«Şahdəniz» Azərbaycanın iqtisadi tərəfdaş

 kimi dünyadakı nüfuzunu daha da artıracaq

 

 

Keçən il dekabrın 17-də "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinə yekun investisiya qərarı veriləndən bəri layihə uğurla irəliləyir. İşlər bir neçə istiqamətdə davam etdirilir.

"İstiqlal" qazma qurğusu yatağın ərazisindədir. Bu ilin ikinci rübü ərzində qurğu SDC03 quyusunda qazma əməliyyatlarını başa çatdırıb. Rübün sonunda isə SDC04 quyusuna yaxınlaşaraq orada qazma əməliyyatlarına başlayıb. Burada işlərin gələn ilin  əvvəllərində tamamlanması gözlənilir.

Heydər Əliyev qazma qurğusu isə keçən rüb ərzində SDD02 quyusunun aşağı hissəsində qazmanı davam etdirib. Burada əməliyyatların cari rübdə sona çatması nəzərdə tutulub. Ümumiyyətlə, ilk qaz hasilatına hazırlıq yönümündə artıq 5 quyu qazılıb.

Xatırladaq ki, "Şahdəniz-2" Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, hazırda dünyada həyata keçirilən ən böyük qaz işlənməsi layihələrindən biridir.

"Şahdəniz-2"nin ümumi dəyəri Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi də daxil olmaqla təqribən 28 milyard ABŞ dolları təşkil edəcək. Bu mərhələ çərçivəsində hər il çıxarılacaq 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql olunaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz 2018-ci ilin sonlarında çıxarılacaq. Onun  Gürcüstan və Türkiyəyə satılması nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz"in ikinci mərhələsinin işlənməsi planlarına bir-birinə körpü vasitəsilə birləşdirilmiş iki  hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda boru kəmərləri, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

Azərbaycan qazının Avropaya çatdırılması üçün böyük kəmərlər şəbəkəsi yaradılır. Belə ki, mövcud CQBK Azərbaycan və Gürcüstan ərazisi boyunca genişləndiriləcək və hər il əlavə olaraq 16 milyard kubmetr qazı da nəql etmək  gücündə olacaq. Bu məqsədlə Azərbaycanda 48 düym diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası tikiləcək. Türkiyə ərazisindən keçən Transanadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi reallaşacaq. Yunanıstan və Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Transadriatik Boru Kəmərinin (TAP) çəkilməsi ilə bağlı planlar gerçəkləşdiriləcək. Bu layihələrin hamısı birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur Avropaya yeni Cənub Qaz Dəhlizi açacaq.

"Şahdəniz-2" qazının ildə təxminən 10 milyard kubmetri 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılacaq. Bundan başqa, hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetrini Türkiyədəki istehlakçılar alacaqlar. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

Nazirlər Kabinetinin cari ilin birinci yarımilliyin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev layihə ilə bağlı görülən işləri belə dəyərləndirmişdir: "Bu altı ayda neft-qaz sahəsində, xüsusilə Cənub Qaz Dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. Cənub Qaz Dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadienerji tərəfdaşına çevirəcək".

İndiyədək "Şahdəniz-2" çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 8,5 milyard dollar dəyərində müqavilələr imzalanıb. Azərbaycanda və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində artıq ilkin işlər başlanıb.

Dayaq blokları və göyərtələrin inşası üçün tikinti-quraşdırma sahələrində, həmçinin qurudakı terminalda işlər başlanmaq ərəfəsindədir. Platformanın dayaq blokları və üst modulların quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəyə gətirilib.

"Şahdəniz"in və Cənubi Qafqaz Boru Kəmərinin sərmayədarları eynidir. Bunlar BP ("Şahdəniz"də operator, CQBK-da texniki operator - 28,8 faiz), ARDNŞ (16,7 faiz), "Statoyl" (15,5 faiz), "Total" (10 faiz), "LUKoyl" (10 faiz), NİKO (10 faiz) və TPAO (9 faiz). Bu faizlərə "Statoyl"dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. "Total" "Şahdəniz"dəki 10 faizlik iştirak payını TPAO-ya satmağa razılaşıb. Hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

Bu ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə 22,4 milyon dollar əməliyyat xərcləri və 325 milyon dollar əsaslı xərclər sərf edilib. İl ərzində  əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyon dollara qədər artacaq.

CQBK-nın genişləndirilməsi üzrə əksər müqavilələr imzalanıb. İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilin sonuna doğru planlaşdırılıb.

Görülən işlər ilk qazın vaxtında hasil ediləcəyinə və istehlakçılara çatdırılacağına inamı artırır.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 7 sentyabr.- S.3.