Naxçıvandan başlanan böyük
missiya
1991-ci il sentyabrın
3-də ulu öndər Heydər Əliyev Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri vəzifəsinə
seçilmişdi
Ötən əsrin 80-ci illərinin
sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi
bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi
ilə həllini tapa biləcəyinə inanır, təkidlə
respublika rəhbərliyinə qayıtmasını tələb
edirdi. Çünki o illərdə cərəyan edən
proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi
iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə
münasibətdə aşkar şəkildə bu ölkənin
mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana
qətiyyətli rəhbər lazımdır. Bu rəhbər
isə yalnız Heydər Əliyev ola bilərdi.
Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin xilas missiyasına
Naxçıvandan başladı. Ulu öndərin
Naxçıvanın çətin vaxtlarında buraya
qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən
sovuşdurdu. Ən əsası bu
qayıdışla Azərbaycanda müstəqillik uğrunda
mübarizə özünün yeni mərhələsinə qədəm
qoydu, imperiya qüvvələri ilə mübarizə daha da
genişləndi. Xalqımızın dahi
oğlunun alovlandırdığı istiqlal mücadiləsi
milli dirçəliş prosesinin bütün Azərbaycanda
aparıcı qüvvəyə çevrilməsinə, milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib
çıxardı.
Ulu öndər Heydər
Əliyevin Naxçıvana qayıdışı Azərbaycan
SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə
seçki kampaniyası ilə bir vaxta
düşmüşdü. Babək rayonunun əməkçiləri
ilə görüşdə Heydər Əliyevin 340 nömrəli
Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq
deputatlığına namizədliyi irəli
sürüldü. Keçirilən
seçkilər zamanı Heydər Əliyev həm respublika
parlamentinə, həm də Naxçıvan Ali Məclisinə
deputat seçildi. Həmin il
noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci
sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi
ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adını dəyişərək
Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırıldı.
SSRİ hökumətinin hələ fəaliyyətdə
olduğu dövrdə Naxçıvan MSSR-in adından
"Sovet Sosialist" sözlərinin
çıxarılması Heydər Əliyevin sarsılmaz
siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində
mümkün olmuşdu. Eyni zamanda, həmin
sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan
MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi
adlandırılması da sadəcə redaktə xarakterli
düzəliş deyildi. Bu, dünyada Sovet
İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər
üstündə quran möhtəşəm bir ölkənin
siyasi strukturunda dəyişiklik edilməsi demək idi.
Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin
çıxarılması, Naxçıvan MR Ali Soveti
formatında "Soveti" ifadəsinin "Məclisi"
sözü ilə əvəz edilməsi əslində tam mənası
və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən
çıxmaq, bu dövlətin çərçivəsində
müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan
başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il
sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq
Cümhuriyyəti dövründə qəbul edilmiş
üçrəngli bayrağın Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi qəbul
edilməsi barədə yekdilliklə qərar qəbul
edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər
Əliyevin təşəbbüsü ilə həmin milli
mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə
gətirilmişdi. Bütün bunlar yalnız və
yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik
edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin,
yüksək azərbaycançılıq idealının, həm
də qeyri-adi cəsarətinin sayəsində həyata
keçirimişdi.
Azərbaycan xalqının
qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə
də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi
tərəfindən verildi. Xalq deputatı Heydər
Əliyev "1990-cı il yanvar ayında törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında" qərar layihəsini işləyib Ali Məclisin
sessiyasının müzakirəsinə təqdim etdi. Həmin
gün Ali Məclisin binası önünə toplanmış
xalq kütlələrinin ciddi tələbi, muxtar respublika
deputatlarının fəallığı və Heydər
Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul
olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə
düzgün siyasi qiymət verilmiş, bu hadisədə
SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin
də böyük günahı qeyd olunmuş və onların
adları açıq göstərilərək məsuliyyətə
cəlb edilmələri tələb edilmişdi.
1991-ci il
sentyabrın əvvəllərində Naxçıvan
MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını
həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə
özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin
fövqəladə sessiyasında Heydər Əliyev
Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində
böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə
idi.
1991-ci ilin ikinci
yarısından etibarən Azərbaycanda hakimiyyət
böhranının dərinləşməsi demək olar ki,
son həddə çatmışdı. Etibarını
itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini
də itirməkdə idi. Naxçıvan Vilayət
Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin
sessiyalarının keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər
yerində olduğu kimi, Naxçıvanda da sözün əsl
mənasında elan olunmamış fövqəladə şərait
yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3
sentyabr 1991-ci il tarixli fövqəladə
sessiyasının çağırılması ölkədə,
o cümlədən regionda yaranmış çətin və
mürəkkəb vəziyyətin tələblərindən
irəli gəlmişdi.
Sessiyanın gündəliyinə
həmin tarixi mərhələnin aktual məsələləri
daxil edilmişdi. Fövqəladə sessiya ölkədə
Azərbaycan Respublikası prezidenti seçkilərinin
keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan
Kommunist Partiyası təşkilatının fəaliyyətini
davam etdirib-etdirməməsi məsələsi də cəsarətli
münasibət tələb edirdi. Gündəlikdə
nəzərdə tutulan məsələlərin hamısı
fövqəladə zamanın meydana
çıxardığı aktual problemlər idi, Azərbaycan
üçün taleyüklü məsələləri əhatə
edirdi. Bu problemlərin həllinə təsir
göstərmək Azərbaycanda müstəqil dövlətçilik
prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə
xidmət edirdi. Ancaq həmin məsələlərin
müsbət həlli Naxçıvan MR Ali Məclisinin
fövqəladə sessiyasında bu ali hakimiyyət
orqanının sədri seçiləcək şəxsin
siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən
çox asılı idi. Buna görə Naxçıvan MR Ali
Məclisinin 3 sentyabr 1991-ci il tarixli
sessiyasının həll edəcəyi ən əsas vəzifə
təşkilati məsələ idi.
Həmin gün Ali Məclisin
binası qarşısına toplanmış minlərlə
insan Heydər Əliyevin seçilməsini tələb edən
bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın
keçirilməsinə qədərki mərhələdə
Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin
üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə
sözünü deyən, cəmiyyət həyatının
demokratikləşdirilməsinə ciddi təsir göstərən,
xüsusən özünü bütövlükdə dövlət
müstəqilliyi uğrunda mübarizəyə həsr
etmiş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi
daşımaq niyyətində olmadığını
bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr
1991-ci il tarixli sessiyasının
iclasında da o, dörd dəfə çıxış edərək
namizədliyini irəli sürənlərə minnətdarlıq
duyğularını ifadə etməklə yanaşı,
böyük təkidlə bu məsələnin səsə
qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və
Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi
ilə Heydər Əliyev ölkə və region
üçün fövqəladə şəraitdə və
fövqəladə hal olaraq çağırılması zəruri
sayılmış sessiyada bu ali dövlət
qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
3 sentyabr 1991-ci il tarixdə - öz
işinə başlayan sessiyanın iclasları 4 sentyabr, 5-6 və
7 sentyabrda 5 gün ərzində davam etdirildi, ölkə səviyyəsində
və region üçün əhəmiyyətli olan məsələlər
geniş müzakirə edilərək müvafiq qərarlar qəbul
olundu. Gündəlikdə duran məsələlərə
uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası
yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli
sürüldüyünü, hələlik ölkədə
çoxpartiyalı sistemin formalaşmadığını,
Kommunist Partiyasının süquta
uğradığını, seçki komissiyası və məntəqələri
üzvlərinin partokratiya nümayəndələrinin
sifarişi ilə təyin olunduğunu nəzərə almaqla
Azərbaycan Respublikasının prezidentinin seçilməsi
üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş
seçkilərin Naxçıvan MR ərazisində
keçirilməsinin dayandırılmasına dair qərar qəbul
etdi. Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyasında "Azərbaycan
Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə
münasibət haqqında" məsələ müzakirə
edilərək Azərbaycan Respublikasının Ali Sovetindən
xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi
Büro, Mərkəzi Komitə
dağıdıldığı üçün respublikada da
bu siyasi-təşkilati qurumların fəaliyyəti
dayandırılsın. Bunlar Azərbaycanda
müstəqil dövlətçiliyin bərqərar
olmasına xidmət edən tarixi qərarlar idi.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin
həyata keçirdiyi məqsədyönlü tədbirlər
sayəsində sovet ordusu hissələri MR ərazisindən
çıxarıldı. Ulu öndərin ən
böyük xidmətlərindən biri Naxçıvanı
işğal təhlükəsindən xilas etməsi idi.
Ali Məclisin Sədri Heydər Əliyevin
Türkiyə və İrana səfərləri,
apardığı danışıqlar regionda blokada şəraitinin
yaratdığı böhranın aradan qaldırılması,
iqtisadi problemlərin və enerji məsələlərinin həllində
əhəmiyyətli rol oynadı. Heydər
Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu
dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin,
siyasi maarifçiliyin ictimai faktora çevrilməsi,
inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət
verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər
həyata keçirilmişdi.
Heydər Əliyevin 1991-ci
ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə
seçilməsi Azərbaycanda dövlət müstəqilliyi
uğrunda gedən prosesə ciddi təsir göstərdi,
xalqı istiqlal mücadiləsinə doğru istiqamətə
yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi
ilə dünya miqyaslı siyasətçi Heydər
Əliyevin böyük siyasətə yenidən
qayıdışının həlledici mərhələsi
idi. Qarşıda isə ulu öndəri daha çətin,
eyni zamanda şərəfli bir missiya gözləyirdi.E
Rəşad
CƏFƏRLİ
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.5.