Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır

 

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans sentyabrın 5-də Tovuzda keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib. O, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif İsmayılov rayonda radikalizmi, dözümsüzlüyübölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin nümayəndəsi Bəhruzər Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə dini icmanın sədri Nəriman İbayev, rayon ağsaqqallar şurasının sədri Fərman Nağıyev, gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov və başqaları çıxış edərək dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Azərbaycan.-2014.- 6 sentyabr.- S.4.