Mətbuat
nümayəndələri ölkənin taleyüklü
məsələlərinə münasibətdə əsl vətəndaş
mövqeyi, milli təəssübkeşlik
nümayiş etdirməlidirlər
Akademik Ramiz MEHDİYEV: "Vətənpərvərlik,
milli dövlətçiliyə sədaqət,
milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin
başlıca elementlərini təşkil etməlidir"
Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır. 2003-ci ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura ötən illərdəki uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda, mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.
Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Dövlət başçısı ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları bir daha təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və iyulun 22-də 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi.
Ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzalayıb. Sərəncama əsasən mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Cənubi Qafqazda və MDB məkanında KİV-lərin kəmiyyəti və keyfiyyəti baxımından öncül yerlərdən birini tutur. Bu gün Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir.
Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Jurnalistin sosial məsuliyyəti ifadəsi son illər daha sürətli şəkildə jurnalistikanın həm nəzəri, həm də təcrübi sahəsində ümumişlək leksik vahidə çevrilməkdədir. Sosial məsuliyyət nəzəriyyəsinə görə jurnalistikanın əsas məqsədi məlumat vermək, əyləndirmək, satışa çıxmaq və ən əsası isə cəmiyyətdəki mübahisələri, münaqişələri diskussiya məcrasına doğru istiqamətləndirməkdir. Məlum nəzəriyyəyə əsasən, mətbuatdan deməyə sözü olan hər kəs istifadə edə bilər. Bu nəzəriyyə jurnalistlərin şəxsi həyata, vacib ictimai maraqlara müdaxiləsini qadağan edir.
Sosial məsuliyyət adı altında ümumiləşdirilən hədd və normalar əsas etibarilə bu azadlıqdan sui-istifadə hallarına qarşı yönəlir. Jurnalistin sosial məsuliyyəti onun cəmiyyət qarşısında boynuna götürdüyü yükdür. Tirajlanan söz çox böyük məsuliyyət tələb edir. Tədqiqatçı araşdırmaları jurnalistin sosial məsuliyyət tarixinin jurnalistikanın bir sənət kimi tam formalaşması tarixindən də əvvələ təsadüf etdiyini sübuta yetirib. Dünya ölkələrinin qəzetçilik təcrübəsindən bəllidir ki, yazılan sözün tirajlanma imkanının yaranması ilə jurnalistikanın üzərinə məsuliyyət öhdəliyi götürdüyü dövr təxminən eyniyyət təşkil edir. Ümumilikdə cəmiyyət üçün nəzərdə tutulan söz məhdud dairədə deyilən sözdən dəfələrlə artıq məsuliyyətlə işlənməlidir. Bu məsuliyyət kateqoriyasına həqiqət və obyektivlik, vicdanlılıq və alicənablıq, bəşəri dəyərlərə sədaqət, peşə həmrəyliyi, şəxsi həyata hörmət, qərəzsizlik və təmizlik kimi keyfiyyətlər də daxildir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində bu məqamlara xüsusilə toxunulmuşdur. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə akademik Ramiz Mehdiyev bildirib: "Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın Konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Təəssüflər olsun ki, antimilli xarakterə malik, fəaliyyətlərində qara piar metodundan kifayət qədər istifadə edən bəzi xarici media strukturları və onların ölkəmizdəki "tərəfdaşları" Azərbaycanda aparılan işlərə kölgə salmağa və ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Bir müddət əvvəl bəzi "hüquq-müdafiə təşkilatları"nın xüsusilə də "Freedom House", "Human Rights Watch", "Amnesty International" və bir sıra kütləvi informasiya vasitələri Azərbaycan haqqında həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Adları çəkilən təşkilatlar və onların maliyyə dəstəyi ilə hərəkət edən KİV-lər L.Yunusovanın azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə çağırış etmişdilər. "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "BBC Azərbaycan"nın erməni təxribatlarının müdafiəçisi rolunda çıxış etmələri cəmiyyətdə böyük narazılıqla qarşılanmışdır.
Azərbaycanda həyata keçirilən kompleks tədbirlərə qara eynəklə baxan antiazərbaycançı şəbəkəyə ölkəmizdəki bəzi media qurumlarının dəstək verməsi həmin dairələrin milli maraqlarımızı satmaqla məşğul olduqlarını bir daha sübuta yetirdi. Ölkəmizin sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur. Müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirmişdi: "Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, "5-ci kolon"unu formalaşdırmağa nail olublar. Sxem çox sadədir. Həmin QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır. Növbəti mərhələdə bu yalanlar müxtəlif rəsmi dairələrin tribunalarından səsləndirilir və hesabatlara daxil edilir. Absurd "siyasi məhbus" siyahıları, guya insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti institutlarına və KİV-lərə, jurnalistlərə "təzyiqlər" barədə uydurmalar, bütün dünyada mövcud olan korrupsiya probleminin məhz Azərbaycanda əsassız şəkildə şişirdilməsi və digər məsələlər bu məqsədyönlü, təxribat xarakterli fəaliyyətin, işbirliyinin nəticəsidir".
Xarici antiazərbaycançı dairələrin təsiri altında olan bu qüvvələr məhz şəxsi ambisiyaları uğrunda mubarizə apararaq milli maraqlarmızı satmaqla məşğuldurlar. Bəzi media qurumları Azərbaycan Ordusunda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçularla bağlı məsələyə də özünüməxsus tərzdə münasibət bildirdilər. Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Görməmişik ki, ermənilər bu yolla getsinlər, belə halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu qaldırırlar, hətta itkilərini belə gizlədirlər. Hər bir məsələdən siyasi divident götürməyə vərdiş edən antimilli dairlərin belə bir mövqeyi yalnız ikrah hissi doğurur. Həmin destruktiv dairələrin milli dəyərlərimizə, məfkurə və düşüncə sisteminə, mentalitetinə zidd olan ikrahdoğurucu təbliğatına qarşı hər bir cəmiyyət üzvü barışmaz mövqe tutmalıdır.
Akademik Ramiz Mehdiyev müşavirədə bu məsələlərə də geniş toxunub: "Avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilməsi və Karen Petrosyan adlı diversantın yaxalanması ilə bağlı agentliklərin və Müdafiə Nazirliyinin yaydıqları məlumatlar arasında yaranmış ziddiyyətləri buna misal kimi göstərmək olar. Lakin rəsmi orqanların müvafiq xəbərdarlıqlarından heç bir nəticənin çıxarılmaması KİV əməkdaşlarının məsuliyyətsizliyindən kifayət qədər ciddi xəbər verir. Yeni bir fakt: digər bir sayt Müdafiə Nazirliyinin açıqlamasını gözləmədən avqustun 26-da Qazax rayonunun Kəmərli kəndində növbəti erməni diversantının saxlanması haqqında düzgün olmayan, səhv məlumat yayıb. Onun ardınca başqa saytlar dərhal bu məlumatı səhifələrinə yerləşdiriblər. Prezident Administrasiyasının müdaxiləsindən sonra həmin məlumat saytlardan çıxarılıbdır. Lakin bir neçə saat keçdikdən sonra həmin məlumat yenidən saytların birində yerləşdirilib və digər resurslar da, hətta xəbərdarlıq olunmuş saytlar da onu təkrar veriblər. Bu məsələ bizim tərəfimizdən araşdırılıb və rayon icra hakimiyyətinin Kəmərli kəndi üzrə nümayəndəsi bu məlumatı yaydığına görə vəzifəsindən azad olunub. O, məlumatı diversantın verdiyi informasiya həcmində yayıb və bununla da faktiki olaraq erməni tərəfinə müəyyən sirləri çatdırıb. Bundan sonra belə faktların qarşısını almaq üçün biz ciddi tədbirlər görəcəyik".
Əlbəttə, bütün bunlardan nəticə çıxarmalı, milli maraqlarımız qorunmalıdır. Mətbuatımız saflaşmalı, peşəkarlıq artmalıdır. KİV əməkdaşları əsl jurnalistika prinsipləri ilə çalışmalı, cəmiyyəti obyektiv informasiya ilə təmin etməlidir.
Elnur HACALIYEV
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.3.