. O, departamentin BMT-nin keçirdiyi tədbirlərdə jurnalistlərin akkreditasiyası məsələlərindən, eləcə həmin toplantıların dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərin spesifik cəhətlərindən bəhs edib.

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu təşkilatın müxtəlif illərdə BMT ilə əməkdaşlıq etdiyini deyib. O, bu baxımdan BMT-nin baş katibi Pan Gi Munun iqlim dəyişiklikləri ilə bağlı media təmsilçilərinə ünvanladığı müraciəti xatırladıb. Bildirib ki, Şura müraciətdən irəli gələn məqamlarla əlaqədar UNESCO-nun Moskva ofisi ilə birgə Bakıda jurnalistlər üçün təlimlər təşkil edib. U.Rəhimoğlu, həmçinin bildirib ki, BMT Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində medianın rolunun artırılması istiqamətində Mətbuat Şurası ilə yaxından əməkdaşlıq edə bilər.

Şuranın İdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında BMT ilə münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan o, media sahəsindəki əlaqələrin intensivləşdirilməsinin zəruriliyindən söz açıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı başqaları Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu illərdə ölkəmizin qaldırdığı təşəbbüslərin təşkilatın informasiya kanallarında işıqlandırılması məsələlərinə toxunub, mövcud istiqamətdə nəzərəçarpan cəhətlərdən söhbət açıblar.

Söhbət zamanı BMT-nin müxtəlif ölkələrlə bağlı informasiya əldə etmək sahəsindəki prinsiplərinə diqqət yetirilib. Regional media əməkdaşlığının dərinləşdirilməsi zərurətindən söhbət açılaraq bu istiqamətdə yerli təşkilatların da təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

 

Azərbaycan. - 2014.- 30 oktyabr.- S. 4.