“Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media

 müstəvisində” adlı konfrans keçirilir

 

Sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən toplantıda qəzetlərin, informasiya agentliklərinin baş redaktorları, internet xəbər portallarının rəhbərləri iştirak edirlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransda çıxış edərək deyib ki, bu tədbirin məqsədi avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Bildirilib ki, konfransa səsləndiriləcək təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

Ə.Amaşov media təmsilçilərini ümummilli məsələlərdə həmrəy olmağa, milli maraqları qorumağa, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ məsələsinə həssaslıqla yanaşmağa çağırıb.

 

Azərbaycan.-2014.- 6 sentyabr.- S.3.