"Fərqlilikləri birləşdirən
dəyər - Azərbaycan: müasir
çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlərin ilk mərhələsinə yekun
vurulub
Milli
Tolerantlıq Mərkəzi (MTM) Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə
ölkə üzrə keçirilən silsilə
seminar-treninqlərin ilk mərhələsinə yekun vurub.
Bu
münasibətlə sentyabrın 5-də Bakıda keçirilən
tədbirdə DQİDK-nın, Milli Tolerantlıq Mərkəzinin,
dini icmaların rəhbərləri və fəalları, habelə
ilahiyyatçılar və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak ediblər.
Tədbirdə
çıxış edən Bakı Dövlət
Universitetinin ilahiyyat fakültəsinin müəllimi, fəlsəfə
elmləri doktoru Aqil Şirinov Azərbaycanda dövlət - din
münasibətləri, xüsusilə dini azadlıqların təminatı
sahəsində olduqca münbit şəraitin
yaradıldığını bildirib, dini icmaların sərbəst
fəaliyyəti kimi məsələlərə xüsusi diqqət
və qayğı göstərildiyini vurğulayıb.
MTM-nin
direktoru Elmin Əliyev bildirib ki, "Fərqlilikləri birləşdirən
dəyər - Azərbaycan: müasir
çağırışlar və tolerantlıq”
mövzusundakı seminar-treninqlər Azərbaycanın
tolerantlıq və dözümlülük ənənələrinin
təbliği, dini dözümsüzlük və
radikallığa qarşı maarifləndirmə işlərinin
aparılması məqsədilə həyata keçirilib.
DQİDK
sədrinin müavini Gündüz İsmayılov diqqətə
çatdırıb ki, Azərbaycan bir çox millətlərin
və dini konfessiyaların dinc yanaşı
yaşamasının nadir nümunəsidir. Azərbaycanda tarixən
heç vaxt milli və dini zəmində ayrı-seçkilik
və qarşıdurma baş verməyib,
qarşılıqlı etimada və hörmətə əsaslanan
mütərəqqi, milli-mədəni və dini münasibətlər
mövcud olub.
Daha
sonra tədbirdə “Hörmət naminə birləş” layihəsinin,
eləcə də dini icmaların “Tolerantlıq şəbəkəsi”nin
təqdimatı keçirilib, şəbəkə üzvlərinə
sertifikatlar təqdim edilib.
Təqdimatlardan
sonra milli-mənəvi dəyərlərimizin düzgün təbliği,
ənənəvi dindarlıq anlayışının və
Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir
dünyada dini dözümlülüyün əhəmiyyəti,
habelə dövlətçilik və vətənpərvərlik
məfhumlarının dini təməlləri istiqamətində
maraqlı məruzələr dinlənilib.
Azərbaycan.-2014.- 6 sentyabr.- S.4.