Prezident İlham Əliyev Bakıdakı 153 nömrəli məktəbin

 əsaslı təmir və yenidənqurma işlərindən

 sonrakı vəziyyəti ilə tanış olub

 

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəb binalarının təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və zəruri avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə olan qayğısını nümayiş etdirir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Yasamal rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbdə yenidənqurma işlərinə ötən ilin oktyabrında başlanılıb və yüksək səviyyədə həyata keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompyuter, əmək təlimi və tibb otaqları da yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb.

Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı pedaqoji kollektivlə xatirə şəkli çəkdirdi.

 

 

Azərbaycan.-2014.- 10 sentyabr.- S.2.