Vətənpərvər
nəsil yetişir
Respublika Təhsil Nazirliyi ölkəmizin qərb
bölgəsinin sərhəd zonasında təhsilin keyfiyyəti
və gənclərin vətənpərvərlik tərbiyəsi
ilə əlaqədar əməli, işgüzar
tədbir keçirmişdir
Tovuz rayonu dağlıq bölgədə 69 kilometr Ermənistanla həmsərhəddir. Xüsusən Hacallı, Əlibəyli, Ağdam, Koxa Nəbi, Ağbulaq və Qaralar kəndləri ön mövqedə yerləşir. Bunların hər biri, əslində, qəhrəman kənddir. Ötən əsrin 90-cı illərinin ən müdhiş günlərindən bəri burada vaxtaşırı gərginlik yaranır, namərd qonşular bu cənnətməkan guşəni sarsıtmağa çalışırlar. Bölgənin qorxubilməz sakinləri isə elə ilk gündən mərdanə dayanaraq düşmənin hər zərbəsinə layiqincə cavab verir, öz ata-baba yurdlarını qətiyyətlə qoruyurlar. Qanlı döyüşlərdə 38 nəfər şəhid verilib. Qasım Rzayev və Naiq Yusifov Milli Qəhrəman adına layiq görülüblər.
Hacallı kəndi öz strateji mövqeyinə görə daha çox fərqlənir. Uca dağların qoynunda düşmənlə üz-üzə dayanıb. Baxırsan, namərd qonşuların mövqeləri, yaşayış yerləri aydın görünür. Görüş iştirakçıları əvvəlcə bu qəhrəman kəndin vəziyyəti ilə tanış oldular. Neçə qapıda, neçə divarda, neçə evin damında güllə yerləri var. Təkcə bir darvazanın üstündə 13 güllə "yara"sını saydıq. Onlarca evin barısı dağılıb, dam örtüyü yararsız hala düşüb.
Hacallı kəndində iki minə yaxın adam yaşayır. Vətənin ən ağır günlərində heç kəs ata yurdunu tərk etməyib. Düşmənin bütün fitnə-fəsadlarına baxmayaraq, hamı əmin-arxayın yaşayır. Hər kəs öz gündəlik işi ilə - maldarlıqla, əkin-biçinlə məşğuldur, odur ki, həyat öz axarı ilə davam edir.
Görüş iştirakçıları Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan məktəbə gəldilər. İkimərtəbəli, yaraşıqlı məktəbin divarlarında, qapı və pəncərələrində də çoxlu güllə izləri görünürdü. Tədbirə xeyli adam yığışmışdı: kənd sakinləri, ziyalılar, valideynlər, müəllimlər, yuxarı sinif şagirdləri... Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov dərslərin gedişi ilə maraqlandı, müdafiə məqsədilə görülən işləri, arzu və istəkləri xəbər aldı.
Fransız dili müəllimi Kəmalə İsgəndərova dedi ki, burada hər kəs özünü əsl döyüşçü kimi hiss edir. Hamının qəlbində nadan düşmənə kin-küdurət çağlayır. Qaynım Zakir Məmmədov hərbçi idi. Döyüş zamanı həlak oldu. İndi iki qızı qalıb. Qayınanam Bəsti həyətdə təsərrüfat işləri görərkən düşmən gülləsinə tuş gəlib.
Dil-ədəbiyyat müəllimi Səmayə Hüseynova bildirdi ki, qırx üç ildir bu məktəbdə işləyir. Burada təkcə bilikli, bacarıqlı şagirdlər yox, eyni zamanda, sözün tam mənasında, vətənə məhəbbət, düşmənə nifrət bəsləyən əsl vətənpərvərlər yetişir.
Qocaman müəllim Novruzəli Musayev bir ovuc güllə-giliz göstərərək söhbətə qoşuldu:
- Bunların hamısını məktəbimizin həyətindən yığmışam. Şagirdlərimiz gərgin günlərə o qədər alışıblar ki, heç kəs güllə səslərini eşidəndə qorxub çəkinmir. Əksinə, hamı namərd düşmənə layiqli cavab verməyə can atır.
İkinci mərtəbəyə çıxdıq. İşıqlı, yaraşıqlı otaqda baş leytenant Fərrux Səfərov yuxarı sinif şagirdlərinə müxtəlif növ silahların, o cümlədən, avtomatların quruluşundan və digər xüsusiyyətindən danışırdı.
Sonra bir neçə şagird müxtəlif növ silahları söküb, təmizləyib səliqə ilə yığdı.
Tovuzun hər yerində olduğu kimi, Hacallı kəndində də fiziki cəhətdən sağlam gənclər hərbi məktəblərə daxil olmaq üçün hazırlanırlar. Ötən il Qasım Rzayev adına məktəbin məzunlarından beş nəfər ali hərbi məktəblərə daxil olub. Ramin Əkbərov, Mirseyid Şirinov, Xəyal Məmmədov, Xəyyam Məmmədov, Kənan Şirinov, Müşviq Qarayev, Tural Talıbov, Daşqın Fərhadov və başqaları müxtəlif illərdə hərbi ali məktəbləri bitiriblər. İndi onlar Milli Ordu sıralarında xidmət edirlər. Məktəblilər sonra "N" hərbi hissəsinə gedərək döyüş texnikasının "sirləri" ilə tanış oldular.
Səhəri gün görüş iştirakçıları Qazax rayonunun Çaylı və Aslanbəyli kəndlərində təhsilin təşkili, hərbi-vətənpərvərlik tərbiyəsinin vəziyyəti, gənclərin arzu və istəklərini öyrəndi. Təhsil Nazirliyinin bu maraqlı, məzmunlu tədbiri gənclərin qəlbində unudulmaz xatirə yaratdı. Söhbət etdiyimiz oğlan və qızlar həvəslə, ürəklə deyirdilər: "Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın müdafiəsi sahəsində gördüyü hər bir tədbir ürəyimizdən xəbər verir".
Sərhəd bölgəsində, ön təmas xəttində gördüyümüz gənclərin yekdil sözü isə belə oldu:
- Düşməndən qisas almağa, torpaqlarımızı azad etməyə, ümumən vətənin müdafiəsinə hazırıq.
Əhməd İSAYEV
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.6.