Əhmədə deyin ki...
Mübariz, Fərid, Əhməd - özlərindən
sonra qəhrəmanlıq, hünər və həsrət dolu
xatirələr qoyub gedən igid oğullardır. Hamı kimi
doğulub, hamı kimi yaşamayanlar...
Onlardan biri - Abdullayev Əhməd
Hüseynağa oğlu 1976-cı il iyulun 30-da Cəlilabad
rayonunda ziyalı ailəsində doğulub. 1983-cü ildə orta
məktəbə gedib. 1991-ci ildə Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. 1992-ci ildə təhsilini
İstanbul şəhər hərbi məktəbində,
1996-cı ildən Ankara Hərbi
Akademiyasında davam etdirib.
Sənəti ilə əlaqədar
dünyanın bir çox
ölkələrində - Almaniyada,
İsveçrədə keçirilən hərbi təlimlərdə
iştirak edib. 2001-ci
ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində
çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı
hərbi hissədə xidmətini davam etdirib.
Qapıdan baxan igid
Cəlilabadda doğulub böyüdüyü
evdə qapının ağzında - nə vaxtsa
dayanıb atasını, anasını, dostlarını
gözlədiyi yerdə onun indi şəkli baxır, gələni-gedəni
yola salır. O evdə bir
istilik, doğmalıq, bir
də sonu görünməyən bir həsrət, hüzn var. Masanın üzərində səliqə
ilə düzülmüş şəkillər,
kitablar ancaq ondan və onun yoxluğundan danışır: "Orduda xidmət etməyən kəs cəmiyyətdə
hörmət qazana bilməz". ...Bu, Əhmədin öz əlləri
ilə yazdığı sözlərdir.
Ailədə 4 uşaq idilər - 2 qız, 2 oğlan.
Ailənin böyük oğlu
Əhməd uşaqlıqdan qeyri-adi hərəkətləri
ilə seçilirdi. Anası Firuzə
xanım deyir ki,
Əhməd düzgünlüyü sevər, yalan
danışmazdı. Orta məktəbdə
əla qiymətlərlə oxuyardı. Həm də bir neçə dil - ingilis, ərəb, fars və
erməni dillərini bilirdi, ispan dilini isə öyrənirdi.
Həmişə deyirdi ki,
düşmənə qalib gəlmək üçün gərək onun
dilini biləsən.
Əhmədin balaca oğlu Hüseyn bu hadisədən
şok keçirib. Onun həyat yoldaşı Ulduz
xanım üçün hər dəfə
bu söhbətlərə qayıtmaq
çətindən-çətindir: "Gecələr
uşaqları yatmağa aparanda
"biz atamızı istəyirik"
deyirlər. Nə vaxt gələcək? Hər
dəfə uşaqlar bu
sualı verəndə çox pis oluram və nə cavab verəcəyimi bilmirəm. Hələ
körpədirlər, heç nəyi dərk
etmirlər... İndi də mənə
deyirlər ki, atam həmişə
bizimlədir, qaranlıqda gəlib bizi öpüb gedir..."
Həmin
hadisələrin şahidi olan
hərbçilərin dediyinə görə, ermənilər
Fəridi vurandan sonra
Əhməd əsgərlərini qaytarıb ki,
onlara heç nə
olmasın. Özü isə düşmənlə
son nəfəsinə qədər vuruşub, ağır yaralanıb. Əhmədin
kiçik qardaşı Elnur
Abdullayev: "Əhməd neçə dəfə
ölümlə üzləşsə də, sağ-salamat
qurtulmuşdu. Sonradan
anladım ki, onu uca şəhidlik zirvəsi gözləyirmiş...
Bir dəfə ona dedim ki, tez-tez
gəl, səni doyunca görək. Dedi, vaxtım yoxdur. Elə
bil yoxluğuna
alışdırırdı bizi..."
Hüseynağa müəllim deyir ki, Əhməd müstəqil hərəkət
etməyi, qərar verməyi xoşlardı. 15 yaşından özü-özünü dolandırardı.
1991-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə
qəbul olub orada da hörmət qazanmışdı. Dərsdə
əlaçı idi: "1992-ci ildə yay tətili
vaxtı oradan bizə zəng edib dedilər ki,
"Türkiyəyə tələbə göndərirlər,
Əhməd savadlı, əlaçı tələbədir,
istəyirik ki, o da getsin".
Həyat, təhsil yolunda uğurlu
addımlarını atmaqda olan Əhməd 1992-ci ildə İstanbul
Hərbi Liseyinə daxil oldu.
Dörd il orada təhsil aldı, 1996-cı ildə imtahan verərək Ankaradakı hərbi akademiyada təhsilini davam etdirdi. Bir faktı da qeyd
edək ki, Əhməd orada
igid zabit Ramil Səfərovla birlikdə oxumuşdu.
2000-ci ildə "Karahal Okulu"
adlanan ali hərbi
akademiyanı fərqlənmə diplomu ilə
istehkamçı kimi bitirib
İzmir şəhərində kursa getdi. 2001-ci ildə Azərbaycana
qayıdan Əhməd Gəncədə "N" saylı hərbi
hissədə baş leytenant
rütbəsi ilə xidmətə
başladı. 2001-ci ilin sonunda
Xüsusi Təyinatlı Qüvvələrə
məxsus "N" saylı hərbi hissədə xidmətə
daxil oldu və düz 10 il burada fəaliyyətini davam
etdirdi. Əhməd 2003-2004-cü illərdə
NATO-nun hərbi təlim-məşqlərində
Azərbaycan ordusunu təmsil edərək
İsveçrəyə və Kiprə göndərildi.
Firuzə xanım:
"Oğlum şəhid olandan
sonra düşünürəm ki, balam elə həmişə
qəhrəman olub. Əhməd əsgərlərinə
qayğı göstərərdi. Hətta əsgərlərdən
birinin atası rəhmətə gedəndə
cibindəki son pulunu ona verib evinə yola salmışdı. Həyatı boyu başqalarına nümunə olub, biz onu
hiss etməmişik. Ərizə ilə
müraciət etmişdi, müharibə
bölgəsinə getmək istəyirdi. Amma
ona icazə vermədilər. Mən də fikirləşdim ki,
yəqin, daha alınmadı. 2010-cu ilin martında evə gəldi və dedi ki, mən Tərtərə
gedirəm. Əhməd Tərtərdə hər gün kəşfiyyata gedirmiş.
O qədər şən, deyib-gülən idi
ki, heç vaxt hiss eləməzdin bu adamın nə isə bir
çətinliyi, problemi var.
Mart ayında özü
getdi, Ulduz burada qaldı. Mən işləyirdim, gedə
bilmirdim. Ona görə
də atasını gətirib Ulduzun
yanına qoydu ki, uşaqlarla tək qalmasın. Elə oldu ki, atası da yıxıldı, qolu
sındı, bir aya qədər
xəstəxanada müalicə aldı. Bu
arada Əhməddən xəbər yox idi. Demə, yüksək
qızdırma ilə hospitalda
yatırmış. Bizimlə də hər gün
telefonla danışır və "narahat olmayın, tezliklə gələcəyəm"
deyirdi. Tərtərdə doqquz
kirayə ev dəyişib. Çox
çətinliklər görüblər. Öz
evində rahat yaşaya
da bilmədi balam..."
"Oğlum uşaqlıqdan tərbiyəli, qayğıkeş, Vətəni sevən idi..."
Firuzə xanım deyir
ki, biz onun
hərbi hissədə Fəridlə bir
yerdə olduğunu bilmirdik.
Fəridin anası ilə bir yerdə
işləyirdik. Mən bağçada tibb bacısı, o isə
tərbiyəçi idi. Həmişə
Əhməd Türkiyədən məktub göndərəndə
oxuyub ağlayırdım. O isə mənə
təsəlli verərdi. Amma yazıq Nərgiz
o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq... Əhmədi Cəlilabadda dəfn etdik. Amma iki
ay, Fəridlə Mübarizin
meyiti gətirilənə qədər
valideynlərindən utanırdıq ki,
onların balaları orada qalıb. Kömək
edən insanlar sağ
olsunlar ki, Əhmədin
igidliyi haqqında Prezidentə müraciət
etdilər. Əhməd medalla təltif olundu. Bu, bir
ana kimi mənə böyük təsəllidir. Oğlum
olduğuna görə demirəm,
uşaqlıqdan tərbiyəli, qayğıkeş, Vətəni
sevən idi.
Qardaşı Elnur Abdullayev deyir ki, nəslimizdə hərbçi
olmayıb. Amma nədənsə Əhməd
hərbi çox sevirdi.
Bəlkə də bu, dövrün
hadisələri ilə əlaqədar idi.
Əhməd hərbçi olmaq qərarına
elə o illərdə gəlmişdi.
Qardaşım peşəkar bir zabit kimi
torpaqlarımızı geri qaytarmaq, düşməndən intiqam almaq istəyi ilə
yaşayırdı. Onun qardaşı olmaq çox böyük şərəfdir. Əhməd namuslu,
vicdanlı bir insan idi. Bunu əməli ilə
də sübut etdi.
Qardaşım məhz bu xalqın, bu Vətənin oğlu olduğu üçün
qürur duyurdu. Hər
dəfə görüşəndə sevdiyi
işlə məşğul olduğu üçün özünü
çox xoşbəxt hiss
etdiyini deyirdi.
Düşünürəm ki, Vətənimizə
Mübariz, Əhməd, Fərid kimi oğullar çox lazımdır.
Ulduz xanım xatırlayır ki,
Əhməd səyahət etməyi çox
sevirdi. Hər dəfə deyirdi
ki, sizi Türkiyəyə
aparacağam. Orada oxuduğu yoldaşları ilə əlaqə
saxlayırdı. Onlar Əhmədi
Türkiyəyə dəvət edirdilər. Bir
türk yoldaşı vardı, o da evli
idi, həmişə zəng vurardı ki, uşaqları da götür, gəl. Əhməd soruşanda ki sizin niyə uşağınız yoxdur? O: "Biz hələ
planlaşdırırıq" deyəndə Əhməd:
"Siz planlaşdırana qədər evdə
mənim iki əsgər balam
böyüyür", - demişdi.
Əhməd uşaqları çox istəyirdi.
Çox xeyirxah insan idi. Hər dəfə
orucluqda fitrə verərdi və əlavə
edərdi: "Hər şeyə hazır olmaq
lazımdır. Mən sənə arxayınam".
Yaddaşdakı dirilər
Sonadək
Fərid Əhmədovla birlikdə düşmənə
müqavimət göstərən, Mübariz
İbrahimov üçün
gedib dostunu da itirən Əhməd Abdullayev
hərbi hissəyə qədərki uzun bir məsafəni ağır yaralı
olmasına baxmayaraq, sürünə-sürünə
adlaya bilib. Axırıncı sözü
isə bu olub: "Heyif ki, Fəridi gətirə
bilmədim..."
Əhmədli günlərin
həsrətini heç cür
unuda bilməyən Ulduz
xanımın gözləri yol çəkir:
"Bilinirdi ki, yaralanmaq məsələsi deyil.
Yalvardım ki, mənə həqiqəti deyin. Evlə hospitalın arası yaxın idi. Dayana bilməyib qaça-qaça ora getdim. Qolundan və döş qəfəsinin altından
yaralanmışdı... Bir də gözlərimi
açanda gördüm
ki, bayırda daşın üstündə
oturmuşam. Sonra qaynım
Elnur gəldi. Ona da göstərdilər. Elə bil
uşaqlar da
atalarının yoxluğunu hiss etmişdilər. Əhmədin tabutu qabaqda
aparılır, biz də maşında arxadan gedirdik. Hüseyn deyirdi ki, bilirəm, onun
içində atamı aparırlar... (kövrəlir). Biz ailədə çox mehriban idik. Bir-birimizdən
gizli heç nəyimiz
olmazdı. İndi də mən onun ölümünə inanmıram. Mənə
elə gəlir ki, o,
nə vaxtsa qayıdacaq. Nə qədər
maddi, mənəvi kömək olsa da, Əhmədi heç bir şey əvəz edə bilməz. Mən
çalışacağam ki, bu iki uşağı
Əhmədə layiq övladlar
kimi böyüdüm.
Əhməd Abdullayev yurdunu,
torpağını, əsgərlərini də çox sevirdi. Hərbçi
dostlarından birinin Əhmədə
göndərdiyi, amma onun
vaxt tapıb oxuya bilmədiyi
son mesajda olduğu kimi:
"Özündən, əsgərlərindən və Vətənindən
muğayat ol!"
Bu da son: Azərbaycan ordusunun mayoru Əhməd Abdullayev 2010-cu il sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub və 2010-cu il 28 dekabrda Azərbaycan Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Bəxtiyar QARACA
Azərbaycan.- 2014.- 4 sentyabr.-
S.7.