Draqan VUYOVİÇ: Azərbaycanın
iqtisadi inkişaf modeli cəmiyyətin hər bir
üzvünün mənafelərinin və
rifahının təmin edilməsinə yönəlib
Serbiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var və gələcəkdə iki ölkənin yeni sahələrdə səmərəli əməkdaşlığını gözləmək olar.
Serbiya-Azərbaycan Ticarət Palatasının sədrinin birinci müavini, magistr Draqan Vuyoviç TANYUQ agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin səviyyəsini belə qiymətləndirib (bax: http://tanjug.rs/novosti/143561/azerbejdzan-za-srbiju-nije-obicna-drzava.htm).
Azərbaycanın Serbiya üçün heç də adi dövlət olmadığını vurğulayan Draqan Vuyoviç deyib: "Son vaxtlar iki dövlət arasında yeni səviyyələrdə əməkdaşlığı əhatə edən münasibətlərin yüksələn xətt üzrə inkişafı davam edir".
D.Vuyoviç ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud imkanları Azərbaycanın potensialına dəlalət edən sanballı layihələr nümunəsində nümayiş etdirərək xatırladıb ki, 2014-cü ilin əvvəli iki ölkə arasında intensiv görüşlər və əlaqələrlə yadda qalıb.
D.Vuyoviç deyib: "2014-cü ilin fevral ayında nazir Zakir Həsənovun başçılıq etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Serbiyaya səfər edib. Bu il martın əvvəlində Belqradda Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası olub. May ayında Serbiyada güclü daşqınlar baş verəndə Serbiyaya humanitar yardım göstərmiş ölkələr haqqında KİV-də dərc edilən məlumatlarda Azərbaycanın adı ən birincilər sırasında idi".
Magistr deyir ki, Serbiyada Azərbaycan haqqında çox bilirlər. Keçən il Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin prezidentləri dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladılar.
Draqan Vuyoviç deyib: "Bu gün Azərbaycanla Serbiya arasında münasibətlər beynəlxalq aləmdə xristian və müsəlman ölkələri arasında tərəfdaşlıq və dostluq nümunəsi hesab edilir".
Serbiya kimi, Azərbaycan da mühüm, lakin geosiyasi baxımından mürəkkəb bir regionda yerləşir. Azərbaycan hərbi bloklarda iştirak etməmək yolunu seçib və Qoşulmama Hərəkatında fəal iştirak edir.
O vurğulayıb: "Serbiya kimi, bu ölkə də müharibədən çıxıb. Müharibə zamanı onun ərazisinin 20 faizi işğal edilib. Qonşu Ermənistanla münaqişəyə və 1990-cı illərin əvvəlində baş vermiş vətəndaş müharibəsinə baxmayaraq, Azərbaycan öz ərazisinin 80 faizində iqtisadi inkişafı təmin etməyə nail olub".
D.Vuyoviç deyib ki, qitədəki başqa dövlətlərin çoxu
maliyyə böhranının nəticələrinin öhdəsindən
güclə gəldiyi halda, Azərbaycan
iqtisadiyyatında coşqun inkişaf
müşahidə olunur. Son 10 ildə Azərbaycanda bir milyondan çox yeni iş yeri
açılıb. İşsizlik göstəricisi təxminən
5 faiz, ölkənin xarici borcu isə
ÜDM-in cəmi 8 faizi
qədərdir. Bu göstəricilər üzrə
Azərbaycan hətta bəzi inkişaf etmiş ölkələri
də qabaqlayır.
Son on ildə ölkəyə 190 milyard
dollar sərmayə qoyulub.
Təkcə keçən
il rekord
məbləğdə - 28 milyard
dollar investisiya cəlb
edilib.
D.Vuyoviç vurğulayıb ki, bu cür sanballı
inkişaf Azərbaycanın
enerji ehtiyatları ixracından, habelə ölkədə daxili siyasi sabitlik və gəlirlərin düşünülmüş şəkildə xərclənməsi
sayəsində təmin
edilir.
Qeyri-neft sektorunun inkişafı Azərbaycan hökuməti
üçün prioritet
məsələdir. Təkcə
keçən il iqtisadiyyatın qeyri-neft sektorunda artım 10 faiz olub. Sabitlik isə onunla
təmin olunur ki, Azərbaycan əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasətə yüksək
etimad bəsləyir.
Bu siyasətin əsasını
təşkil edən iqtisadi inkişaf modeli Azərbaycan cəmiyyətinin
hər bir üzvünün mənafelərinin
və rifahının
təmin edilməsinə
yönəlib.
Vuyoviç son bir neçə ildə Azərbaycanda reallaşdırılmış iri layihələrdən bir neçəsini qeyd etməyi vacib sayır. Onlardan biri
"ASAN xidmət" və
ya Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Vuyoviç
"ASAN xidmət" adının
mənasını izah
edərək bildirir ki, Prezident İlham
Əliyevin təşəbbüsü
ilə yaradılmış
bu xidmətin mahiyyəti "müştərilərin
razı qalması"
ideyasının dövlət
idarəçiliyinə tətbiq
edilməsi, dövlət
strukturlarının məlumat
bazalarının inteqrasiyası
və ölkədə
elektron xidmətlərin
təkmilləşdirilməsi deməkdir. "ASAN xidmət"
mərkəzlərində Azərbaycan
vətəndaşları cəmi
bir neçə dəqiqə ərzində
vətəndaşlıq vəziyyəti
aktlarını, hüquqi
şəxslər isə
vergi ödəyicilərinin
sənədlərini qeydiyyatdan
keçirir, şəxsiyyət
vəsiqələri, müxtəlif
arayışlar alırlar.
Respondentin sözlərinə görə,
Gürcüstanda, Rusiyada,
Estoniyada, Qazaxıstanda
da oxşar qurumlar var, lakin
"ASAN xidmət" kimisi
heç yerdə yoxdur. Vuyoviç deyir:
"Təsadüfi deyil
ki, bu yaxınlarda
həmin layihə Avropa Parlamentində təqdim olunarkən deputatlardan biri (Vuyoviç Kristina Oyulandı
nəzərdə tutur.
AzərTAc bu haqda yazmışdı - bax:
http://azertag.az/ru/node/1195289) qeyd etdi ki, yaxın
vaxtlara qədər Azərbaycan özünün
neft-qaz sərvətləri
ilə məşhur idi, bu gün
isə o, rəqəmsal
identifikasiyaların inkişaf
səviyyəsinə görə
Avropa İttifaqı ölkələrindən irəlidədir".
İlk Azərbaycan
peyki ("Azerspace-1") orbitdədir. Draqan Vuyoviçin
sözlərinə görə,
bu layihə informasiya təhlükəsizliyinin
təmin olunmasına,
iqtisadiyyatın telekommunikasiya
tələbatının ödənilməsinə,
telekommunikasiya strukturunun
inkişafına, elm tutumlu
yeni layihələrin həyata keçirilməsinə
xidmət edəcəkdir.
Onun fikrincə,
"ADA" Universiteti (AzerbaijanDiplomaticAcademy)
öz təhsil imkanlarına görə bütün Cənubi Qafqazda biliklər adası hesab edilir.
Vuyoviç deyir: "Diplomatik
Akademiya 2006-cı ildə
Azərbaycan Prezidentinin
imzaladığı sərəncama
əsasən Xarici İşlər Nazirliyinin
nəzdində azərbaycanlı
diplomatların hazırlanması
üçün ixtisaslaşdırılmış
müəssisə kimi
yaradılıb. Lakin "Azərbaycan-2020"
İnkişaf Konsepsiyasında
qarşıya qoyulmuş
məqsədlər baxımından
Azərbaycan iqtisadiyyatının
bütün sahələrində
yüksək ixtisaslı
kadr potensialının
artırılması zərurəti
yarandı və artıq 2013-cü ildən
ADA-da dövlət idarəçiliyi və beynəlxalq münasibətlər,
biznes, informasiya texnologiyaları, habelə
humanitar və dəqiq elmlər üzrə məktəblər
fəaliyyət göstərir".
Serbiya Prezidenti
Tomislav Nikoliç
2013-cü ildə Azərbaycana
səfəri çərçivəsində
bu müəssisədə,
habelə İvo Andriçə həsr olunmuş sərgidə olub. Bu ali məktəbin yaşının nisbətən
az olmasına baxmayaraq, burada artıq 27 ölkədən
tələbələr oxuyur.
D.Vuyoviç xatırladır: "Avropa komissarı Ştefan Fyulenin
Bakıya səfəri
zamanı "prestijli
akademiya" adlandırdığı
bu tədris müəssisəsinin "green and smart" kampusu diqqəti cəlb edir".
Draqan Vuyoviçin
sözlərinə görə,
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri
1990-cı illərdə Azərbaycan
neftinin və qazının Avropaya nəql edilməsi üçün başlanıb. Bu gün həmin layihələr Azərbaycan
üçün "success story" sayılır.
Bir neçə il
bundan əvvəl Azərbaycan özünün
əlverişli coğrafi
mövqeyini və tranzit imkanlarını bir daha qiymətləndirərək
öz qonşuları
Türkiyə və Gürcüstanla əməkdaşlıqda
daha bir beynəlxalq layihə həyata keçirməyi
- Böyük İpək
Yolunun dirçəldilməsi
proqramının tərkib
hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini qərara
aldı.
O vurğulayır: "Hesab
edilir ki, Avropanın və Asiyanın dəmir yollarını birləşdirəcək
bu layihə Çindən Avropaya və əks istiqamətdə sərnişin
və yük daşımağa imkan verəcəkdir. Layihə o qədər ambisiyalı
və maraqlıdır
ki, Qazaxıstan artıq indidən həmin dəmir yolu vasitəsilə hər il böyük
həcmdə yük daşımaq arzusunu bildirib".
D.Vuyoviç qeyd edib ki,
müxtəlif dinlərin
və etnik qrupların nümayəndələrinin
yığcam halda yaşadığı polietnik
ölkə olan Azərbaycan həmişə
konfessional və irqi dözümlülük
ənənələri ilə
fərqlənib.
Azərbaycan rəhbərliyi multikulturalizm
ənənələrini dövlət
siyasəti dərəcəsinə
çatdırıb. Bu gün ölkədəki bütün dini və etnik qrupların
nümayəndələri sülh,
dostluq və qarşılıqlı anlaşma
şəraitində yaşayırlar.
Azərbaycan multikulturalizm modeli
ölkə hüdudlarından
kənarda da geniş qəbul edilib. Elə buna görə
artıq bir neçə ildir ki, yüksək vəzifəli şəxslərin
də iştirak etdikləri Mədəniyyətlərarası
Dialoq üzrə Dünya Forumu və Bakı Humanitar Forumu Bakıda keçirilir.
Belqradda Bayraqlı-cami məscidinin
bərpası və
Novi Sad şəhərində müqəddəs Petka kilsəsinin inşa edilməsi Azərbaycan multikulturalizminin praktiki təcəssümüdür.
Vuyoviç Azərbaycanın dəstəyi
ilə BMT çərçivəsində
Bosniya və Herseqovinanın Doboy şəhərində azərbaycanlıların
şəxsi sərmayələri
hesabına həyata keçirilən "Etimad"
layihəsini xatırladıb. Dəyəri 40 milyon avrodan artıq olan bu layihəyə əsasən, "Bosanka"
brendli kənd təsərrüfatı məhsullarının
emalı üzrə zavod tikilməsi nəzərdə tutulur.
Bu müəssisədə üç etnik qrupun nümayəndələri
- serblər, xorvatlar və bosniyalılar işləyəcəklər.
Draqan Vuyoviç
sonda əmin olduğunu bildirib ki, həm Azərbaycanın,
həm də Serbiyanın imkanlarının
hərtərəfli təhlili
Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın
reallaşdırılması üçün geniş perspektivlər olduğunu göstərir. O deyib: "Qəti əminəm ki, tərəflər özləri də bunu yaxşı başa düşür və qarşıdakı illərdə biz Serbiya-Azərbaycan
əməkdaşlığında yeni səhifələrin şahidləri olacağıq".
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Bakı
Azərbaycan.-2014.- 6 sentyabr.- S.3.