Bakıda Avropa Şurasının Mədəni Marşrutlar

 üzrə İllik Məşvərət Forumunun açılışı olub

 

Oktyabrın 30-da Bakıda, «JW Marriott Absheron Baku» otelində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunun açılışı olub.

İkigünlük forum AŞ-ın Avropa Mədəni Marşrutlar İnstitutunun (Lüksemburq) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç, Mədəni marşrutlar üzrə Geniş İlkin Sazişin sədri Elke Atsler (Avstriya), Avropa Şurasının Bakı ofisinin direktoru Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard forum iştirakçılarını salamlayıblar.

“İnsburkdan Bakıyadək – 2013-cü il forumundan sonrakı dövr ərzində nailiyyətlər” mövzusunda plenar sessiyada İnsburk Bəyanatının və Geniş İlkin Sazişin müddəalarının yekunlarına, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığa qiymət verilib. Sessiyada Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Penelopa Denu, Avropa Şurasının mədəni marşrutlar üzrə əlaqələndiricisi Eleonora Berti çıxış ediblər.

Fasilədən sonra plenar iclaslar və seminarlar keçirilib, “Mədəni marşrutlar - turizm sosial birliyin və dialoqun aparıcı qüvvəsi kimi”, “Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi – keçmiş, indi və gələcək”, “Sosial birlik iqtisadiyyatı – sabit iqtisadi inkişaf naminə mədəni marşrutlar” mövzularında müzakirələr aparılıb.

Forum oktyabrın 31-də işini davam etdirəcək.

 

Azərbaycan.-2014.- 31 oktyabr.- S.7.