Milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir

 

Akademik Ramiz Mehdiyev: "Bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verirlər"

 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. "Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir" deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlampak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır. Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış jurnal və qəzetlərin heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır.

Jurnalist cəmiyyəti obyektiv informasiya ilə təmin etməklə yanaşı, həm də  peşə etikasına hörmətlə yanaşmalıdır. Şübhəsiz, mövcud problemlərin əsasında bəzən media sahəsində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması durur. Jurnalistikaya asan qazanc mənbəyi kimi baxan bir çox diletant şəxslər təsis etdikləri "qəzetləri" də özlərinin cılız maraq və ambisiyalarının "tribuna"sına çevirmişlər. Sağlam təfəkkürdən, peşəkarlıqdan, savad və məntiqdən uzaq olan belə "çızmaqaraçılar"ın nəinki milli mətbuat, bütövlükdə cəmiyyət üçün başağrısına çevrildiyinietiraf etməliyik. Bu mənada, xalqın tarixən formalaşmış zəngin mənəvi dəyər və ənənələrinin, əxlaq normalarının, xüsusilə də milli maraqlarının belə "yazarlar"dan qorunması ilə bağlı mövcud ictimai narahatlığın da obyektiv əsasları mövcuddur.

Təəssüf ki, bu gün ifrat siyasiləşmiş qəzetlərdə jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə düzgün baxış kimi ümdə prinsiplər mütəmadi pozulur. Xaricdən maliyyələşən bəzi qəzetlər  Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan, milli-etnik münasibətləri qızışdıran yazılar dərc etməkdən də çəkinmirlər. Antiazərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, düşmən "dəyirmanına su tökən" bu qəzetlər üçün milli maraq məfhumu da yoxdur.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində bu məqamlara xüsusi  toxunulmuşdur. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə akademik Ramiz Mehdiyev bildirib: "Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət görülməyib. Onların əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da təqdim etməkdir".

Unutmaq lazım deyil ki, "Kütləvi informasiya vasitələri haqqında" qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapmışdır. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi  birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir ki, "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".

Hər bir hüquq kimi, söz və mətbuat azadlığı da mütləq xarakter daşımır və hüdudsuz deyildir. Kimə məxsus olmasından asılı olmayaraq, müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər. Hüquq və azadlıqlar hüquqi vəzifələrlə uzlaşdırılmalıdır ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik olmasın. Çünki hüdudsuz hüquq və azadlıqlar yalnız digər hüquq və azadlıqların pozulması hesabına reallaşır. Hüquq və azadlıqların hüquqi vəzifələrlə uzlaşdırılması Azərbaycan Respublikası qanunvericiliyində də dünya təcrübəsinə uyğun olaraq sivil formada həll edilmişdir. Lakin bu gün açıq-aşkar mili maraqlarımıza qarşı fəaliyyət göstərən bir sıra  qəzet və saytların rəhbərlərinin etdikləri hərəkətlərə görə məsuliyyətdən tamamilə azad olunması cəmiyyətdə cəzasızlıq presedentinin formalaşmasına rəvac verə bilər.

Xarici antiazərbaycan dairələrin təsiri altında olan bu qüvvələr məhz şəxsi ambisiyaları uğrunda mübarizə apararaq milli maraqlarımızı satmaqla məşğuldurlar. Bəzi media qurumları Azərbaycan ordusunda döyüş şəraitində həlak olmuşya yaralanmış hərbi qulluqçularla bağlı məsələyə də özünəməxsus tərzdə münasibət bildirirlər. Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Akademik Ramiz Mehdiyev müşavirədə bu məsələlərə də toxunub: "Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar. Məsələn, avqustun əvvəllərində bəzi saytlar Ermənistanla sərhəd zonalarında azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə yanlış informasiya yaydılar və bununla da əhali arasında çaşqınlıq yaranmasına xidmət etdilər. Nəşrlərdən biri isə sərhədyanı zonalarda yaşayan əhalini ruhlandırmaq əvəzinə süni şəkildə sosial problemləri, təhlükəsizlik məsələlərini qabardaraq, əhalinin həmin əraziləri tərk etməsi üçün təbliğat aparıb. Bu yolu tutanlar bilməlidirlər ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər".

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 10 sentyabr.- S.2.