İdman onun həyatıdır
Natiq
Bağırov: "Ən böyük qələbəmi
Bakıda cüdoya yazıldığım gün
qazandım"
Natiq
Bağırov: "Ən böyük qələbəmi
Bakıda cüdoya yazıldığım gün
qazandım"
Yaxşı insan elə hər yerdə, hər zaman yaxşıdır. O, həmişə xeyirxah işlər görməyə, insanlara qayğı göstərməyə, gərəkli olmağa, xeyrə-şərə yaramağa çalışır.
Yaxşı insan sənətindən, peşəsindən asılı olmayaraq zəhməti, halallığı özünə meyar seçir.
Yaxşı insan heç vaxt heç kəsi özünə borclu hesab etmir, əksinə, özü yaratmağa, tikməyə, qurmağa, həyatda görünən bir iz qoymağa can atır.
Nəhayət, yaxşı insan həmişə fikirləşir ki, xalqıma, vətənimə nə vermişəm? Heç vaxt düşünmür ki, onlar mənə nə verib?..
Azərbaycan xalqının yetirməsi, məşhur samboçu və cüdoçu, dörqat dünya və beşqat Avropa çempionu Natiq Bağırov da yaxşı insanlar içərisində sayılıb-seçilənlərdəndir.
...Bakıda böyüyüb, boya-başa çatıb. Burada ali məktəbi bitirib. İdmandakı dəst-xəttini təsdiqləyib. İlk uğurlarını da Azərbaycanda qazanıb. Sonra həyat yolları onu Belarusa aparıb. Belarus komandalarında iştirak edib, bu ölkənin şərəfini qoruyub, çoxsaylı qızıl, gümüş, bürünc medallara sahib olub. Məşhurluq, şan-şöhrət onu dəyişməyib. Xarakterindəki ciddilik, xeyirxahlıq, qayğıkeşlik, məsuliyyət, səmimiyyət olduğu kimi qalıb. Sonra özü komandada baş məşqçi, rəhbər olaraq Belarus gənclərini yarışlara, qələbələrə hazırlayıb. N.Bağırov Belarus Respublikasında Azərbaycan İcmaları Konqresinin prezidentidir. O, 2006-cı ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.
Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Natiq Bağırovu şəxsən tanıyır. Həm əməkdar idman ustası, həm də Azərbaycan-Belarus xalqları arasında dostluğun möhkəmləndirilməsi işinə əvəzsiz töhfələrini verən ictimai xadim kimi.
Dünya şöhrətli idmançımızın ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti bu gün onun əsl ziyalı və şəxsiyyət obrazını tamamlayır.
...1964-ci il sentyabrın 7-də Bakı şəhərində
anadan olub. Paytaxtın Nəsimi rayonundakı 211
nömrəli məktəbdə təhsil alıb. 1986-cı ildə Neft və Kimya İnstitutunu (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Bir il ixtisası üzrə Neft-Qaz Elmi Tədqiqat
İnstitutunda işləyib. Bundan sonra isə
bütün həyatını idmana həsr edib. Elə Bakıdan Minskə üz tutması da idmana
olan sevgisindən və bağlılığından irəli
gəlib. 16 yaşında SSRİ
yığma komandasına daxil olub. 14 dəfə
Azərbaycan çempionatının, 6 dəfə SSRİ
Kubokunun qalibi adını qazanıb. İttifaq
birinciliyində dəfələrlə qızıl,
gümüş və bürünc mükafatlar alıb.
Azərbaycanın sambo tarixində ilk dəfə olaraq beynəlxalq
dərəcəli idman ustası adına
layiq görülüb. Sonralar isə ən
mötəbər yarışlarda Belarusu təmsil edib.
Natiq Bağırov öz gücünə və bacarığına
həmişə inanırdı. Bunlar ona həm təbiətən
verilmişdi, həm də müəllimi tanınmış
idman ustası Ağarza Əhmədov onu püxtələşdirmiş,
yetkin idmançı səviyyəsinə çatdırmışdı.
11 yaşında "Dinamo" cəmiyyətinə
yazılmış, iki aydan sonra Bakı çempionatında
üçüncü yeri tutmuşdu. Həm
sambo, həm də cüdo ilə məşğul olurdu.
Böyük uğurlar qazanmaq üçün isə qəti
addımlar atmaq lazım idi. O zaman Bakıda məşqlərin və
yarışların keçirilməsi üçün
yaxşı şərait yox idi. Üstəlik, keçmiş
ittifaq üzrə olan yarışlarda Azərbaycan
idmançılarına "yuxarı"dan baxır,
onları sıxışdırır, bəzi hallarda isə
açıq-açığına ədalətsizliyə yol
verirdilər.
Natiq
müəllim həmin illəri belə xatırlayır:
"Sonuncu dəfə belə haqsızlıqla 1987-ci ildə
SSRİ çempionatında üzləşdim. 57
kiloqram çəkidə çıxış edənlərin
yarışında, finalda dörd rəqibimi sıradan
çıxardım. Həlledici
görüşdə Sankt-Peterburqdan olan rəqibimə
qarşı bir neçə təmiz fənd işlətsəm
də, hakimlər bunu əsla nəzərə almadı.
Sonra isə qələbəni mənə yox, rəqib
idmançıya verdilər. Dəhşətlisi
isə o oldu ki, komandamızın rəhbərliyi bu
haqsızlığa biganə yanaşdı. Bütün bunlarla barışmaq istəmədim.
Yeganə beynəlxalq dərəcəli idman ustası olsam da,
ali təhsilimi başa çatdırandan
sonra heç kəsin mənimlə
maraqlanmadığını gördüm. Təyinatımın
Tayqaya verildiyini biləndə nələr
yaşadığımı sözlə ifadə etmək
çətindir. Təbii ki, təyinatımın
verildiyi yerdə mənim inkişafım mümkün
olmayacaqdı. Çox fikirləşəndən
və götür-qoydan sonra Respublika İdman Komitəsinə
müraciət etdim ki, məni təlimatçı kimi işə
götürsünlər. Amma buradan
aldığım cavab da mənfi oldu. Bu minvalla bir il də keçdi. Bundan sonra
Daşkənddə, SSRİ birinciliyində hakimlərin daha
bir ədalətsizliyi ilə üzləşdim. Belə vəziyyətlərdə məni yenə də
müdafiə edən olmadı. Bu zaman
Belarusdan dəvət aldım. Beləliklə,
1987-ci ildən əvvəlcə idmançı, sonra da məşqçi
kimi Belarusu təmsil edirəm".
Nə deyəsən, onda çətin zaman,
qarışıq illər idi. Həmin vaxt Natiq
Bağırov keçmiş ittifaqın 10 respublikasından dəvət
almışdı. Belarusu seçməyi
isə təsadüfi deyildi. Orada Məhəmməd
Ramazanov, Vladimir Yakoventsev, digər yaxın dostları və həmkarları
yaşayırdı. Bundan əlavə, həmin
ölkədə idmanın cüdo və sambo növlərinin
inkişafı üçün yaxşı şərait və
ənənə vardı. Ən
başlıcası isə idmançılar arasında
sağlam rəqabət hökm sürürdü. Moskva da bunlara görə respublikaya rəğbət
bəsləyirdi. Orta Asiya və Cənubi
Qafqaz respublikalarından fərqli olaraq Belarusun nüfuzu daha
"ağırçəkili" idi.
Öz bacarığından, potensialından
lazımınca istifadə etmək Natiqin halal haqqı idi və
o, bunu etdi - Minskə getdi. 1989-ci ildə əvvəlcə
İngiltərədə keçirilən sambo üzrə
Avropa çempionatında qalib gəldi. Bundan
sonra dörd dəfə qitənin ən güclü
cüdoçusu olduğunu sübut etdi. Dünya
çempionatlarında qızıl medallar qazandı, dəfələrlə
ən yüksək mükafatçılar sırasında yer
aldı. Bir sözlə, qələbələr,
uğurlar, onu addımbaaddım izləməyə
başladı...
Tanınmış
idmançının tərcümeyi-halından sətirlər:
N.Bağırov Minskdə İdman Nazirliyində əvvəlcə
mütəxəssis vəzifəsində
çalışmışdır. 1992-1993-cü illərdə
İtaliyada məşqçi kimi fəaliyyət göstərmişdir.
1995-ci ildə "Əməkdar idman ustası" adına layiq görülmüşdür. 1996-1997-ci illərdə Xorvatiyada işləmişdir.
2002-ci ildən Belarus Respublikasının
cüdo üzrə Milli komandasının baş məşqçisi
vəzifəsində işləyir.
1997-ci ildə Minsk şəhərində fəaliyyət
göstərən "Qobustan" Mədəni-Maarif
İctimai Birliyinin sədri seçilmişdir. 2002-ci ilin
noyabr ayından Azərbaycan İcmaları Konqresinin
prezidentidir. 2004-cü ildə isə Avropa
Azərbaycanlıları Konqresinin vitse-prezidenti
seçilmişdir.
Bir çox turnirləri ən güclü samboçu
kimi başa vurmuşdur. 9 xarici dil bilir, şeir yazır,
yaxşı da mahnı ifa edir.
Natiq çox yarış meydanlarından qələbə
ilə, uğurla çıxıb. 1989-cu ildən başlayaraq 1999-cu il də daxil olmaqla 11 il ardıcıl
dünyanın ən mötəbər sambo, cüdo çempionatlarında
və "A" sinfi turnirlərində iştirak edib. Bu ciddi yarışmaların yarıdan çoxunda
birinci yeri qazanıb. Bu, böyük bir
göstəricidir, əsl cəngavər məharətidir.
Amma həyat heç də hər zaman insanın
arzuladığı, istədiyi, can atdığı kimi olmur.
1995-ci ildə Tokioda keçirilən dünya çempionatında əla formada idi. Rəqiblərini növbə ilə udaraq irəliləyirdi.
...Yarımfinalda gürcü Variqaşvili qarşısını kəsir. Ani diqqətsizlik ona baha başa gəlir. Nəticədə bürünc medal qazanır. Sonralar Atlanta Olimpiadasında həmin gürcüdən əvəz çıxır. Ondan başqa monqol Normandaxı üstələyir. Lakin yeganə məğlubiyyət onu medaldan kənarda qoyur. Dördüncü yeri tutur.
1999-cu ildə Birmingemdə keçirilən dünya çempionatında bürünc medal qazanır. Qarşıda "Sidney-2000" Olimpiya oyunları vardı və ona ümid bəsləmək olardı. Çox təəssüf ki, bu zaman da artıq sağlamlığı o dərəcədə deyildi. İllərlə yığılan yorğunluq və gərginlik nəticəsində onurğa sütunu içəriyə doğru batmışdı. Bəzən dəhşətli ağrı məşq etməyə imkan vermirdi.
Həmin vaxtlar Belarus yığması özünün keçid dövrünü yaşayırdı. Federasiya qərara gəlmişdi ki, nəsil dəyişməsi prosesi tamamlananadək Natiq öz çıxışlarını davam etdirsin. Beləliklə, o, ciddi müalicə olunmağa başladı. 6-7 ay dava-dərman qəbul etdi, iynələr vurdurdu. Nəhayət, Olimpiadaya üç həftə qalmış məşq zalına çıxdı. Bu zaman əvvəlki formasından çox uzaqda olduğunu dərhal hiss etdi.
Natiq qazandığı ada-sana, şöhrətə layiq də "səhnə"ni tərk etməli idi. Bütün gücünü topladı. Sidneyə yollandı. Sanki son döyüşə gedirdi.
Braziliya cüdoçusuna qalib gəldi. Növbəti rəqibi... həmvətəni idi, Elçin İsmayılov.
Görəsən, bu xəbəri eşidəndə Natiq hansı hissləri keçirib?
Deyir ki, peşəkar idmanda milliyyət anlayışı elə bir önəm daşımır. Kimliyindən asılı olmayaraq qarşındakı rəqibdir. Odur ki, Elçinlə görüşdən sonra Natiq çox da məyus deyildi. Təsəllisi o idi ki, özgəyə deyil, öz həmyerlisinə uduzmuşdu. Yəni, qalib gələn Azərbaycan idmançısı idi.
Ötən illəri, günləri xatırlayan eloğlumuz deyir ki, "Sidney oyunlarında mən fəqərə sütunumdan ağır zərbə aldım. Həkimlər məni seçim qarşısında qoydular. Dedilər ki, əgər bu gün idmanı tərk etməsəm, sabah ömürlük əlil arabasında oturmağa məhkum ola bilərsən. Lakin mən mövqeləri əldən vermək istəmirdim. Müalicə olundum, iki yüzdən çox iynə vurdurdum. Amma bunların heç bir köməyi olmadı".
"Hər şeyin bir sonu var", - deyir Natiq Bağırov. 2001-ci ildə o, cüdo ilə vidalaşdı. Doğrusu, hələ "Sidney-2000"-dən sonra getmək istəyirdi. Lakin 30 illik idman karyerasını yüksək notla bitirməyi qərara aldı. İyulda Münhendəki dünya çempionatında iştirak etdi. Nəticə qazanmasa da, formasını bir qədər düzəltdi. Sonra beynəlxalq turnirin qalibi oldu. Sonuncu dəfə Almaniyada tatami üzərinə çıxdı. Ölkə çempionatında çıxış edərək bütün rəqiblərini məğlub etdi.
O, idman karyerasına Bakı çempionu kimi başlamışdı, Almaniya çempionu kimi sona çatdırdı. Pis sonluq deyildi. Müsahibələrinin birində Natiq Bağırovdan soruşmuşdular:
- Siz Ramazanov, Yaprintsev və Bağırovun dünya cüdo aləminə səs saldığı və Olimpiya oyunlarının qızıl medalını qazandığı o zamanlar üçün darıxmırsınız ki?
- Darıxıram, - demişdi Natiq Bağırov, - mən həyatımın 30 ilini idmana həsr etmişəm və bu, mənim sevimli peşəmdir. Sambo və cüdo yarışlarının başqa bir fəlsəfəsi var... Doğrudan da zəfər illəri çox gözəl keçib. Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında parlaq qələbələr qazandıq. İnanıram ki, bu zəfərlərin də davamı olacaq. Mənim dünyamda heç nə dəyişmir.
Natiq Bağırov 1997, 1998 və 1999-cu illərdə Belarusda Prezident Kuboku uğrunda çempionatlarda birincilik əldə etmişdi. O deyir: "Mənim bu yarış haqqında yaxşı xatirələrim var. İlk üç yarışın iştirakçısı və qalibi olmuşam. Bu yarışları Belarus Prezidenti Aleksandr Lukaşenko da izləyib. Turnir 15 ildir ki, Belarus Sambo Federasiyası tərəfindən keçirilir və onun prezidenti Vladimir Yaprintsevə xüsusi minnətdarlıq düşür. Bilirsiniz, birlikdə işlədikdə uğur qazanmaq da asan olur. İnanıram ki, gələcəkdə dünya miqyaslı yarışlarda nailiyyətlərimiz davam edəcək".
Natiq Bağırovun sevdiyi sənətə bağlılığı ona daha çox güc, qüvvət, möhkəmlik, cəsarət və qətiyyət verirdi. Çox düşündükdən sonra Belarus yığmasına rəhbərlik etmək təklifi ilə razılaşdı. Məşqçi kimi də özünə inamlı idi. İdmanla məşğul olduğu dövrlərdə az məşqçi görməmişdi. Onların ən yaxşı keyfiyyətlərini əxz edə bilmişdi.
Belarusun cüdo üzrə milli yığma komandasının baş məşqçisi, rəhbəri Natiq Bağırovu jurnalistlər, eləcə də Azərbaycan jurnalistləri çox sevirlər. Onun haqqında xeyli məqalələr yazılıb. Dəfələrlə bu insanla görüşmüşlər və müsahibələr almışlar. Hər dəfə Bakıya gələndə qəzetçilər, telejurnalistlər onu dövrəyə alırlar. Afina görüşlərindən sonra da belə olmuşdu.
O zaman hələ Azərbaycan idmanı indiki səviyyəsinə çatmamışdı. Biz qələbələrə gedən yolun başlanğıcında idik. Çoxlu problemlər, görüləsi işlər vardı. Bütün bunlar uzaqda yaşayan həmyerlimizi də düşündürürdü. Həmişə deyir ki, bu, cüdodur və idmançı yarışın sonuna bir saniyə qalmış da qələbəni əldən verə bilər. "Azərbaycanlı belarus"un (Minskdə onu belə çağırırlar) fikirləri hamı üçün hər zaman böyük maraq kəsb edir.
Natiqin haqqında yazılan hər məqalədə övladlarının da adı çəkilirdi. Belarus jurnalistləri belə yazırdılar: "Azərbaycanda uşaqları xüsusi bir məhəbbətlə sevirlər. Natiqin iki oğlu var. Anar və Arif. Hər ikisi cüdo və sambo ilə məşğul olur. Anar bir neçə dəfə Belarus çempionu olub və beynəlxalq turnirlərdə birinci yeri tutub. Sonradan təhsilə daha çox diqqət yetirdiyi üçün peşəkar idmanı tərk edib. Arif isə Belarus Milli Komandasının üzvüdür, Avropa çempionatının qalibidir. Gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısıdır".
Yaşadığı ölkədə hamı yaxşı bilir ki, Natiq Bağırov Belarus idmanının ən parlaq simalarındandır. Sambo və cüdo sahəsində ən yüksək titullar qazanıb. Əbəs yerə demirlər ki, hər kəsin bir alın yazısı var. O vaxt Minskə getməsəydi, bəlkə də idmanı atmalı olacaqdı. Bu qərarın düzgünlüyü, yaxud əksinə olduğunu müzakirə etmək niyyətində deyilik. Lakin ortada olan və üzdə görünən odur ki, illər əvvəl Bakıdan Minskə gedən yollar onu dünya səviyyəli bir hörmətə, şöhrətə doğru aparırdı. Belə ki, orada güclü rəqabət şəraitində formalaşaraq nüfuzlu turnirlərdə iştirak etmək üçün yetişdi. Qran-Pri yarışlarının qalibi oldu, Avropa və dünya çempionatlarından medallar gətirdi. Bundan əlavə, Natiqin çox müsbət aurası da var. O haraya ayaq bassa, orada səmimiyyət və məhəbbət hökm sürür.
Natiq Bağırov 9 dil bilir. Onun yeni dillər öyrənmək istəyi tükənmir. Doğma Azərbaycan dilini isə heç vaxt yaddan çıxarmır. 27 ildir xaricdə yaşamasına və çevrəsindəki insanların çoxu ilə rus, Belarus, ingilis dillərində ünsiyyətdə olmasına baxmayaraq, istənilən an azərbaycanca danışmağa çətinlik çəkmir. Həmişə öz xalqı, Vətəni, torpağı, milləti ilə fəxr edir. Azərbaycan üçün qəlbində keçirdiyi qürur hissi hər yerdə Natiqin stimulu və ilham mənbəyi olur.
İndi Natiq Bağırov həm keçdiyi həyat yolu, həm işi-peşəsi və əməli ilə nümunə ola bilər. Onun təcrübəsindən istər idmançıların, istərsə də digər peşə sahibi olan gənclər faydalana bilirlər.
Hər bir peşənin, sənətin öz xüsusiyyətləri var. İdman ilk növbədə insana möhkəm xarakter, başladığın işi sona çatdırmaq, fiziki güc və iradə bəxş edir. Digər sahələrdə səni kimsə əvəz edə bilər, idmanda isə bu, mümkün deyil.
Həmyerlimiz cüdoda bir sıra yeniliklər də edib. Doğrudur, bir çox hakimlər onun bu döyüş üsullarını qəbul etmək istəməyiblər... O, hətta yarışın gedişində bədahətən nə isə təzə bir şey fikirləşib tətbiq edə bilər.
Natiqin rəqiblərindən incimək adəti yoxdur. Döyüşdə hər hadisə baş verə bilər. İynə-dərmana da otura bilərsən, cərrahiyyə əməliyyatına da məruz qala bilərsən. Bir dəfə Bratislavadakı yarışda rəqibi az qala onun göz bəbəyini zədələmişdi. Özü isə ciddi güləşir, amma kobudluq etməyi və qaydalardan kənara çıxmağı sevmir.
Qəhrəmanımız müvəffəqiyyətin əsas şərtlərini necə xarakterizə edir?
Onun fikrincə, bu, istedad, üstəgəl əməksevərlikdir. Müvəffəqiyyət qazanmaq istəyən hər bir insan, təkcə idmançı yox, bütün diqqətini işinə verməlidir.
Natiq Bağırovun fikirləri:
"Müasir cüdo cəldlik, millimetrə, hətta mikronadək təkmilləşdirilmiş texnika, güclü dözümlülükdür. Üstəgəl, bunların hamısı yüksək sürət də tələb edir. Çəki dərəcəsindən asılı olmayaraq. Bu, təkrar edirəm, çox qısa vaxt ərzində, demək olar saniyələrədək də az vaxt ərzində düşünmək bacarığıdır".
Çempion olmağa hazırlaşan gənclərə daha nə arzulayır? "İlk növbədə onlar bilməlidirlər ki, bu iş, idmanla məşğul olmaq onlara lazımdırmı? Hələ uşaqlıqdan qoyulan bünövrə, bazis budur. Əgər belədirsə, qarşına məqsəd qoymalı və ona doğru getməlisən. Əgər böyük nəticə əldə etmək istəyirsənsə, peşəkar olmalısan. Əgər idmanla məşğul olursansa, vicdanla məşq etməlisən. Əqli imkanlardan səmərəli istifadə etmək, yəni daim oxumaq, öyrənmək lazımdır. Yalnız ağılsız adam deyə bilər ki, idmanda bilik lazım deyil. Erkən yaşlarından idmanla məşğul olan uşaqlara məktəbdə dərslərdən geridə qalmağa imkan verilməməlidir. Məşqçiyə diqqətlə qulaq asmaq, səhvləri təkrar etməmək vacibdir. Və əlbəttə ki, özünə inam bəsləmək, valideynləri, dostları sevmək, heç vaxt kobudluq etməmək lazımdır. Hünərli, qətiyyətli olmalısan. Hər şey məhz bunlardan başlanır. Mən əsl idmançının yolunu belə görürəm".
Qəhrəmanımızın həyatının ayrılmaz bir hissəsi isə "Qobustan"la bağlıdır.
"Qobustan" İctimai Birliyi 1989-cu ildə Belarus Politexnik İnstitutunun, Dövlət Universitetinin, Xalq Təsərrüfatı İnstitutunun və digər təhsil müəssisələrinin azərbaycanlı tələbələri bir təşkilatda birləşməyi qərara alanda yaranıb. Sonra, 1991-ci ildə həmin icmanın əsasında respublika miqyaslı icma təsis edilib.
2002-ci il noyabrın 23-də Belarusda yaşayan azərbaycanlılar vahid ictimai birliyin - Azərbaycan İcmaları Konqresinin təsisetmə konfransını keçirdilər. Natiq Bağırovun Konqresin prezidenti kimi, ilk növbədə, çalışdığı odur ki, cəmiyyətin bütün üzvlərini sıx birləşdirsin. Hamı başa düşsün ki, nə ediriksə, gələcək üçün, özümüz, övladlarımız üçün edirik. N.Bağırovun fikrincə, hər bir azərbaycanlının əzəli arzusu torpaqlarımızın geriyə qaytarılmasıdır. O, həmçinin xalqımızın reytinqinin gündən-günə yüksəlməsini, ölkəmizin getdikcə çiçəklənməsini, bütün doğmalarının sağlam olmasını, onların yaxşı dolanmasını arzu edir, heç kəsin üzülməsini, ağrı-acı içində olmasını istəmir. Hazırda Azərbaycan İcmaları Konqresinə "Qobustan" İctimai Birliyi (Minsk şəhəri), "Azəri" (Mogilyov şəhəri və Magilyov vilayəti), "Dostluq" (Qrodnı şəhəri), həmçinin Bobruysk və Qomel şəhərlərindəki bölmələr daxildir.
Belarusdakı Azərbaycan icmasının kitabxanası və filmotekası var və onlar konqresin ofisində yerləşir. Mogilyov şəhərində uşaq vokal ansamblı yaradılıb. Minsk şəhərində ümumtəhsil məktəblərinin birində Azərbaycan dili, tarixi, coğrafiyası və Azərbaycan xalqının adət-ənənələrinin öyrənilməsi üzrə "Bazar günü məktəbi" açılıb.
Bütün bunlar - tək bir həmyerlimizin şəxsində gördüklərimiz, sübut edir ki, ulu öndər Heydər Əliyevin önəm verdiyi azərbaycançılıq ideologiyası bu gün daha da dərinləşərək yeni forma və məzmun kəsb edir. Natiq Bağırov deyir ki, Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı fundamental bir ideologiyanın, bütün vətəndaşların hər növ hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu. Azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya yaratdı. Nə qədər çətin və ağrılı mərhələlərdən keçsə də, ulu öndərin yaratdığı milli dövlətçilik ideologiyası tarixin sınaqlarından uğurla çıxa bildi. Bu ideologiya ilk növbədə azərbaycançılığı elə bir səviyyədə özündə birləşdirdi ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə xalqımızın ümumi xarakterini müəyyənləşdirdi. Milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından üzərimizə mühüm vəzifələr düşür. Biz belə mücadilələrə hazırıq. Prezident İlham Əliyevin dediyi kimi: "Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir".
Həmyerlimiz deyir ki, uzaqda yaşasaq da, Azərbaycanda baş verən bütün hadisələrlə yaxından tanışıq. Vətənimizin yüksəlişini qürurla izləyirik, problemlərini ürək ağrısı ilə qarşılayırıq. Son dövrlərdə idmana necə böyük qayğı və dəstək göstərildiyi bütün dünyanın gözü qarşısında baş verir. Bütün bunlar məhz cənab İlham Əliyevin dövlət başçısı kimi idmana verdiyi önəmin nəticəsində mümkün olub.
* * *
Yaponiyada, Almaniyada, İngiltərədə, İtaliyada, Finlandiyada və neçə-neçə digər ölkələrdə yarışların qalibi olan həmvətənimiz Natiq Bağırov 9 qızıl, 2 gümüş və 7 bürünc medal alıb.
Bu yazıda biz uzaqda yaşayan yüzlərlə həmvətənlərimizdən birinin ömür yoluna nəzər saldıq. Yarım əsrlik bir həyat yoluna! Bu 50 ilin yarıdan çoxunu o, qürbətdə yaşayıb və hər işində, əməlində Vətənini, Azərbaycanı düşünüb. Elə yaşayıb ki, əhatəsində yaşadığı belaruslar da onu çox seviblər. Hələ neçə il bundan əvvəl belaruslar eşidəndə ki ona xaricdə işləmək təklif edilib, çox narahat olublar. Bununla belə, onların çoxunun qəlbində bir arxayınçılıq var idi. Çünki bilirdilər ki, Minsk ona ikinci vətən qədər əzizdir və o, buradan əlini ürəyinin üstünə qoyub rahatca gedə bilməz. Onlar düz fikirləşirdilər.
Natiq Vətənini, torpağını, anasını, ana südünü unuda bilmədiyi kimi, çörəyi də itirən deyil.
Sonda dəyərli həmvətənimizi 50 yaşı münasibətilə təbrik etdik və bu illər ərzində qazandığı qələbələrin ən böyüyü barədə soruşduq. "Ən böyük qələbəmi illər əvvəl Bakıda cüdoya yazıldığım gün qazandım", - dedi.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 7 sentyabr.- S.5.