Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yalnız Azərbaycanın
ərazi bütövlüyü və konstitusiya quruluşunun
müdafiəsində əlil olanlar və
şəhid ailələri mənzillə təmin olunur
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən
müxtəlif formalarda əhali ilə keçirilən
görüşlərdə, eləcə də nazirliyə
ünvanlanan bir sıra müraciətlərdə ümumi səbəblərdən
əlilliyi olan ayrı-ayrı şəxslərin ƏƏSMN
tərəfindən mənzillə təmin olunması məsələsi
əksini tapır.
Nazirlikdən AzərTAc-a bildirdilər ki, müvafiq qanunvericilik aktlarında ƏƏSMN-nin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında da ƏƏSMN tərəfindən məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin inşa etdirilməsi konkret şəkildə öz əksini tapıb. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinə (İH) müraciət edə bilərlər.
Digər tərəfdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi ƏƏSMN tərəfindən deyil, aidiyyatı rayon (şəhər) İH-ləri tərəfindən həyata keçirilir. ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri həmin növbəlilik siyahıları əsasında aparır. Qeyd olunan mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytında ( www.mlspp.gov.az ) “Fəaliyyət və xidmətlər” bölməsinin “Mənzillə təminat” altbölümündə ictimaiyyətə təqdim olunur. Bu bölmədə artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları yerləşdirilib.
Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında” 22 iyun 2009-cu il tarixli 319 nömrəli Sərəncamına əsasən, bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısına da ƏƏSMN tərəfindən inşa etdirilən yaşayış binalarında mənzillər təqdim olunub. Həmçinin Çernobıl AES əlilləri müharibə əlillərinə bərabər tutulan şəxslərdir və Çernobıl Əlilləri Cəmiyyətinin müraciəti əsasında bu kateqoriyadan olan bir sıra şəxslərin də mənzillə təminatı həyata keçirilib. Eyni zamanda, Gözdən Əlillər Cəmiyyətinin müraciəti əsasında istisna hal olaraq, ƏƏSMN-nin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa olunur.
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlil olmuş şəxslərin və
şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına dair
əlavə tədbirlər haqqında” Sərəncamı
da ölkəmizin ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlil olmuş, 2014-cü il yanvar ayının 1-dək
yerli icra hakimiyyəti
orqanlarında növbəyə dayanmış 5731 nəfər
şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər
ərzində mərhələlərlə mənzil və
ya fərdi evlə təmin ediləcək.
Qeyd edək ki,
2014-cü ilədək bu kateqoriyadan
olan 4278 əlil və şəhid ailəsi
mənzillə təmin edilib. Cari ilin ötən
dövründə bu kateqoriyadan
olan şəxslərə 172 mənzil təqdim
olunub.
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.6.