«Ölkəmizi tanıyaq»
tur-aksiyasının birinci mərhələsi
gənc
nəslin vətənpərvərlik
tərbiyəsinə mühüm töhfə oldu
Bu gün müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın birinci mərhələsi də məhz bu amala - ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyırdı.
Prezident İlham Əliyev bu günlərdə böyük müvəffəqiyyətlə başa çatan "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının anonsunu hələ bir il bundan əvvəl 2013-cü il sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin açılışında cənub bölgəsinin gəncləri ilə görüşü zamanı verərək demişdi: "Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Yəni, cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Bu olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 10 il ərzində bölgələrdə bəlkə min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti yalnız öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da, Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir".
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu tur-aksiya Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bir aydan artıq davam edən tur-aksiyanın birinci mərhələsinə 53 şəhər və rayondan 2385 nəfər iştirakçı qatılıb. Tur iştirakçılarının 2120 nəfərini məktəblilər, 265 nəfərini isə müşayiətçilər təşkil ediblər. Hər biri 45 nəfərdən (40 şagird və 5 müşayiətçi) ibarət ekskursiya qrupları hərtərəfli rahatlığı ilə seçilən xüsusi avtobuslarla ölkəmizin müxtəlif bölgələrinə səyahət ediblər.
Ekskursiya turları 3 istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə həyata keçirilib. Bu bölgələr heç də təsadüfi seçilməyib. 2016-cı il üçün "Avropanın Gənclər Paytaxtı" seçilmiş Gəncə şəhəri, Azərbaycanın qədim sənətkarlıq və mədəniyyət mərkəzi Şəki və 2014-cü il üçün "Azərbaycanın Gənclər Paytaxtı" elan edilmiş Quba şəhəri tarixilik baxımından ölkəmizin mühüm əhəmiyyət kəsb edən qədim diyarlarıdırlar. XVIII əsrdə xanlıqların paytaxtı olmuş bu şəhərlərə, Azərbaycanın azadlığı, müstəqilliyi və birliyi uğrunda mübarizə aparmış Cavad xanın, Hacı Çələbi xanın, Fətəli xanın məmləkətlərinə ekskursiyalar, şübhəsiz, məktəblilərin yaddaşında xoş xatirə kimi əbədi qalacaqdır.
Bir aydan artıq davam edən tur-aksiya çərçivəsində məktəblilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, şəhərlərin görməli yerləri ilə də yaxından tanış olmaq imkanı əldə ediblər. Tur-aksiya iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, diqqət və qayğısı sayəsində şəhər və rayonlarımızın necə sürətlə inkişaf etdiyini, sosial-iqtisadi tərəqqini əyani şəkildə görüblər.
Ekskursiya turları zamanı həyata keçirilən bütün tədbirlərin, məktəblilərin yolasalınma və qarşılanma mərasimlərinin, tarixi məkanlara səyahətlərin respublikanın aparıcı informasiya agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) xətti ilə, həmçinin televiziya kanallarında yüksək səviyyədə və operativ surətdə işıqlandırılması təmin olunub. Həmin müddətdə AzərTAc-ın saytında tur-aksiya ilə bağlı 279 informasiya, müsahibə və video-xəbər yerləşdirilib. Bu materialların yarıdan çoxu rəsmi dövlət qəzetlərində dərc edilib.
Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən "Ölkəmizi tanıyaq" tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi və rəğbətlə qarşılanıb. Sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.
Bu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən İkinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edərkən gənclərə olan sevgi və məhəbbətini bir daha nümayiş etdirərək deyib: "Azərbaycan gəncləri bizim qürur mənbəyimizdir. Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm, biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə ölkəmizin inkişafına töhfə verirlər".
Bəli, dövlət başçısının tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın birinci mərhələsi uğurla başa çatdı. Bu aksiya məktəblilərin hafizəsində silinməz izlər buraxdı, onların Vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirdi, gənclərə Vətəni sevməyi öyrətdi. Cari ilin noyabr və 2015-ci ilin mart aylarında maarifləndirici tur-aksiyanın müvafiq olaraq ikinci və üçüncü mərhələlərinin keçirilməsi nəzərdə tutulur. Göründüyü kimi, məktəbli gəncləri hələ qarşıda neçə-neçə maraqlı ekskursiya və səyahətlər gözləyir.
Mustafa DADAŞOV,
AzərTAc-ın müxbiri
Azərbaycan.-2014.- 10 sentyabr.- S.7.