“Ölkəmizi
tanıyaq” tur-aksiyası indiyədək 680 məktəbliyə
Quba ilə yaxından tanış olmaq imkanı yaradıb
Respublikanın şimal bölgəsinə ekskursiyaya gələn son üç qrup - Qəbələ, İsmayıllı və Şamaxı məktəbliləri sentyabrın 2-də Quba rayonunun füsunkar təbiəti və tarixi yerləri ilə yaxından tanış oldular. Bununla da 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilən Qubanı tur-aksiya çərçivəsində ziyarət edən qrupların sayı 17-yə, məktəblilərin sayı isə 680-ə çatdı.
AzərTAc xəbər verir ki, bu dəfə də hər üç qrupun üzvləri onları müşayiət edən bələdçilərə ilk növbədə Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla bağlı suallar verirdilər. Memorial komplekslə tanışlıqdan əvvəl tur-aksiyanın iştirakçıları Quba şəhərindəki Cümə məscidində, ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə və “Qədim Quba” xalçaçılıq müəssisəsində oldular.
Bundan sonra məktəblilərin səbirsizliklə görmək istədikləri məkanla tanışlıq başladı. Quba Soyqırımı Memorial Kompleksində məktəblilər ekskursiyaya rəhbərlik edən tarixçi-bələdçinin dediklərinə diqqətlə qulaq asır, bütün eşitdiklərini yadda saxlamağa çalışırdılar. Məhz bu səbəbdəndir ki, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq nəzərdə tutulduğu vaxtdan xeyli uzun çəkdi.
Burada tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Məktəblilər Quba Soyqırımı Memorial Kompleksində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs edən filmi ürəkağrısı ilə seyr etdilər.
Günün ikinci yarısında Qəbələ, İsmayıllı və Şamaxı məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər, "Rixos Quba Azerbaijan" otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.
Hər üç
rayonun məktəbliləri
tur-aksiyanın son günündə-sentyabrın
3-də Xaçmaz rayonunun
görməli yerlərinə səfər edəcəklər.
Azərbaycan.
- 2014.- 3 sentyabr.- S.7.