Bakıda “Sələflər
və xələflər” birinci Beynəlxalq
simpoziumu başa
çatıb
Oktyabrın 24-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya
Resursları Mərkəzində böyük mütəfəkkir
Əli bəy Hüseynzadənin 150 və görkəmli
türkoloq, dilçi alim, akademik Məmmədağa Şirəliyevin
105 illik yubileylərinə həsr olunan “Sələflər və
xələflər” birinci Beynəlxalq simpoziumunun bölmə
iclasları keçirilib.
AzərTAc xəbər verir ki, türkiyəli professor Şərif Əli Bozkaplan və dosent Elçin İbrahimovun həmsədrliyi ilə keçirilən “Ortaq türkcə: əlifba, imla, termin” bölməsində Azərbaycan və Türkiyə alimləri çıxış ediblər.
İclasda türkiyəli professorlar Şükrü Haluk Akalının “Türk dünyası ortaq ünsiyyət dilinin tanıdılmasında termin çalışmalarının önəmi. İnformasiya terminləri örnəyi”, Ərdoğan Uyğurun “Ortaq ədəbi dil anlayışı və Türkiyə-Azərbaycan dil əlaqələri”, dosent Aygül Hacıyevanın “XIX-XX əsrlərdə türk dünyasında “cədidizm” və digər mövzularda ümumilikdə doqquz məruzə dinlənilərək müzakirə edilib.
“Türk dilləri: axtarışlar, problemlər” bölməsinə ingiltərəli professor Elizabetta Raqaqnin və professor Məhərrəm Məmmədov həmsədrlik ediblər. Bu bölmənin iclasında Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin məruzələri dinlənilib.
Simpoziumun sonuncu bölməsi “Dilin tarixinə nəzər” mövzusuna həsr olunub. Qazaxıstanlı professor Erden Kajıbek və dosent Vahid Zahidoğlunun həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan və Türkiyə dilçilərinin məruzələri böyük maraq doğurub.
Hər üç bölmədə məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Daha sonra simpoziumun bağlanışı olub.
Tədbirdə AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, simpoziumun təşkilat komitəsinin
sədri, akademik Tofiq Hacıyev Bakıda üç gün davam edən beynəlxalq tədbirin öz işini uğurla başa çatdırdığını,
bölmə iclaslarında
türkologiya elminin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını
bildirib.
Təşkilat komitəsinin
sədri tədbirdə
Türkiyə, Şimali
Kipr, Albaniya, Qazaxıstan, Özbəkistan,
İngiltərə və
Çin də daxil olmaqla, ümumilikdə, 12 ölkədən
33 alimin iştirak etdiyini, iki ildən
bir keçiriləcək
simpoziumun coğrafiyasının
ildən-ilə genişlənəcəyinə,
fəaliyyətinin daha
da səmərəli olacağına əminliyini
vurğulayıb. Akademik T.Hacıyev
tədbirin keçirilməsinə
göstərilən dəstəyə
görə Azərbaycan
Prezidenti İlham Əliyevə iştirakçılar
adından minnətdarlığını
bildirib.
Türkologiya elminin inkişafında Azərbaycanın çox
mühüm rolunun olduğunu qeyd edən alim bildirib ki, Birinci
Türkologiya Qurultayı
da 1926-cı ildə Bakıda keçirilib. Həmin qurultayda
türk dillərinin problemləri geniş müzakirə olunub.
Birinci Türkologiya Qurultayının
90 illiyinə həsr olunan ikinci qurultayın
2016-cı ildə Bakıda
keçirilməsi nəzərdə
tutulur. “Sələflər və xələflər” birinci Beynəlxalq simpoziumu həmin tədbirə hazırlıq məqsədi
daşıyır.
Akademik T.Hacıyev simpozium iştirakçılarına təşəkkürünü
bildirib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb.
Türkiyəli professorlar
Zeynəb Korkmaz, Şükrü Haluk Akalın, Şərif Əli Bozkaplan, Həmzə Zülfikar, Nəcati Dəmir, Mustafa Erden, qazaxıstanlı alim Erden Hajıbek,
azərbaycanlı professorlar-
Prezident təqaüdçüsü
Aydın Məmmədov,
Mehman Musaoğlu və digər çıxış edənlər
də müxtəlif ölkələrdən tanınmış
dilçi alimləri bir araya toplayan
simpoziumun əhəmiyyətini
xüsusi vurğulayıblar.
Müasir dünyada elmin
mühüm rolunu qeyd edən natiqlər bu sahəyə daim diqqətin artırılmasının
vacibliyini vurğulayıb,
bu cür görüşlərin davamlı
olmasını, müxtəlif
ölkələrdə keçirilməsini
arzulayıblar.
Sonda simpozium iştirakçıları
adından Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
müraciət qəbul
olunub.
Bununla da
Bakıda böyük mütəfəkkir
Əli bəy Hüseynzadənin 150 və akademik
Məmmədağa Şirəliyevin 105 illik
yubileylərinə həsr olunan üçgünlük “Sələflər və
xələflər” birinci Beynəlxalq simpoziumu öz işini başa
çatdırıb.
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.6.