Qəbələnin qədim
memarlıq abidələri mədəni
irsimizin nadir inciləri hesab olunur
“Ölkəmizi tanıyaq” tur-aksiyasının
iştirakçısı olan Göyçay və Qazax məktəbliləri
sentyabrın 4-də Qəbələ rayonunun tarixi məkanları,
turizm potensialı, istehsal obyektləri və mənzərələri
yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, rayon mərkəzində
mehribanlıqla qarşılanan tur-aksiya
iştirakçılarına əvvəlcə Qəbələnin
qədim tarixi və mədəniyyəti barədə qısa
məlumat verildi. Bildirildi ki, Azərbaycanın ən qədim
şəhərlərindən olan Qəbələnin çox
zəngin tarixi vardır. Bu şəhərdə inşa edilən
ölkə əhəmiyyətli qədim memarlıq abidələri
mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın
iştirakçılarına Qəbələnin sosial-iqtisadi
və mədəni həyatında əldə edilən
uğurlar barədə də geniş məlumat verildi.
Qonaqların üz tutduqları ilk məkan Heydər
Əliyev Mərkəzi oldu. Şagirdlər Mərkəzdə
Ulu Öndərin həyatını və siyasi fəaliyyətini
əks etdirən fotoşəkillərə və sənədlərə
böyük maraqla baxdılar. Aksiya iştirakçıları
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində 900 il
Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin
tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında
geniş məlumat əldə etdilər. Bildirildi ki, muzeyin əsas
fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12
mindən çox tarixi və elmi əhəmiyyətə malik
eksponat mühafizə olunur. Qədim eksponatlarla
tanışlıqdan məmnun qalan tur-aksiya
iştirakçıları muzeyin önündə xatirə
şəkilləri çəkdirdilər.
Qəbələnin dəyərli tarixi abidələrindən
olan Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsini
maraqla seyr edən tur iştirakçıları səfər
proqramına uyğun olaraq Qəbələnin turizm məkanlarına
da baş çəkdilər, rayonun görməli yerləri
ilə tanış oldular. Qəbələ şəhər məscidi
və “Beltmann” piano fabriki ilə yaxından tanış olan
şagirdlərin sonuncu dayanacağı və maraqla seyr etdiyi
məkan isə “Tufandağ” Qış-Yay Turizm İstirahət
Kompleksi oldu.
Kanat xətti ilə 2 min metr
hündürlüyü olan dağın zirvəsinə qalxan
şagirdlər oradan Qəbələ şəhərini və
ətrafdakı çayları, meşələri, gözəl
mənzərəni seyr etdilər, xatirə şəkli
çəkdirdilər. Şagirdlərə bölgənin ən
çox turist qəbul edən istirahət kompleksində
aparılan tikinti işləri barədə məlumat verildi.
Göyçay və Qazax məktəbliləri
qədim və müasir Qəbələ şəhərinə
ekskursiyadan məmnun qaldıqlarını bildirdilər və
xoş təəssüratlarla Şəki şəhərinə
yola düşdülər.
AzərTac
Azərbaycan.-
2014.- 5 sentyabr.- S.7.