Böyük İpək yolunun bərpası ilə bağlı Bakıda keçirilmiş

 beynəlxalq konfransdan 16 il ötür

 

Bu müddətdə Azərbaycan mühüm tranzit ölkəsinə çevrilib

 

Tarixi Böyük İpək yolu təxminən 2 min il ərzində Qərblə Şərqi birləşdirən böyük ticarət marşrutu olub. Bu yol bir sıra ölkələrin ərazilərindən keçib və həmin dövlətlərin iqtisadi, mədəni inkişafında mühüm rol oynayıb. Azərbaycan hələ o vaxtlar bu nəhəng ticarət və nəqliyyat qovşağının bir hissəsi idi. Təbii ki, həmin dövrlərdə Azərbaycanın iqtisadi və mədəni dirçəlişində bu yolun böyük əhəmiyyəti olub.

Sonralar bölgəmizdə baş verən siyasi hadisələr və bunun nəticəsində ölkəmizin müstəqilliyini itirməsi, sərhədlərimizin əvvəl çar Rusiyası, sonra isə SSRİ-nin tərkibinə qatılması Azərbaycanın strateji əhəmiyyətini heçə endirdi. Ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycan həm də tranzit ölkə kimi yenidən dünya dövlətlərinin diqqət mərkəzində olmağa başladı və ümummilli lider Heydər Əliyev bu tarixi imkandan məharətlə istifadə etdi.

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq ulu öndər Heydər Əliyev tarixi İpək yolunun bərpası üçün böyük səy göstərmişdir. Onun müdrik siyasəti və qətiyyəti sayəsində bu layihədə ölkəmiz önəmli yer aldı. Ümummilli liderin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda Böyük İpək yolunun bərpa və inkişaf etdirilməsinə dair beynəlxalq konfrans keçirildi. Tədbirdə dünyanın 42 ölkəsinin dövlət başçıları və nümayəndə heyətləri iştirak etdi. Həmin tədbirdə ulu öndər Heydər Əliyev İpək yolunun bərpasının əhəmiyyətinə toxunaraq demişdir: "Bakıda keçirilən zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə, bütün Avrasiya məkanına firavanlıq və rifahlığın gətirilməsində öz tarixi yolunu oynayacaqdır".

Xatırladaq ki, Böyük İpək yolunun əsasını Avropa İttifaqının yeni müstəqil dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASİS proqramı çərçivəsində TRASEKA layihəsi təşkil edir. Layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin razılığı ilə Avropa Şurası qəbul etmişdir. Bu layihə dövlətlər arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməyə və proqramın marşrutunun Avropa-Qafqaz-Asiya (TRASEKA), Transavropa istiqamətinə birləşdirilməsini nəzərdə tuturdu. Avropa Şurasının texniki-maliyyə yardımının, dünya, eləcə də Avropa Yenidənqurma və İnkişaf banklarının ayırdığı kreditlər hesabına reallaşdırılan tarixi İpək yolunun əsas məqsədi isə sözügedən Bakı konfransında qəbul edilən sənədə əsasən, bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi - yük və sərnişinlərin beynəlxalq daşınması, tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması, yük daşınmalarının müddətinin qısaldılması, daşınma tarifləri və vergilərə xüsusi güzəştlərin olunması, müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi, yük və sərnişin daşınmaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətin həyata keçirilməsi, çoxmodallı (birləşmiş) daşınmaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması və s.-dir.

Tarixi İpək yolunun bərpası üzrə aparılan işlər Azərbaycanın dünya birliyi ölkələri ilə iqtisadikommunikasiya inteqrasiyasının inkişafında mühüm rol oynayır. Bunun nəticəsidir ki, İpək yolunun bərpasından sonra ölkəmizdən tranzit yüklərin daşınması ilbəil artır. Təkcə cari ilin yanvar-iyun aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon  sərnişin daşınıb. Yüklərin 14 milyon tonuya 49,7 faizi avtomobil, 9,5 milyon tonuya 33,9 faizi dəmir yolu, 4,6 milyon tonuya 16,4 faizi dəniz nəqliyyatları ilə həyata keçirilib. Yük daşımaları fəaliyyətindən 242,5 milyon, sərnişin daşınmasından 52,3 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq  dövründəkindən müvafiq olaraq 7,1 və 12,6 faiz çoxdur.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 7 sentyabr.- S.1.