Tədqiqatlarında yenilikləri ilə seçilir

 

Hər bir elm sahəsində elə tədqiqatçılar var ki, onlar yüksək səviyyəli  mütəxəssislər, böyük elmi nəticələrin müəllifləri olsalar da, heç vaxt nəzərə çarpmağa çalışmırlar, təriflənmələrini ağıllarına belə gətirmirlər. Onlar yüksək adlar və vəzifələr almaq üçün də cəhdlər göstərmirlər, lakin hər cür hörmətə layiq olurlar. Bu insanlar daim elmi yenilikləri, əsərləri, yetişdirdikləri mütəxəssisləri ilə qürur duyur, öz prinsipial mövqeləri, müsbət keyfiyyətləri ilə seçilirlər. Belələrini sözün həqiqi mənasında elm fədailəri adlandırırlar.

Bu keyfiyyətləri özündə cəmləşdirən insanlardan biri də Bakı Dövlət Universitetinin professoru Kazım Qara oğlu Həsənovdur. Sadəlik, alicənablıq, qayğıkeşlik, təmkinlilik, təvazökarlıq, həssaslıq Kazım müəllimin şəxsiyyətinin səciyyəvi cəhətləridir. Bütün bunlar onu başqalarından fərqləndirir və yenilməz edir. K.Həsənovun həyatı ziyalılığın, alimliyin, müəllimliyin birgə vəhdətinin ifadəsidir. O, bu illər ərzində təkcə  peşə vəzifəsini deyil, həm də ziyalı, vətəndaş vəzifəsini də məsuliyyətlə yerinə yetirir. Kazım müəllim kimi alimlər elm üçün təşnədirlər, ömürləri boyu öyrənməyə, öz sahələrində hər şeyi mənimsəməyə, ən sonuncu suala qədər çözməyə, araşdırmağa çalışırlar. Bax, elə alim şəxsiyyətinin formalaşması, yetkinləşməsi də buradan başlayır. Sadə, təvazökar, iddiasız...

K.Həsənov 1934-cü ildə Tovuz rayonunun Aşağı Əyyublu kəndində anadan olub. Atası müharibədən qayıtmadığından o özündən kiçik qardaşı ilə birlikdə anasının himayəsində qalıb. Uşaqlıq və yeniyetməlik illərinin ağır keçməsinə baxmayaraq orta məktəbi yüksək qiymətlərlə bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olub, 1958-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fakültə Elmi Şurasının qərarı ilə universitetdə saxlanılıb, həmin ildə əyani aspiranturaya daxil olub. 1961-ci ildə akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə  "Kvazi- xətti hiperbolikparabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin il ADU-nun (indi BDU) nəzdindəki Hesablama mərkəzində şöbə müdiri vəzifəsinə təyin edilibeyni zamanda Funksional analizfunksiyalar nəzəriyyəsi kafedrasında funksional analiz, inteqral tənliklər, diferensial tənliklər fənlərindən mühazirə və məşğələlər aparıb. O, xüsusi törəməli tənliklər sahəsində tədqiqatlarını davam etdirməklə bərabər, optimal idarəetmənin riyazi nəzəriyyəsi sahəsində əsası 1965-ci ilin mayında professor Qoşqar Əhmədov tərəfindən qoyulmuş elmi seminarın ən fəal üzvlərindən biri olubaz vaxtdan sonra respublikamızda bu sahədə məktəb yaranıb.

Keçmiş ittifaqda optimal idarəetmənin riyazi nəzəriyyəsi sahəsində qəbul olunmuş yeddi elmi məktəbdən biri, məhz Azərbaycan optimal idarəetmə məktəbidir və onun yaranmasında və inkişafında K.Həsənovun böyük xidməti var. Kazım müəllim seminarın fəal iştirakçılarından birincisi idi. İlk bir neçə ay həftənin altı günü məruzəçi olurdu. Bir müddətdən sonra məlum oldu ki, məruzələrə hazırlaşmaqla bərabər o, optimal idarəetmənin riyazi üsulları sahəsində ilk elmi nəticə alıb və bu nəticə Q.Əhmədovun imzası ilə birlikdə elmi məqalə kimi nəşr olunur. Sonra isə Kazım müəllim və tələbələri bu sahədə aldıqları nəticələri sovetlər ittifaqının nüfuzlu elmi məcmuələrində çap etdirirlər. Bunun ardınca professor Q.Əhmədovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda keçmiş ittifaqda optimal idarəetmə nəzəriyyəsi üzrə ilk ümumittifaq elmi konfrans keçirilir. Həmin  konfransın iştirakçıları yekdilliklə etiraf edirlər ki, Azərbaycanda bu sahədə artıq sanballı elmi məktəb yaranıb.

Optimal idarəetmə nəzəriyyəsi üzrə tədqiqatlara başlamazdan əvvəl də Kazım müəllim xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bir çox məsələlərinin tədqiqi sahəsində tanınmış mütəxəssis idi.

Hazırda o, xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin həllərinin varlığı və xassələrinin  tədqiqi; meyil edən arqumentli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin müxtəlif  məsələlərinin tədqiqi; xüsusi törəməli diferensial tənliklərlə və meyil edən arqumentli diferensial tənliklərlə təsvir olunan proseslərdə optimal idarəetmə nəzəriyyəsində optimallıq üçün zəruri şərtlər, kafi şərtlər, optimal idarəedicinin varlığı,  optimal idarəedicinin təqribi qurulması məsələləri istiqamətində tədqiqatlar aparır.

Bu istiqamətlər üzrə Kazım müəllimin rəhbərliyi ilə 30-dan çox tədqiqatçı namizədlik, onlardan da 4-ü elmlər doktoru dissertasiyası müdafiə edib. Qeyd edək ki, həmin tədqiqatçıların hər birinin dissertasiyasının ərsəyə gəlməsində Kazım müəllimin böyük əməyi var. O, hər gün saatlarla elmi rəhbəri olduğu gənc alimlərlə birlikdə alınan elmi nəticələri müzakirə edir və onları dəqiqləşdirirdi. Onun tələbələri Bakı, Sumqayıt, Gəncə şəhərlərindəki ali məktəblərdə və Özbəkistanın Daşkənd, Səmərqənd şəhərlərində  fəaliyyət göstərir.

Kazım müəllimin xüsusi törəməli diferensial tənliklər sahəsində və optimal idarəetmənin  riyazi nəzəriyyəsi sahəsində aldığı nəticələrin əhəmiyyəti mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilib. Akademiklər Ə.İ.Hüseynov, M.L.Rəsulov, C.E.Allahverdiyev, AMEA-nın müxbir üzvləri Q.T.Əhmədov, Y.C.Məmmədov, Y.Ə.Məmmədov və başqaları professor K.Həsənov haqqında həmişə fəxrlə danışıblar. Görkəmli alimin aldığı nəticələr  haqqında deyilən fikirlərdən birini yada salaq. 2013-cü ilin iyul ayında Bolqarıstanda keçirilən "Optimal idarəetmə və praktik tətbiqlər" (COIA) adlı IV Beynəlxalq konfransda Kazım müəllim xüsusi törəməli diferensial tənliklər üçün optimal tənzimləmə məsələsində aldığı yeni elmi nəticə ilə çıxış etdikdən sonra, Kiyevdən olan dünyada tanınmış alim, professor V.B.Larin söz alaraq deyib ki, xüsusi törəməli diferensial tənliklər üçün belə yeni nəticənin alınması optimal idarəetmə nəzəriyyəsində böyük müvəffəqiyyətdir. K.Q.Həsənov həqiqi klassikdir.

Kazım Həsənov yaxşı alim olmaqla yanaşı, həm də gözəl müəllimdir. İndibiz imkan düşdükcə onun "Adi diferensial tənliklər",  "Variasiya hesabı və optimallaşdırma üsulları" və müxtəlif ixtisas fənlərindən oxuduğu mühazirələrdə iştirak edirik. Bu mühazirələrdə o, mücərrəd faktları da orta səviyyəli tələbənin başa düşəcəyi aydın və yığcam şəkildə ustalıqla izah edir, teoremləri və təklifləri yüksək bacarıqla, bütün incəlikləri gözləməklə isbat edir. Həmin mühazirələr əsl riyaziyyatçı olmaq istəyənlərdə məntiqi mühakimə aparmaq qabiliyyəti yaradır.

Kazım Həsənov həm də yaxşı müəllifdir. Onun həmmüəllif olduğu "Adi diferensial tənliklər" (Bakı, Maarif, 1978) dərsliyi mütəxəssislər  tərəfindən yüksək qiymətləndirilir, respublikamızın ali riyaziyyatın tədris olunan bütün universitetlərdə və Türkiyə Respublikasının müxtəlif ali məktəblərində istifadə edilir. Bu dərsliyin yüksək qiymətləndirilməsində Kazım müəllimin dəst-xətti aydın görünür. Onun "Optimallaşdırma üsulları" (BDU nəşriyyatı, Bakı, 1987) dərs vəsaiti həm bu sahədə dərs deyənlərin, həm də tələbələrin stolüstü kitabıdır. Kazım Həsənov uzun illər dərs dediyi funksional analizinteqral tənliklər fənlərindən də yazılmış dərs vəsaitlərinin həmmüəllifidir ("Funksiyalar nəzəriyyəsi və funksional analiz", Sumqayıt, 2010; "Xətti inteqral tənliklər", Bakı, Elm və Təhsil, 2014). Bu dərs vəsaitlərində də Kazım müəllimin dəst-xətti özünü göstərir. Hazırda o, tələbələri olmuş professorlar Hamlet QuliyevŞakir Yusibovla "Optimallaşdırma üsulları" adlı yeni dərslik üzərində işləyir.

Ayrıca qeyd edək ki, Kazım müəllimin özünəməxsus hazırcavablığı var. O, az danışan, daha çox qulaq asmağı sevənlərdəndir. Müstəqil düşüncəyə malik maraqlı bir şəxsiyyətdir. Qayğıkeş elmi rəhbər, məsləhətçi, rəsmi opponent kimi əvəzsiz xidmətləri var.

Kazım Həsənov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Lüdmila xanım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dosenti, qızı Mehriban tibb elmləri namizədidir və ginekologiya sahəsində tanınmış mütəxəssisdir, kiçik qızı Leyla isə atasının yolu ilə gedərək fizika-riyaziyyat elmləri  namizədidir və BDU-nun Ali cəbr və həndəsə kafedrasının dosentidir. Bütün bu qeyd olunanlara görə Kazım müəllimin ailəsini alimlər ailəsi adlandırmaq olar. Bu ailədə dörd nəvə böyüyür.

Kazım müəllimin təhsil sahəsindəki xidməti dövlətimiz tərəfindən də qiymətləndirilib. Ölkə başçısının 31 oktyabr 2009-cu il  tarixli sərəncamı ilə ona əməkdar müəllim fəxri adı verilib.

Yaşının belə müdriklik çağında Kazım müəllim elmipedaqoji fəaliyyətini davam etdirir. Həmişə olduğu kimi, yüksək səviyyədə dolğun, əhatəli mühazirələr oxuyur.

Kazım müəllimə cansağlığı və yeni nailiyyətlər arzulayırıq.

 

Məmməd YAQUBOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 

Nizaməddin İSGƏNDƏROV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S.7.