Prezident İlham Əliyev NATO-nun sammitində
çıxış edib
Azərbaycan Prezidenti İlham
Əliyevin Böyük
Britaniyaya isgüzar səfəri
Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Uelsdə
NATO-nun sammiti işə
başlayıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sammitin açılışında
iştirak edib.
Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş
ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan
nümayəndələr iştirak
ediblər. Həmçinin
BMT-nin və Avropa İttifaqının
ali nümayəndələri
də sammitə qatılıblar.
Sammitin gündəliyinə
Ukrayna hadisələri,
Əfqanıstanın gələcəyi,
yeni təhdidlərə
qarşı mübarizə,
təhlükəsizliyin təmininə
töhfə verən silahlı qüvvələrə
dəstəyin artırılması,
əməkdaşlığın möhkəmləndirilməsi, İraq
və Suriya böhranı ilə bağlı məsələlər
daxil edilib.
NATO-nun Zirvə toplantısının
Əfqanıstan üzrə
görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Prezident
İlham Əliyevin
çıxışı
-Hörmətli cənab baş katib.
Xanımlar və cənablar.
Azərbaycan ilə NATO arasında
tərəfdaşlığın iyirmi ili
ərzində ölkəmiz
Alyansın bir çox fəaliyyət sahəsinə töhfə
verən etibarlı tərəfdaşa çevrilib.
Azərbaycan regional təhlükəsizlik və
sabitlikdə mühüm
rol oynayır. Bununla belə,
bu gün regionumuzdakı təhlükəsizliyə
ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq
siyasətidir. Ermənistan azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
həyata keçirib və bunun nəticəsində
1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi Ermənistan
qoşunlarının işğal
edilmiş ərazilərdən
dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edir.
Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və
münaqişə həll
olunmamış qalır.
Münaqişə beynəlxalq hüquq
normaları və Azərbaycanın ərazi
bütövlüyü əsasında
həll edilməlidir.
Biz NATO-nun bu məsələ
ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə verdiyi
tam dəstəyi yüksək
dəyərləndiririk. Biz qətiyyətlə inanırıq
ki, NATO-nun beynəlxalq
hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da
davam edəcək.
Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış
sərhədləri güc
hesabına dəyişmək
kimi səhv düşüncədən yayındırmağa
birmənalı şəkildə
yardım edir.
Azərbaycan Əfqanıstana uzunmüddətli
inkişafın təmin
edilməsi üçün
hərtərəfli töhfə
verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə
verən NATO-nun 5 tərəfdaşından
biridir. Azərbaycanın hərbi kontingenti
lap ilkin vaxtlardan
İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında
Əfqanıstanın hüquq
mühafizə və hökumət rəsmiləri
üçün geniş
təlim proqramları
həyata keçirilir.
Əfqanıstanın Milli Ordusunun
Qəyyumluq Fonduna 3 milyon avro keçirilib,
digər 1 milyon isə istehkam əməliyyatlarına sərf
olunub.
İSAF qüvvələri üçün məhvetmə
gücünə malik
olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən
təmin edilir. Bundan əlavə,
gələcəkdə iştirak
edəcəyimiz “Qətiyyətli
dəstək” əməliyyatı
üçün mühüm
tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn
bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir
yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük
ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun
tam ortasında yerləşən
Əfqanıstana iqtisadi
inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və surətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan
ilə bölüşməyə
və həmin ölkədə müxtəlif
yenidənqurma və sərmayə layihələrində
iştirak etməyə
hazırdır. Sağ
olun.
Azərbaycan.-2014.- 6 sentyabr.- S.1.