Azərbaycan rəqabət qabiliyyəti

 indeksinə görə MDB-də liderliyini qoruyur

 

Son illər sürətli inkişaf yolu keçən Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlar əvvəlcədən müəyyənləşdirilmiş dəqiq strateji və taktiki hədəfləri olan fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya respublikamızı qarşıdakı illərdə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağa xidmət edir. Sistemli və ardıcıl islahatların nəticəsi kimi ötən illərdə bu istiqamətdə mühüm məqsədlərdən birinə nail olunmuş, iqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycan modernləşmə mərhələsinə gəlib çatmışdır.

Prioritet hədəflərə doğru inamla irəliləyən Azərbaycan son illərə həm də özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Respublikamızı ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət dövlət rəhbərinin xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Dövlət başçısı hələ hökumətin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında 2020-ci ilədək ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Cəmiyyət qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu hədəfin reallaşdırılması üçün geniş imkanlar açır.

Əvvəllər Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyi cəmiyyətdə müəyyən skeptik və qeyri-adekvat yanaşmalara yol açırdısa, hazırda bu məqsəd getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 8-9 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə deyə bilərik. Respublikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri ardıcıl və sistemli surətdə həyata keçirməyə imkan verir. Bəzi paralellər aparmaqla Azərbaycanın son 10 ildəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə çatışmazlığı üzündən həll edə bilməyən, maliyyə qurumlarından kreditlər alan Azərbaycan hazırda regionun ən böyük investoruna və kreditor dövlətinə çevrilir.

"Siyasətimizin əsasında insan amili dayanır" - deyən Prezident İlham Əliyev ötən 11 ildə görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını da zəruri sayır. İl ərzində verilən hesabatlar ilk növbədə hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, mövcud problemlər ətrafında müzakirələrin aparılması, gələcək hədəflərin müəyyən olunması baxımından da səmərəli vasitədir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanların maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

 

Uğurlarla zəngin mərhələ

 

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında deyilənlər ölkəmizin hesabat dövründə bütün sahələrdə dinamik inkişaf etdiyini, konkret mərhələ üçün qarşıya qoyulmuş məqsədlərə yetişdiyini bir daha təsdiqləyir. 9 ayın yekunları deməyə əsas verir ki, neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son illər ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.

Son 10 ildə regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən tədbirlər hesabat dövründə də davam etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, doqquz ayın iqtisadi göstəriciləri çox müsbətdir: "İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır".

Hesabat dövründə ölkədə ÜDM istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5, qeyri-neft sektoru 6, qeyri-neft sənayesi 6 faiz artmışdır. Ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz artım əldə edilmişdir. Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur. Ölkənin xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır.

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən 9 ayda investisiya qoyuluşlarının həcminin yüksəlməsidir. Belə ki, hesabat dövründə ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulmuş, bunun 11 milyardı daxili investisiyalar olmuşdur. Sərmayələrin təqribən 60 faizinin daxili investisiyalar olması isə, ilk növbədə, dövlətin investisiya siyasətinin uğurlu olduğunu göstərir. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət qədər normal göstərici sayıla bilər. Həmin göstərici, eyni zamanda regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Hesabat dövründə büdcə vəsaitlərinin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Eyni zamanda müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür.

2014-cü ilin ötən 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil etmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 milyon, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 milyon manat vəsait yönəldilmişdir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.

 

Ölkəmiz rəqabət qabiliyyətini gücləndirir

 

Bütün bunların nəticəsidir ki, Azərbaycan Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında öz mövqelərini yaxşılaşdırmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunmuşdur. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən, tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşmışdır. Son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında bir pillə irəliləmişdir. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında liderliyini qorumuş, ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlamışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ayın 8-də keçirilən iclasında bununla bağlı demişdir: "Deyə bilərəm ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir".

Hesabata əsasən, Azərbaycan biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə 10-cu, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı olmuş, ÜDM-in həcminə görə 70-ci pillədə qərarlaşmışdır. İnflyasiyanın aşağı səviyyəsinə görə isə Azərbaycan lider mövqedədir. Həmçinin "Əmək bazarının səmərəliliyi", "Texnoloji səviyyə", "Maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də ölkəmizin mövqeləri yaxşılaşmışdır. Hesabatda Azərbaycan, həmçinin bəzi alt göstəricilər üzrə ilk 20-liyə daxil olmuş, o cümlədən makroiqtisadi stabilliyə görə 9-cu yeri tutmuşdur.

Prezident İlham Əliyevin 2014-cü il 3 mart tarixdə imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açmışdır. Sənəd biznesin qeydiyyatı ilə bağlı çox mühüm məsələlərin həllinə əlverişli zəmin yaratmış, bu sahədə prosedur və qaydaların təkmilləşdirilməsi, müddətin azaldılması beynəlxalq təşkilatların hesabatlarında biznesə başlama, sahibkarlıq indeksləri ilə ölkəmizin mövqeyinin yaxşılaşmasına mühüm təsir göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyyatı) göstəricisi üzrə dünya ölkələrinin ilk onluğuna daxil edilmişdir.

Hazırda respublikamızda biznes mühitinin və rəqabətqabiliyyətliliyin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilir. 2014-cü ilin sonuna kimi icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, idxal-ixrac əməliyyatları zamanı tələb edilən sənədlərin, müddət və xərclərin azaldılması və digər sahələrdə bir sıra yeniliklər tətbiq olunacaq.

 

Sahibkarlıq mühiti liberallaşır

 

Ümumilikdə son illər ölkədə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında və digər sənədlərdə sahibkarlığın inkişafı məsələsi qırmızı xətlə keçir. Bu proqramların icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri ilə yanaşı, Abşeron və İmişli rayonlarına da öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə rəhbərinin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyənlərə tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

2013-cü ildə Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun dövlət başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuliyyəti və cəzalandırılması məsələləri yer almışdır.

Sahibkarlığın inkişafı son nəticədə ölkədə yeni iş yerlərinin açılmasına və əhalinin rifah səviyyəsinin yüksəlməsinə də imkan yaradır. Ümumiyyətlə, insan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir. Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında da vurğulandığı kimi, regionların sosial-iqtisadi inkişaf proqramlarının nəticəsi olaraq son 10 ildə ölkədə 1 milyon 300 min yeni iş yeri açılmışdır. İclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda işçizliyin səviyyəsi bəzi inkişaf etmiş ölkələrdən də aşağıdır: "Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25-30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada, əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır".

Əhalinin məşğulluğunun artımında icrası başa çatan və hazırda icra olunan digər dövlət proqramlarının da rolunu xüsusi vurğulamaq lazımdır. Məsələn, son illər əhalinin məşğulluğunun təmini məqsədilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədlər imzalanaraq həyata keçirilir. Vətəndaşların əmək hüquqlarının qorunması, sosial müdafiə sahəsində səmərəli tədbirlərin görülməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində digər bir vacib addım 2011-ci il 15 noyabr tarixdə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsidir.

 

Sosial və investisiyayönümlü büdcə

 

Nazirlər Kabinetinin sözügedən iclasında vurğulandığı kimi, 2015-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəricilərinin tərtibi üzrə hazırlıq prosesi qanunvericiliklə müəyyən edilmiş müddətdə başa çatdırılmış, müvafiq büdcə layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər təqdim olunmuşdur. Layihə dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan mənfi təsirləri qiymətləndirilməklə və bu çağırışlarla bağlı büdcədə adekvat həcmdə ehtiyatlar yaradılmaqla tərtib edilmişdir. Bu zaman büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılmış, dövlətin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsinə, habelə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi və icrasına başlanılmış dövlət proqramlarının davam etdirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilmişdir.

2015-ci ilin dövlət büdcəsinin layihəsi deməyə əsas verir ki, qarşıdakı il respublikamızın bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturasından asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2015-cü ildə də qarşıda duran başlıca vəzifələrdəndir. Dövlət büdcəsi layihəsinin təhlili göstərir ki, gələn ilin ali maliyyə sənədində gəlir və xərclərdə artım tempini qoruyub saxlamaq mümkün olacaq. Dövlət başçısının müəyyənləşdirdiyi prioritet istiqamətlərə adekvat olaraq iqtisadi diversifikasiyaya və qeyri-neft sektorunun dövlət büdcəsindəki payının artırılması əsas hədəflərdəndir. Əgər 2013-cü ildə qeyri-neft sektorunun payı büdcədə 26 faiz təşkil edirdisə, 2014-cü ildə bunun 34, gələn il isə 35 faizə çatdırılması nəzərdə tutulur. Bu, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payının təxminən 10 faiz artması deməkdir. 2015-ci ilin gəlirlərinin strukturunda vergi daxilolmalarının həcmi də artaraq 68 faizə yüksələcək. 2015-ci ildə qeyri-neft daxilolmaların həcmi 512 milyon manat və ya bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,9 faiz artacağı proqnozlaşdırılır ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manat və ya 27,8 faiz çoxdur.

Büdcə gəlirlərinin diversifikasiyası, eyni zamanda özünü qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) payının artmasında göstərəcək. Gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizədək yüksəlməsi nəzərdə tutulur və bu da 2014-cü ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,5 faiz, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 8,5 faiz çoxdur. Buna paralel olaraq özəl sektorun ÜDM-dəki payının 83 faizədək yüksələcəyi gözlənilir. ÜDM-nin strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır.

2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 10,3 milyard manat həcmində proqnozlaşdırılır. Əlavə dəyər vergisi büdcə gəlirlərinin 18 faizini, hüquqi şəxslərin mənfəət vergisi isə 12 faizini təşkil edəcək. 2015-ci ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 milyard 662 milyon manat vəsait nəzərdə tutulmuşdur və bu da 2014-cü illə müqayisədə 17 milyon manat və ya 1 faiz azdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Ümumilikdə 2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,8 faiz təşkil edəcəyi gözlənilir. Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti builki qiymətlə müqayisədə 10 faiz az, yəni 90 dollar nəzərdə tutulur. Gələn il neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, büdcənin 53,4 faizi Neft Fondu hesabına formalaşacaq, gəlirlərin 35 faizə yaxını isə qeyri-neft sektorunun payına düşəcək. 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin müdafiə olunmayan xərcləri azaldıla bilər. "Büdcə sistemi" haqqında qanuna əsasən, büdcə gəlirlərinin formalaşmasında çətinlik olarsa, müdafiə olunan (əməkhaqqı, pensiya xərcləri, sosial müavinətlər və s.) xərclər istisna olmaqla digər xərclər azaldıla bilər.

Gələn ilin dövlət büdcəsində ənənəvi olaraq sosialyönümlü xərclər üstünlük təşkil edəcək. Sosial xərclər üçün dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Sosialyönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüd və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınmasına yönəldilməsi nəzərdə tutulur. Təqaüdlərə və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə 24,7 milyon manat çoxdur. Əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat artıqdır.

Ümumilikdə ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiyaların, müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı  tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Sosialyönümlü siyasətin tərkib hissəsi olaraq gələn il sosial ipoteka kreditinin məbləğinin də 25 faiz artırılaraq 50 milyon manata çatdırılması gözlənilir. Faktiki olaraq vətəndaşlar 2015-ci ilin dövlət büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, İpoteka fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan əlavə kreditlərdən, respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanma imkanlarına malik olacaqlar. 2015-ci ildə İpoteka proqramı çərçivəsində dövlət büdcəsi və digər mənbələrlə birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılması gözlənilir.

2015-ci ilin dövlət büdcəsində təhsil xərclərində də artım proqnozlaşdırılır. Əgər 2014-cü ildə bu sahəyə 1,6 milyard manat ayrılmışdısa, 2015-ci ildə 1,7 milyard manat nəzərdə tutulur. Səhiyyə xərclərinə 777,7 milyon manat və ya 7,2 faiz çox vəsaitin ayrılması gözlənilir. Bundan əlavə, gələn il ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi prioritet istiqamətlərdən biri olacaq. Dövlət büdcəsindən 1,8 milyard manat müdafiə xərclərinə yönəldiləcək və bu da 2014-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 8,6 faiz artım deməkdir.

Nazirlər Kabinetinin 2014-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası bir daha göstərdi ki, respublikamız Avropa ölkələrində qlobal böhranın təsirlərinin hələ də qabarıq duyulduğu bir şəraitdə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində öz sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda gələcəyə nikbin baxış formalaşmışdır.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 31 oktyabr.-  S.5.