Azərbaycanın daxili işlər naziri Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

 

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 4-dən 6-dək Qırğız Respublikasının Çolpan-Ata şəhərində səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.

Daxili İşlər Nazirləri Şurasının iclasında, həmçinin səlahiyyətli orqanlar tərəfindən şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsi, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində əməkdaşlıq haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dair İcra Protokolu, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Mərkəzi Asiya regionunda Regional Əməliyyat Qrupunun işinin təşkil edilməsini tənzimləyən sənədlərin işlənib hazırlanması, həmçinin bir sıra digər məsələlər üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

 

Azərbaycan.-2014.- 9 sentyabr.- S. 2.