Bakı metropoliteni tarixinin ən yüksəlişli
dövrünə qədəm qoyub
Bakı metropoliteni işçilərinin
peşə bayramı qarşısında
Müstəqilliyinin 20 ilini geridə qoymuş Azərbaycan bu müddət ərzində təkcə regionun deyil, dünyanın iqtisadi cəhətdən uğurla inkişaf edən ölkəsi kimi qəbul edilir. Hələ də səngiməyən qlobal iqtisadi böhran dövründə Azərbaycanın ən nüfuzlu beynəlxalq reytinqlərdə dayanıqlıq mövqelərini artırması ötən illərin inkişafının əyani göstəricisidir. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də yüksələrək, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yeri tutub.
Təbii ki, bütün bunlar düşünülmüş və davamlı iqtisadi siyasətin uğurlu nəticəsidir. İnkişafı təmin edən əsas xəttin, icra olunan proqramların sosial xarakter alması isə dövlətin iqtisadi inkişafının yeni mərhələsi, onun etibarlığının və mahiyyətinin proqressivlik göstəricisidir.
İqtisadi cəhətdən rentabelli olmasa da, şəhər ictimai nəqliyyatının aparıcı sahəsi kimi Bakı metropoliteninin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlətin sosial məqsədli layihələrinə ən bariz nümunələrdən biridir.
Yarandığı gündən paytaxtın rəmzinə çevrilmiş Bakı metrosuna ayrılan bu diqqət təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamıdır. Bütün sahələrdə bugünkü iqtisadi və siyasi uğurlarımızın memarı olan ulu öndərin metropolitenin inkişafında misilsiz xidmətləri olub. Təsadüfi deyil ki, Bakıda metro tikintisi ideyası ötən əsrin 40-cı illərində ortaya çıxsa da, bu iş yalnız 60-cı illərdə reallaşıb, amma bununla belə, yeraltı ictimai nəqliyyatın əsas inkişaf mərhələsi 70-80-ci illərdə - Azərbaycana Heydər Əliyev kimi uzaqgörən lider rəhbərlik etdiyi dövrdə baş verib. Təkcə bir faktı xatırlatmaq yetər: bu gün Bakı metropoliteninin fəaliyyətdə olan 23 stansiyasından 14-ü, ümumi uzunluğu 35,6 km olan metro xətlərinin 22,3 kilometri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə istifadəyə verilib.
2002-ci ildə Bakı metropoliteninin 35 illik yubileyində ümummilli lider perspektivlərdən söz açarkən gələcək nəsillərə müdrik nəsihətini vermişdi: "Biz metro inşaatını davam etdirməliyik... Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçünçü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər".
Heydər Əliyevin bu sözləri söylədiyi vaxtdan 12 il keçir. Həqiqətən, cəmi 4 il sonra Azərbaycanın gəlirləri də artdı, metro tikintisinin vüsəti də. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına böyük tikinti erası və metropoliten xətlərinin inkişaf etdirilməsi başlandı və bir-birinin ardınca "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" stansiyaları, "28 May" stansiyasının ikinci çıxışı sərnişinlərin istifadəsinə verildi.
Yeni əsrin
ilk onilliyində metropolitenin vaqon parkı daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığı ilə daha 116
yeni vaqon alındı. Bu da, öz növbəsində,
metropolitendə qatarların hərəkət
intervalını azaltmağa, sərnişinlərə xidmət
səviyyəsini yüksəltməyə imkan verdi.
Son illərdə isə vaqonların əsaslı
təmir edilərək, tamamilə yeniləşmiş
görkəmlə xəttə buraxılmasına
başlanılıb.
İntervalın bu gün üçün mümkün ən
optimal həddə çatdırılmasında hələ
sovet dövründə alınmış qatarlarda tam fərqli
şəkildə olan və əsasən, praktik əhəmiyyəti
olmayan sürətin avtomatik tənzimlənməsinin
müasirliklə səsləşən modelinin tətbiqi
xüsusi rol oynadı. Nəticədə interval 120 saniyəyə
qədər azaldıldı.
Hərəkətin təşkilində qrafik sistemin tətbiqi
xüsusi əhəmiyyət kəsb edir və metropolitendə
bütün fəaliyyəti tənzimləyən əsas
işçi sənədidir. Uzun və ağır
zəhmətin bəhrəsi olan bu qrafik 2011-ci ildən
avtomatlaşdırılmış qaydada hazırlanır və
maşinist kabinəsində quraşdırılmış
xüsusi planşetlərdə əks olunur.
Əlbəttə, metropolitendə tətbiq edilən
yeniliklərə nəzər salanda əminliklə söyləmək
olur ki, ulu öndərin uzaqgörənliklə vəd etdiyi gələcək,
onun tapşırıqları artıq reallığa
çevrilir.
Bu isə Heydər Əliyevin vəsiyyətinə
əməl edərək, mütləq əksəriyyətin səsi
ilə cənab İlham Əliyevi hakimiyyət sükanına
gətirən Azərbaycan xalqının müdrik qərarı
sayəsində baş verib.
Azərbaycanda sosial-iqtisadi inkişafın bariz nümunələrindən
biri kimi Bakı metropoliteni indi vüsətlə genişlənmə
dövrünə qədəm qoyub. Əlbəttə,
metronun inkişafı ilk növbədə onun
böyüyüb genişlənməsindən
asılıdır. 2008-ci il noyabrın 10-da Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla
bu istiqamətdə planlaşdırma işlərinə
başlanıldı, tender keçirildi və metro tikintisi sahəsində
böyük təcrübəyə malik Fransanın SYSTRA,
İngiltərənin "Mott McDonald" və Koreya Respublikasının
"Saman" şirkətlərinin iştirakı ilə beynəlxalq
konsorsium yaradıldı. Qurum yeni sxemin
hazırlanması məqsədilə müfəssəl
sosial-iqtisadi təhlillər apardı, ictimai nəqliyyat
üzrə sərnişinlər arasında sorğu
keçirdi və ictimai nəqliyyata tələbatı, eləcə
də gediş-gəlişin orta məsafəsi, sərnişin
axınının istiqamətləri, səbəbləri,
sıxlığı və tezliyi müəyyən edildi.
Metropolitenin
perspektiv inkişaf planı 2010-cu il
noyabrın 4-də Azərbaycan Prezidenti yanında keçirilən
müşavirədə müzakirə edildi. 20 illik inkişaf
planına əsasən, yeraltı dəmiryol şəbəkəsi
ümumi uzunluğu 119 kilometrə çatan 2 mövcud və
3 əlavə yeni xətdən ibarət olmaqla, stansiyaların
sayı 76-ya çatdırılmalıdır. Deməli, 53
yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin
inşası nəzərdə tutulur.
2011-ci il martın 18-də Azərbaycan Respublikası
Prezidentinin sərəncamları ilə metropoliten xətlərinin
konseptual inkişaf sxemi təsdiq olunmaqla, perspektiv planın
2011-2015-ci illər üçün Dövlət Proqramı təsdiq
edildi və müvafiq işlərə başlanıldı.
"Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda,
Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir.
Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm
işlərin daha da böyük səmərə ilə
görülməsinə xidmət göstərəcək, həm
də maksimum keyfiyyət təmin olunacaqdır" deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biri metro tikintisində,
həm də istismar zamanı ən müasir və qabaqcıl
texnologiyaların tətbiqidir.
İlk proqramın icra dövründə yeni Bənövşəyi
xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Əvvəlcə yeni - Bənövşəyi
xəttin ilk iki stansiyası - "Avtovağzal" və
şərti adı "Memar Əcəmi-2" olan
stansiyaları, sonrakı dövrdə isə digər 3 stansiya
istismara veriləcək. Xəttin inşası
zamanı metropolitendə ilk dəfə müasir tunelqazma
qurğuları tətbiq edildi və hərəsi bir tunel
üçün nəzərdə tutulmaqla, iki müasir qazma
maşını "Avtovağzal" stansiyasından işə
başladı. Bu avadanlıqlar əvvəlki mexaniki
üsuldan ən azı 8-10 dəfə məhsuldar olmaqla,
qarşıya qoyulan vəzifənin sürətlə yerinə
yetirilməsinə xüsusi təkan verdi. Tunellərin uzunmüddətli istismarını təmin
etmək məqsədilə onların xarici diametri 6 metr müəyyən
olunub.
Stansiya tikintisində də yeni metod və üsullar tətbiq
edilir. Şərti
adı "Memar Əcəmi-2" olan stansiyadan başlayaraq tətbiq
edilən "Qruntda divar" üsulu iqtisadi səmərəsi
ilə seçilir, ən əsası, şəhərin
sıx məskunlaşmış hissələrində məhdud
çərçivədə iş görməyə imkan
verir və ətraf mühitin mühafizəsi tələblərini
nəzərə alır.
Dövlət proqramına uyğun olaraq, mövcud xətlərin
inkişafı da unudulmayıb. Proqramın icra
olunacağı müddətdə Yaşıl xəttin daha 3
stansiyasının inşası da planlaşdırılıb.
Sərnişin üçün metro stansiyadan
başlayırsa, yeraltı polad magistralın fəaliyyətinin
təminatı depolardan asılıdır. Buna görə
də metropolitenin fəaliyyətində elektrik
depolarının danılmaz rolu var. Hazırda metropolitenin cəmi
bir deposu var. Lakin dövlət proqramında daha dörd elektrik
deposunun inşası nəzərdə tutulub. Onlardan ikisinin - "Dərnəgül" və
"Xocasən" elektrik depolarının inşasına
artıq başlanılıb.
Perspektiv
plan metropolitenin mövcud problemlərinin aradan
qaldırılması istiqamətində əsaslı layihələrin
həyata keçirilməsini də nəzərdə tutur. Bu mənada dərin özüllü stansiyaların
ikinci giriş-çıxışlarının istifadəyə
verilməsi xüsusi əhəmiyyətə malikdir.
2009-cu il dekabrın 30-da ölkə
başçısının iştirakı ilə "28
May" stansiyasının ikinci
giriş-çıxışı istifadəyə verildi.
Dövlət proqramında tikinti ilə yanaşı,
istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının
gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin
aparılması, təhlükəsizliyin artırılması
istiqamətində tədbirlər də xüsusi yer alır. 2008-ci ildə
"İçərişəhər" stansiyasının
tam yenidən qurulması ilə metropolitendə daha bir istiqamətdə
yeniləşmə dövrü başlandı. Bunun ardınca, 2011-ci ildə "Məşədi
Əzizbəyov" stansiyası yenidən qurularaq
"Koroğlu" adı ilə sərnişinlərin istifadəsinə
verildi. Bu stansiyalarda, eləcə də yeni inşa
olunmuş "Azadlıq prospekti" və "Dərnəgül"
stansiyalarında Almaniya
istehsalı olan müasir, daha təhlükəsiz və
asanlıqla xidmət göstərilən eskalatorlar
quraşdırılıb. Bütün işarəvermə
vasitələri müasir mikroprosessor sistemləri ilə əvəzlənib,
rabitə və elektrik təchizatında müasir
texnologiyalardan istifadə olunub.
Metropolitenin şəhər üçün əhəmiyyətini
nəzərə alaraq, onun qayğılarına diqqətlə
yanaşan, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə
rəhbərlik etdiyi dövrdə metropolitenin mövcud
maddi-texniki bazasında əhəmiyyətli yeniliklər edilib.
Təhlükəsizlik metropoliten üçün bir
nömrəli məsələdir. Bu işlər
sırasında Bakı metropoliteni obyektlərində
videomüşahidə şəbəkəsinin
yaradılması xüsusi qeyd oluna bilər. Bu işlər hələ ötən əsrin
90-cı illərinin sonunda ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə
başlanmış və 2000-ci ildə həyata
keçirilmişdi. Metropolitenin ən
çox ictimai nəqliyyat vasitəsi olduğunu, Azərbaycan
Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsü
nəzərə alaraq, videomüşahidə sisteminin
müasir texnologiyalar əsasında yenidən qurulması, eləcə
də mərkəzləşdirilmiş videomüşahidə
şəbəkəsinin qurulması 2011-ci ildə uğurla
başa çatdırıldı. Artıq
təkcə stansiyalarda deyil, hər vaqonda 4 kamera olmaqla,
qatarlarda da onun tətbiqinə başlanıldı.
Hazırda metropolitendə 4 minə yaxın kamera fəaliyyət
göstərir və onlar əvvəlki illərdən fərqli
olaraq, təsvirin
daha səlisliyi ilə yanaşı, girişdən
çıxışa qədər izləməni təmin
edir. Ona unikal yenilik edilərək, sərnişinsayma
və üzdəntanıma kimi sistemlər də əlavə
olunub. Bununla da metropolitendə sərnişin
axınının təhlili ilə yanaşı, təhlükəsizliyin
təminatında təkcə müəssisənin deyil, həm
də şəhər hüquq-mühafizə sisteminə
kömək göstərilməsi də nəzərə
alınıb.
Təhlükəsizlik tədbirləri sırasında
SOS qurğularının özünəməxsus yeri var. Hər
bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda
sərnişinlə dispetçer arasında birbaşa
ünsiyyət, əlaqə imkanı yaratmaqla bir çox
funksional üstünlükləri ilə seçilir.
Mədəni xidmətin təşkili baxımından sərnişin
informasiya sorğu köşkləri də qeyd oluna bilər. Metropolitendən
istifadə edənlər, ələlxüsus şəhərə
nabələd olanlardan ötrü üç dildə fəaliyyət
göstərən bu sistemlərin köməyilə
stansiyaların yerləşdiyi ərazilər, mənzil
başına çatacaqları müddət barədə məlumat
verilir.
2006-cı
il martın 1-dən və sonrakı ildən
yeganə ödəmə vasitəsi olan RFİD (plastik)
kartların tətbiqi sərnişinlərin metrodan istifadəsini
xeyli asanlaşdırmaqla yanaşı, xidmət səviyyəsinin
keyfiyyətcə yeni mərhələsi oldu. 2010-cu
ildə quraşdırılmış iki yeni server sayəsində
funksionallığı, operativ yaddaşının həcmi və
tezliyi ilə seçilən sistemin işi təmin edilib və
bu da kartlarla bağlı problemləri əsaslı şəkildə
həll edib. Artıq ANM məntəqəsindəki
turniketlərin sayı, kartı verən şəxs, yükləmə
vaxtı və s. kimi yeniliklər səlis şəkildə
aparılır. Bu, həmçinin ölkə
daxilində fəaliyyət göstərən mobil rabitə
operatorlarının da gediş haqqının ödənilməsi
sisteminə qoşulması üçün ən münbit
şəraiti yaradıb. 2010-cu ildən ilk belə pilot
layihənin həyata keçirilməsinə
başlanılıb.
Təhlükəsizliyin və sərnişinə mədəni
xidmətin səviyyəsindən söz düşəndə,
yol təsərrüfatı da diqqəti çəkir. 2006-cı ildə
metropolitendə relslərin qaynaq edilməsi sayəsində
uzun ölçülü relslərin tətbiqinə nail
olunub və bununla da rels qovşaqlarının, calaqların,
birləşdirici vasitələrin sayı, həmçinin
qatarların yaratdığı səs-küy xeyli azalıb, ən
əsası, yolların təhlükəsizliyi, yol
avadanlıqlarına qulluq, işçi əməyinin
mühafizəsi və yaxşılaşdırılması
istiqamətində əhəmiyyətli tədbirə
çevrilib.
Ən əhəmiyyətli
yeniliklər sırasında Bakı
metropolitenində
ilk dəfə istehsala bərabər olan qatarların təkər
cütlərinin tərtib olunması sexinin
formalaşdırılmasına başlanılması xüsusi
yer tutur. Alınan xammal əsasında
metropolitenin kadr potensialının bilik və təcrübəsi
əsasında tərtib olunan yeni təkərlər metropolitenə
iqtisadi səmərə verməklə yanaşı, həm də
kadr potensialının elmi marağının, bilik səviyyəsinin
artmasına kömək göstərəcək.
Əlbəttə,
tək sərnişindaşıma deyil, eyni zamanda elektrik təchizatı,
elektromexanika sistemləri, xüsusən də ventilyasiya və
sanitar xidmətin təşkili baxımından tətbiq edilən
bir çox yeniliklər, tunel qurğularının mühafizəsi
ilə bağlı istər səmərələşdirici,
istərsə də texnoloji qərarlar bu gün həm sərnişinə
xidmət səviyyəsinin
yaxşılaşdırılması, həm də metropoliten obyektlərinin
təhlükəsizliyinin və mühafizəsinin təmin
edilməsi baxımından əhəmiyyətli rol oynayır.
Metropoliten həm də ənənələri ilə
seçilən müəssisədir. Kadrların hazırlanması,
işçilərin peşəkarlığının artırılması
baxımından müasir texnologiyalardan istifadə olunması
da uğurla həyata keçirilir. 2010-cu ildə kompüter
texnologiyaları ilə real məkan anlayışı əsasında
quraşdırılmış qatar
maşinistinin trenajorunun tətbiqi metropolitendə ən əhəmiyyətli
peşələrdən biri üzrə əməyin, o
cümlədən onun psixoloji aspektdən qiymətləndirilməsi,
tədris-hazırlıq prosesinin təşkilinin əhəmiyyətli
vasitəsidir.
Dövlət
proqramına uyğun olaraq, bu istiqamətdə ötən il daha bir əhəmiyyətli addım
atıldı, yolun vəziyyətinə nəzarət və
defektoskopiyasında xüsusi trenajor tətbiq edildi. Nəticədə
sahə üzrə mütəxəssislərin təcrübə
toplaması və təhsil alması üçün Rusiyaya
göndərilməsinə ehtiyac qalmayaraq, bütün texniki
şərait, laboratoriya imkanları, tədris
avadanlıqları və sistemlərinin tətbiqi sayəsində
kadrların Bakı Metropolitenində daha kütləvi şəkildə
hazırlığına, əməyin və biliklərin qiymətləndirilməsinə
başlanıldı.
Müasir Azərbaycan iqtisadiyyatının sürətli
yüksəlişi onun sosial mahiyyətini əməli şəkildə
qabardır. Azərbaycan Prezidentinin bu istiqamətdə
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, Bakı metropolitenində də işçilərin
rifahının, sosial-mədəni həyatının təmin
edilməsi istiqamətində əhəmiyyətli addımlar
atılır. Metropolitençilərin Bilgəh
qəsəbəsində yerləşən
sanatroiya-profilaktoriya və istirahət zonası ildən-ilə
simasını dəyişir, müalicəvi və tibbi
avadanlıqları yenilənir, müxtəlif tibbi
metodların tətbiqi üçün şərait
yaradılır. İstirahət mərkəzinin kottecləri, əsaslı təmir
olunaraq yenidən qurulur və bütün şəraiti ilə
işçilərin ixtiyarına verilir. Sanatoriya
ərazisində quraşdırılmış çirkab
sularının təkrar emalı qurğusu sayəsində
ilkin məqsədyönlü tədbir həyata keçirildi,
ardınca içməli su mənbəyindən çəkilən
xətt sayəsində sanatoriyanın su problemi tam həllini
tapdı, elektrik təchizatında əsaslı dəyişikliklərə
başlanıldı.
Ölkə başçısının əhali arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tapşırıqlarına uyğun olaraq, fəal müəssisələr sırasında metropolitenin də öz yeri var. Həm də işçilərin mədəni istirahətinin təşkili forması kimi bu istiqamətdə atılan addımlardan biri 2008-ci ildə "Nərimanov" elektrik deposu ərazisində idman-sağlamlıq kompleksinin istifadəyə verilməsi oldu. Burada işçilər müxtəlif idman qurğularından, trenajorlardan istifadə edə, fin və rus hamamlarından, su hovuzundan faydalanaraq, həm iş vaxtından sonra fiziki bərpa keçirlər, həm də sağlamlıqlarını qorumaq imkanı əldə ediblər. 2010-cu il depo ərazisində müasir standartlara cavab verən süni örtüklü minifutbol və tennis-voleybol meydançalarının istifadəyə verilməsi ilə əlamətdar olub. İdmanın metropolitençilər arasında məşhur olması il ərzində iki dəfə keçirilən spartakiadalara maraq və həvəsdə də əyani müşahidə olunur. Qeyd etmək yerinə düşər ki, yerli yarışlar əsasında formalaşmış komandalar paytaxt, respublika xarakterli müxtəlif yarışlarda və MDB metropolitenlərinin spartakiadalarında iştirak edir və komandaların uğurları da az deyil. Hətta bir neçə gün bundan öncə müəssisənin komandası XVII Respublika Spartakiadasında minifutbol üzrə qalib oldu.
Bu illər ərzində metropolitençilərin sosial rifahının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin verdiyi fərman və sərəncamlarda da əksini tapıb. 10 il əvvəl Bakı metropoliteni işçisinin əmək haqqı 108 manat təşkil edirdisə, 2013-cü ilin yekunlarına görə bu rəqəm 519 manata bərabər idi. Metropolitençilərin əməyi, xidmətləri və səmərəli fəaliyyəti də dövlət tərəfindən xüsusi qiymətləndirilir. Metropolitençilərin əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin qoyduğu ənənəyə sadiqliyini nümayiş etdirən onun layiqli varisi cənab İlham Əliyev metropolitençilərin əməyini "Şöhrət" ordeninə, "Tərəqqi" medalına, Prezidentin xüsusi diplomlarına və digər mükafatlara layiq görüb.
Xidmət sektorunda ənənələri ilə seçilən metropolitençilər üçün ölkə başçısının: "Bu, ən kütləvi nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin infrastrukturunu müasirləşdirəcəyik və insanların rahatlığı üçün çox böyük işlər görüləcəkdir" çağırışı hər zaman əsas qanun kimi səslənir və onun qarşıya qoyduğu vəzifələr metropolitençilər üçün hər zaman yüksək ruh və etibarın rəmzidir.
Azərbaycan.-2014.- 31 oktyabr.- S.3.