İgidlərin
şəhadət günü
Bu gün iki dostun - Mübariz İbrahimovun yolu ilə
gedən Fərid Əhmədovla Əhməd Abdullayevin
şəhidlik zirvəsinə yüksəldiyi gündür
Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid baş leytenant Fərid Əhmədovun cənazələri son mənzilə yola salınan gün Şəhidlər xiyabanında böyük izdiham var idi. Hər tərəfdə üçrəngli bayrağımız görünürdü, elə tabutların üzərində də. Bunu Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dövlət başçısına üz tutaraq söylədiyi çıxışında xüsusi qeyd etdi: "9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilk dəfə keçiriləcək. Mən fəxr edirəm ki, bizim şəhidlərin tabutu Azərbaycanın Dövlət Bayrağına bükülüb. Mən bir daha Sizə təşəkkür edirəm. Çox sağ olun deyirəm, hörmətli Prezidentimiz".
Bayrağa bükülən igidlər
Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-ci ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2007-ci ildə akademiyanı əla qiymətlərlə bitirən Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur, fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra yenidən Gəncədəki "N" saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Fərid ərizəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində orada hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.
Cəlilabadda Fəridin doğulduğu evdə, hər yerdə onun izləri var - qapıdakı ağaclarda da, onun ayaq səslərinə həsrət qalan pilləkənlərdə də... Fəridin yoxluğu indi anası Nərgizə dünyanın ən kədərli, tənhalıq və acılarla dolu bir ömür yaşadır. O, həsrətdən, ayrılıqdan, bir də igid oğlunun taleyindən belə danışır: "Fərid uşaqlıqdan çox qeyrətli, namuslu, istedadlı, ümumiyyətlə, qeyri-adi idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm".
Nərgiz xanım deyir ki, Fəridin yas məclisinə gələn kurs yoldaşlarından biri danışırdı ki, o, bir dəfə dərsdə şəkil çəkirmiş. Birdən müəllim bunu görür və heyranlığını gizlədə bilməyib deyir: "Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın".
Fərid həm də gözəl şeirlər yazardı. İndi Nərgiz xanım vaxtilə Fəridin ona yazdığı bir şeiri oxumaqdan doymur. Bu şeiri Fərid onun ad gününə göndərdiyi şəklin arxasına yazıb:
Həyatda şərəfim, qəlbdə qürurum,
Qollarımda gücüm,
gözümdə nurum,
Güvəncim, qeyrətim, ürəyim, ruhum,
Qibləgahım anam, Kəbəm
atamdır.
Fərid bu şəkli çəkdirəndə və bu sözləri yazanda bilmirdi ki, bütün bunlar onun anası və yaxınları üçün ən gözəl, ən acı və əvəzedilməz bir hədiyyəyə çevriləcək. Dörd il idi ki, Fərid atasını itirmişdi və onun üçün Nərgiz xanım həm ana, həm də ata əvəzi idi. Ömrünü körpə uşaqların tərbiyəsinə həsr edən, hələ 1999-cu ildə "İlin müəllimi" adına layiq görülən Nərgiz Əhmədovanın ağlına gəlməzdi ki, vaxt gələcək Fəridin qəhrəmanlığı və təkrarsız taleyi onu "İllərin ana"sı elan edəcək.
Bacısı deyir ki, iki uşaq idik ailədə: bir bacı, bir qardaş. Fərid 9-cu sinifdən hərbi məktəbə hazırlaşırdı. Həm özünün marağı vardı, həm də atası onun hərbçi olmasını istəyirdi. Hərbi məktəbə qəbul olunandan sonra evimizə təşəkkürnamələr gəlməyə başladı. Yazırdılar ki, belə övlad böyütdüyünüzə görə çox sağ olun. Təsadüfi deyil ki, sonralar Türkiyədə təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini sıxaraq demişdi: "Sən əsl hərbçisən!". Fərid həm də əsl qardaş idi. Beş ay əvvəl, aprel ayında özü toyumu eləyib məni gəlin köçürdü. Deyərdi ki, Gülü, nə çətinliyin varsa, mənə de".
Bacısı indi içindəki dərdi, həsrəti, yaşadığı çətinlikləri bölmək, danışmaq üçün qardaşını axtardığını deyir: "Fərid bizi yenə unutmur, indi də gəlir, amma yuxularda... Yaxşı ki, heç olmasa yuxularda bizi tək qoymur. Həmişə yuxuda görürəm ki, qapımızın ağzındadır, özü də həmişəki kimi qamətli, qüvvətli və məğrur..."
Qolundakı çapıq, ürəklərdəki yara
Fəridin qısa həyat yolu bir anlığa Nərgiz xanımın gözləri önündən gəlib keçir: "Yadımdadır, Fəridin 8 yaşı vardı, bu evi tikirdik, bir dəfə oynayanda dəmir qolunu yaraladı. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qaldı və həmişə zarafatla mənə deyərdi ki, itsəm, məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçəyə çevrildi. Sonradan xəstəxanada biz Fəridi əlindəki və qolundakı həmin çapıqla tanıdıq..."
Yaxınları deyirlər ki, Fərid Türkiyədən qayıdandan sonra ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. Çox şeyi bizə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid yaxşı xidmət göstərib. Bacarığı nəzərə alınaraq Fəridə vaxtından əvvəl leytenant rütbəsi verilib və o, rota komandiri təyin edilib. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə deyib ki, sən 23 yaşında bu məqamı qazanan yeganə zabitsən...
Nərgiz xanım deyir ki, iyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Ləngiməyib mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Hərbi hissəyə qayıdanda da mənimlə pilləkəndə görüşüb ayrıldı, onu darvazaya qədər ötürməyə qoymadı.
Fəridin orta məktəb dostları da bu evi, onun sonsuz bir yola çıxan sahibini tək qoymurlar, deyirlər ki, o, uşaqlıqda çox sakit, tərbiyəli və mədəni oğlan idi. Bunu da deyirlər ki, Fərid Mübarizin nəşinin düşmən tərəfdə qalmasına görə çox narahat idi, həmişə deyərdi ki, biz necə hərbçiyik ki, onu qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündə yazmışdı ki, biz səninlə fəxr edirik. Əməliyyata gedəndə deyib ki, mən gedəcəm, Mübarizi də gətirəcəm. Fərid getdi və Mübarizi gətirdi. Amma öz meyiti ilə birlikdə....
Fərid Ramil
Səfərovun da şücaətinə heyran idi. Birinci kursda oxuyanda Ramil ona dərs
demişdi. Sonradan o, Macarıstanda həbs
olunanda Fərid özünə yer tapa bilmirdi.
Nərgiz xanım da Fəridin
son döyüşündən elə danışır ki, elə bil
həmin vaxt doğma balasının yanında olub. Bəlkə
də: "Sentyabrın
3-də kapitan Əhməd
Abdullayevlə birlikdə
(o da bizim rayondan idi) kəşfiyyata
gediblər. Əhməd yaralananda Fərid
rabitəçi və
əsgərlərə əmr
edib ki, Əhmədi götürüb
geri çəkilsinlər.
Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, "Sən ailəlisən, balaların
var, get, səni qoruyacağam!"
Fəridin dayısı
Aslan müəllim üçün o günlər
bitib-tükənməyən xatirələrdir: "Biz nəsillikcə
namaz qılırıq,
oruc tuturuq. Fərid də namaz qılırdı.
Onu uşaqlıqdan kiçik
dayısı öyrətmişdi.
Hərbi
məktəbə gedənə
qədər namazını
qılardı. Amma sənəti
ilə əlaqədar
sonradan vaxtın azlığına görə
qıla bilmədi.
Qəhrəmanlıqla həlak olduğu
həmin gün Ramazan ayına təsadüf elədi və o gün Fərid oruc idi. Biz təkcə dayı-bacıoğlu
yox, sanki yaxın dost idik. Fərid qeyrət, namus çəkən idi.
O, haqqın tərəfdarı
idi. Bir dayı kimi
Fəridin qəhrəmanlığı
mənim üçün
həm fərəhli,
qürurverici, həm də kədərli bir işdir. Burada sevinc, kədər, vətənpərvərlik hamısı
birləşib. "Uzaq sahillərdə" Fəridin ən çox sevdiyi film idi. Necə ki Mehdi Hüseynzadə şəkillər
çəkirdi, o da elə olmaq istəyirdi. Necə ki
Mehdi Hüseynzadə
"Mixaylo" ləqəbi
ilə tanınırdı,
Fərid də düşmən tərəfdə
hansısa bir ləqəblə tanınırmış.
Hətta
onu vuran ermənini general şəxsən
özü səngərdə
mükafatlandırmışdı. Bu haqda erməni
televiziyalarında məlumat
verilmişdi".
"Mənə görə
narahat olma, mənə heç nə olan deyil?!"
Xalası Kəmalə
Həsənova isə
deyir: "Hərbi məktəbə imtahan verməyə gələndə
Fərid bizdə qalırdı. Bir dəfə evə
gec gəldi. Çox narahat oldum. Dedi ki, mənə
görə narahat olma, sən bilmirsən ki, mənə heç nə olan deyil?!"
Doğrudur, indi Mübariz də, Fərid də, Əhməd də sanki heç
nə olmamış kimi hər gün
evlərinə gəlirlər. Amma artıq olan olub... İndi hamı, bütün
Azərbaycan onlardan, öz qəhrəman övladlarından danışır.
Onların ata yurdu - Biləsuvar və Cəlilabaddakı evləri
də böyük bir ziyarətgahı xatırladır. Mübarizin şəhid
olduğu gündən
- iyunun 18-dən xeyli vaxt keçməsinə baxmayaraq respublikamızın
hər yerində olduğu kimi, Biləsuvarda da hamı ondan danışır.
Cəlilabad şəhərinə girər-girməz
küçələrdə Azərbaycanın üçrəngli
bayrağını və
Fərid Əhmədovla
Əhməd Abdullayevin
şəkillərini görmək
olur. Buranın ağsaqqalları deyirlər ki, insanlar qəhrəmanlarla fəxr edirlər. Cavanlar isə bildirirlər ki, müharibə olsa, onlar ön cəbhədə
vuruşmağa hazırdırlar.
Əhməd Abdullayevin məzarı
Cəlilabadın mərkəzindəki
qəbiristanlıqdadır. Fəridin anası Nərgiz xanımla Əhmədin anası Firəngiz xanım uzun illər bir bağçada çalışdıqları
kimi, indi də hər ikisi eyni taleyi
bölüşməkdədirlər.
Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak
edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev demişdir:
"...Bu gün çox
kədərli bir gündür. Eyni zamanda, çox
şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq,
rəşadət göstərmişlər.
Mübariz İbrahimov qeyri-bərabər
döyüşdə 5 düşməni
məhv edərək,
3-nü yaralayaraq şəhid
olubdur. Mübariz yaxşı bilirdi
ki, o döyüşdən
sağ-salamat çıxa
bilməyəcək. Ancaq
Vətən, torpaq sevgisi, onda olan
vətənpərvərlik ruhu onu şəhidlik
zirvəsinə ucaltdı.
Mübariz bütün
gənclər üçün
örnəkdir, nümunədir...
Fərid
Əhmədov döyüş
vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən
sonra Azərbaycan dövləti tərəfindən
yüksək mükafatlarla
təltif olunmuşdur.
Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi... Bu gün, eyni
zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı
burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm
ki, onların əziz xatirəsi Azərbaycan xalqının
qəlbindən heç
vaxt silinməyəcəkdir".
Bunu isə şəhid övladları
valideynləri adından
baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova dedi: "Cənab Ali Baş Komandan, möhtərəm
Prezident, bütün şəhid anaları adından Sizə təşəkkürümü bildirirəm. Bu iki
cəsədin alınmağında
Sizin böyük zəhmətiniz, hünəriniz
oldu. Verilməyə də bilərdi,
qala bilərdi.
O, ana üçün,
bütün Vətən
üçün ikiqat
ağır ola
bilərdi, ağır
bir dərd olaraq qala bilərdi.
Şəxsən Sizə öz
təşəkkürümü bildirirəm. Həm qürur
duyuram, həm fəxr edirəm. Qürur duyuram ona görə ki, balam Vətən
yolunda, Vətənin azadlığı, torpaqları
uğrunda qurban gedib..."
Bəxtiyar QARACA
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.6.