Ali qonağın şərəfinə
rəsmi ziyafət
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən sentyabrın 3-də
ölkəmizdə rəsmi səfərdə olan Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın şərəfinə rəsmi ziyafət
verilib.
Dövlət
başçıları ziyafətdə çıxış
ediblər.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident, əziz
qardaşım,
Bu gün çox əlamətdar bir gündür.
Qardaş ölkənin Prezidenti, əziz qardaşım Azərbaycana
rəsmi səfərə gəlmişdir. Bu səfərin tədbirlərində
iştirak edən dostlar bu gün bizimlə bərabərdirlər.
Artıq təkbətək, geniş tərkibdə
görüşlərimizdə geniş fikir mübadiləsi
aparılmışdır. Mətbuata bəyanatda da biz
gördüyümüz, eyni zamanda, gələcəkdə
görüləcək işlərlə bağlı öz
sözlərimizi demişik.
Yekun olaraq bir daha demək istəyirəm ki, səfərin
çox gözəl nəticələri vardır. Səfər
çox uğurlu keçmişdir. Əminəm ki, bu rəsmi
səfərin Türkiyə-Azərbaycan dostluq,
qardaşlıq əlaqələrinin inkişafına çox
böyük dəstəyi olacaq, onlara böyük təkan verəcəkdir.
İndi isə biz çox xoş bir mərasimdə
toplaşmışıq. Mənim əziz qardaşım Rəcəb
Tayyib Ərdoğan 11 ildir ki, Türkiyəni inamla idarə
edir. Biz Azərbaycanda Türkiyəni çox sevirik. Azərbaycanda
elə bir insan tapılmaz ki, Türkiyəni öz doğma vətəni
kimi sevməsin. Ona görə biz Türkiyənin uğurlarına
öz uğurlarımız qədər sevinirik.
Son 11 il ərzində Türkiyə çox
böyük və şərəfli yol keçmişdir. Bunun
da bir səbəbi, daha doğrusu, bir səbəbkarı var –
mənim əziz qardaşım. Biz hamımız yaxşı
bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə
qədər Türkiyənin vəziyyəti o qədər də
ürəkaçan deyildi. İqtisadi, siyasi böhran
yaşanırdı, Türkiyə böyük borc içində
idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə
öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb
Tayyib Ərdoğanın sayəsində, onun fəaliyyəti
nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz
hallara son qoyulmuşdur və Türkiyə inamla inkişaf etməyə
başlamışdır. Bu gün iqtisadi inkişaf
baxımından Türkiyə ön sıralardadır. Bir
neçə il bundan əvvəl dünyanı, Avropanı
böhran bürümüşdü – iqtisadi, maliyyə
böhranı. Bu böhran Türkiyəyə heç bir təsir
etməmişdir. Çünki Türkiyə hökuməti
xalq tərəfindən dəstəklənən
düşünülmüş iqtisadi siyasət
aparmışdır. Türkiyə bu illərdə
“Böyük 20-lər”in üzvünə çevrilmişdir.
Bu, tarixi nailiyyətdir. Türkiyə dünyanın
aparıcı ölkələrini birləşdirən klubda
ön sıralardadır. Bu da, göydəndüşmə
deyil. Bu, gündəlik fəal işlərin nəticəsidir.
Bu gün Türkiyənin xarici siyasətlə bağlı
uğurları göz qabağındadır. Türkiyə indi
nəinki bölgədə, eyni zamanda, dünyada gedən
proseslərə öz təsirini göstərir, dünya
miqyasında bir gücə çevrilmişdir. Əlbəttə
ki, bütün bu işlərin görülməsində
birinci rolu mənim əziz qardaşım Prezident Rəcəb
Tayyib Ərdoğan və onun yardımçıları,
komanda üzvləri oynamışlar.
Bu illərdə - 11 il ərzində biz bərabər
çalışmışıq. Çalışmışıq
ki, Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı daha da möhkəmlənsin. Halbuki bu
dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu
daha da möhkəmləndirmək o qədər də asan məsələ
deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan
gələn sifariş, bizə verilən vəsiyyət əsasında
ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək.
Son illərdə
enerji, sərmayə, nəqliyyat layihələri və digər
layihələr nəinki bizi bir-birimizə daha da sıx
bağladı, eyni zamanda, bölgəyə çox müsbət
təsir göstərdi. Çünki bizim bütün təşəbbüslərimiz
- istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat
sahələrində təşəbbüslərimiz bölgəyə
fayda gətirir. Bizimlə əməkdaşlıq edən
ölkələr də bundan fayda götürür. Bizim siyasətimiz
xoşniyyətlidir. Biz öz maraqlarımızı və əgər
belə demək mümkündürsə, təsir dairəmizi
əməkdaşlıq üzərində qururuq. Yəni, biz
həmişə hazırıq ki, başqa ölkələrə
kömək edək, öz yardım əlimizi uzadaq. Yəni,
bu xoş niyyət bizi fərqləndirir. Son illər ərzində
Türkiyə-Azərbaycan birliyi dünya miqyasında, ən
azı regionda həlledici amilə çevrilmişdir. Əminəm
ki, biz bundan sonra da Türkiyə və Azərbaycan
xalqlarının iradəsi ilə hələ çox işlər
görəcəyik. Dediyim bütün bu məsələlər
son prezident seçkilərində türk xalqı tərəfindən
bir daha qeyd edildi. Əziz qardaşıma verilən səslər
görülən işlərə verilən səslərdir.
Xalq hər şeyi görür. Bizdə atalar sözü var:
“Xalqın gözü tərəzidir”. Xalq hər şeyə
düzgün qiymət verir. Türk xalqı düzgün qiymət
vermişdir. Azərbaycan xalqı da düzgün qiymət
vermişdir.
Bu gün bu tarixi səfərdə
mən əziz qardaşımı Azərbaycan dövləti
adından Azərbaycan dövlətinin ən ali
mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif
etmişəm. Əziz qardaşım, istəyirəm indi bu
yüksək mükafatı Sizə təqdim edim.
X X X
Türkiyə
Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın
“Heydər Əliyev” ordeni ilə təltif edilmədi
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı oxundu.
X X X
Azərbaycan Prezidenti
İlham Əliyev “Heydər Əliyev” ordenini Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdi.
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:
- Hörmətli
qardaşım, ata yadigarı deyəcəm. Çünki
Baş nazirliyim dövründə Heydər ata ilə bizim
çox mənalı bir görüşümüz
olmuşdu. İlham qardaşımla da o zaman tanış
olmuşduq.
Təbii ki, münasibətimiz
o gündən başlayıb və bu günə gəlib
çıxmışıq. Çox şükürlər
olsun, bir tərəfdən Azərbaycan, digər tərəfdən
Türkiyə inkişaf etdi və bu günləri
gördük. Bu günləri görməyi bizə lütf edənə
şükürlər olsun. Təbii ki, bu baxımdan
xalqlarımızın da rifahı güclü şəkildə
yaxşılaşır. Bu gün adambaşına milli gəlirin
səkkiz min dollara çatdığı Azərbaycan var.
Haralarda idi, indi haraya gəldi. Türkiyədə isə bu
göstərici 11 min dollara çatmaqdadır. Belə bir
Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr edirik.
Amma bunlar bizim üçün kifayət deyil. Bunu,
inşallah, daha da irəli aparacağıq. Artıq biz də
20, 25, 30 min dollara çatacağıq. Bu iradə Azərbaycanda
da, Türkiyədə də var. Əl-ələ verəcəyik,
həmrəy olacağıq.
Mən bu gün “Heydər
Əliyev” ordeni ilə təltif edilməkdən keçirdiyim
iftixar, xoşbəxtlik hisslərini ifadə edə biləcək
söz tapmaqda həqiqətən çətinlik çəkirəm.
Ulu Öndəri rəhmətlə anıram. Bunu bizə layiq
görən İlham Əliyev qardaşıma da çox təşəkkür
edirəm. Azərbaycan xalqına çox-çox təşəkkür
edirəm. Birliyini, bərabərliyini Rəbbim daimi etsin, -
deyirəm.
AzərTAc
Azərbaycan.-
2014.- 4 sentyabr.- S.3.