ABŞ Dövlət Departamenti
Azərbaycan, Ermənistan prezidentlərinin və dövlət
katibi Con Kerrinin birgə görüşü
barədə bəyanat yayıb
ABŞ
Dövlət Departamentinin mətbuat xidməti sentyabrın 4-də
Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan
prezidenti Serj Sarkisyanın və dövlət katibi Con Kerrinin
birgə görüşü barədə bəyanat yayıb.
Bəyanatda
deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
yönəlmiş səyləri müzakirə etmək
üçün Uelsin Nyuport şəhərində NATO-nun
sammiti çərçivəsində Azərbaycan Prezidenti
İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın və
ABŞ-ın xarici siyasət idarəsinin
başçısı Con Kerrinin birgə görüşü
olub. Bu yaxınlarda təmas xətti boyunca zorakılıq
dalğası yaranmasından ciddi narahat olduğunu bildirən
ABŞ dövlət katibi vurğulayıb ki, bu hadisələr
1994-cü ildə atəşkəs rejimi qüvvəyə minəndən
bəri münaqişənin ən qanlı dövrü olub.
Bəyanatda
deyilir: “Birləşmiş Ştatlar belə hesab edir ki,
döyüş əməliyyatlarının
dayandırılması və Ermənistan ilə Azərbaycan
arasında münasibətlərin normallaşması hər
iki ölkənin xalqına sülh və firavanlıq gətirəcək,
Cənubi Qafqazda sabitlik yaranmasına kömək edəcək.
Dövlət katibi C.Kerri prezidentləri bu məqsədlər
nəzərə alınmaqla atəşkəs rejiminə ciddi
riayət etməyə və öz xalqlarını sülhə
hazırlamaq üçün əlavə tədbirlər
görməyə çağırıb”.
Dövlət
katibi C.Kerri prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə işləməyə çağırıb və
vurğulayıb ki, həmsədrlər münaqişənin
dinc yolla və davamlı tənzimlənməsinə nail
olmaqda tərəflərə kömək etməyə
hazırdırlar. O, prezidentlərin nizamlamanın əsas
elementlərinə dair dialoqu davam etdirmək səylərini
alqışlayıb. C.Kerri tərəfləri ATƏT-in Minsk
qrupunun həmsədrlərinin dəstəyi ilə ATƏT-in
fəaliyyətdə olan isveçrəli həmsədri tərəfindən
təklif edilmiş daha formal danışıqlar prosesinə
başlamağa çağırıb.
ABŞ
Dövlət Departamentinin bəyanatının sonunda qeyd edilir
ki, tərəflər arasında etimadın artırılması,
region xalqlarının layiq olduğu möhkəm sülhə
təkan verilməsi üçün sabitlik zəruridir.
Yusif Babanlı
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 6 sentyabr.- S.2.