Leyla Əliyeva: Rəssam Rasim Babayevin maraqlı sənət
dünyasını özünüz
üçün kəşf etməyinizi arzulayıram
Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad edib. 1949-1950-ci illərdə Ulu Öndər bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndələri, Rusiyadakı Azərbaycan diasporunun üzvləri barelyefin önünə tər güllər qoyublar.
Sonra Leyla Əliyeva Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin (1927-2007) sərgisinin açılışında iştirak edib.
Sərginin açılışından əvvəl Leyla Əliyeva muzey rəhbərliyinin dəvəti ilə I Nikolayın nəvəsi, böyük knyaz Konstantin Romanovun Rus Muzeyindəki məzarını ziyarət edib.
Leyla Əliyeva sərginin açılışında çıxış edərək deyib ki, bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar gündür. Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi və mədəni sahələrdə qədim və möhkəm dostluq telləri bağlayır. Azərbaycanda rus ədəbiyyatını, rus teatrını, rus kinosunu və əlbəttə, rus rəssamlıq sənətini çox sevirlər. Çox sevindirici haldır ki, Rusiyada da Azərbaycan incəsənətinə maraq göstərilir, bizim mədəniyyətimiz belə geniş və ləyaqətlə təmsil edilib. Rus Muzeyinin yaradılmasından təxminən 120 il keçir. Burada nadir sənət inciləri – Aleksandr İvanovun, Karl Brüllovun, Kazimir Maleviçin və Aleksandr Brodskinin əsərləri nümayiş etdirilir. Həmin əsərlərin bu muzeydə olması bu rəssamların nadir istedadına dəlalət edir. Bu gün biz sizə zəmanəmizin istedadlı və heyrət doğuran rəssamlarından birinin – Rasim Babayevin əsərlərini təqdim edirik. Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyadakı qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Rasim Babayevin sağlığında ona Fransaya köçmək və orada işləmək təklif edilib. Lakin o, bu təklifi qəbul etməyib, çünki Azərbaycandan uzaqlarda yarada bilməzdi. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən onun işləri bu qədər parlaq, səmimi və nağılvaridir. Bir il bundan əvvəl Moskvadakı Şərq Muzeyində Rasim Babayevin sərgisi təşkil edilmişdi. Həmin sərginin çox uğurlu olması bir daha göstərir ki, həqiqi sənət üçün dini və ya milli sərhədlər yoxdur. Həqiqi sənət zamanın və məkanın fövqündədir, hamı üçün əlyetərlidir. Əminəm ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda açılan bu sərgi də böyük uğurla keçəcək və təsviri sənətin bütün həvəskarları üçün maraqlı olacaq”.
Leyla Əliyeva sərginin təşkilatçılarına təşəkkürünü bildirib və Rus Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib. Daha sonra o deyib: “Xeyirin şər üzərində hökmən qalib gələcəyini rənglərin dili ilə bizə deyən rəssam Rasim Babayevin maraqlı sənət dünyasını özünüz üçün kəşf etməyinizi arzulayıram”.
Səfir Polad Bülbüloğlu qeyd edib ki, Rasim Babayevin yaradıcılığı dünyaya çox məşhur sənətkarlar vermiş Azərbaycanın rəssamlıq məktəbini təmsil edir. Diplomat mədəniyyətə və incəsənətə göstərdiyi daimi diqqətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. P.Bülbüloğlu deyib: “Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın inkişafı davam edir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin himayəsi ilə IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Həmin Forumda ən böyük və mötəbər nümayəndə heyəti Rusiyadan gəlmişdi. Bu, bir daha göstərir ki, Azərbaycan ilə Rusiya arasında, xüsusən humanitar sahədə tam qarşılıqlı anlaşma var”.
Mərcani adına Elmi Və Mədəni Proqramların Dəstəklənməsi Və İnkişafı Fondunun prezidenti Rüstəm Süleymanov R.Babayevin yaradıcılığından danışıb. O qeyd edib ki, bu sənətkar öz yaradıcılığında Qərb və Şərq üslublarını sintez etməyə müvəffəq olub. R.Babayevin əsərlərində azadlıq və seyrçilik dünyası, dərin düşüncələr və ekspressiyalar birləşib.
Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev qubernator Georgi Poltavçenkonun təbrikini çatdırıb. O, əmin olduğunu bildirib ki, sərgiyə gələn hər kəs Rasim Babayevin əsərlərində xeyirxah və nurlu məqamlar tapacaq.
Yerli özünüidarəetmə, millətlərarası və konfessiyalararası münasibətlər komitəsinin sədri Mixail Lebedinski Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təbrik məktubunu oxuyub. Daha sonra M.Lebedinski Leninqrad vilayəti nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri barədə söhbət açıb və vurğulayıb ki, indi Azərbaycanı özünə daha yaxın və doğma ölkə hesab edir.
Sonra Leyla Əliyeva sərgi ilə tanış olub. Noyabrın 24-dək davam edəcək ekspozisiyada rəssamın ailə toplusunda və Mərcani Fondunun kolleksiyasında saxlanan 80-ə yaxın rəngkarlıq və qrafika işləri nümayiş etdirilir. 1970-2000-ci illərdə R.Babayevin yaradıcılığının müxtəlif dövrlərinə aid olan bu əsərlərin çoxunda tamaşaçının gözləri qarşısında fantastik personajlar – divlər və əjdahalar, sehirli quşlar, dəvə karvanları, Şərq gözəlləri, adi qocalar və nağıllarda təsvir edilən nənələr, bəşəriyyətin ulu əcdadları Adəm və Həvva canlanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfəri Sankt-Peterburq KİV-lərində geniş işıqlandırılıb.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Sankt-Peterburq
Azərbaycan.-2014.- 31 oktyabr.- S.7.