Qubadlı rayonunda təhsil sahəsində yüksək nailiyyətlər qazanılıb

 

Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin akt zalında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.

Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə qül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Konfransda rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva məruzə ilə çıxış edərək hər il olduğu kimi, 2013-2014-cü tədris ilində də rayonun təhsil sahəsində yüksək nailiyyətlər qazanıldığını xüsusi qeyd etdi. O, bu uğurları dövlət başçısının təhsil sahəsinə göstərdiyi xüsusi qayğının nəticəsi kimi qiymətləndirdi.

Məruzədə qeyd olundu ki, məhz bu qayğı sayəsində rayonda fəaliyyət göstərən məktəblər yeni dərs ilinə hazırdır. Məktəblərin mütləq əksəriyyətində müasir istilik sistemi quraşdırılıb, bütün təhsil müəssisələri lazımi inventarlarla təchiz olunub.

Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu tədris ilində orta  məktəbi bitirən 355 məzundan 170 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında iştirak edənlərin 60 faizi tələbə adını qazanıb.

Bildirildi ki, bu il tələbə adını qazananların 21 nəfəri  500-dən yuxarı, 8 nəfəri isə 600-dən yuxarı bal toplayanlardır.

Qeyd olundu ki, ötən dərs ilində IX siniflərdə mərkəzləşmiş imtahanlarda iştirak edən 556 şagirdin 74 faizi, XI sinif imtahanlarında məzunların 88 faizi müvəffəq qiymət alıb.

Konfransda çıxış edənlər ötən dərs ilinin Qubadlı rayonu üçün uğurla nəticələndiyini qürur hissi ilə vurğuladılar, bunun  ölkəmizdə aparılan siyasətin məntiqi nəticəsi olduğunu minnətdarlıqla qeyd etdilər. Rayon rəhbərliyinin digər sahələrdə olduğu kimi, məktəb tikintisi istiqamətində həyata keçirdiyi tədbirlərin də ictimai rəğbət doğurduğu bildirildi.

Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işin yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. O qeyd etdi ki, bu gün Azərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunur, təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülür.

Bu siyasətin uğurlu nəticələrinin Qubadlı rayonunun həyatında da parlaq əks olunduğunu vurğulayan icra hakimiyyətinin başçısı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini dedi.

Qubadlı rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danışan M.İsaqov qeyd etdi ki, bunlarla kifayətlənmək olmaz. Çünki yaradılmış baza daha yüksək göstəricilər üçün zəmin yaradır.

Tədbirdə yüksək balla ali məktəblərə daxil olan məzunlara və təhsil sahəsində xüsusi fərqlənən pedaqoji işçilərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

Konfransın iştirakçıları  rayonun təhsil işçiləri adından  Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.4.