Birinci Azərbaycan Beynəlxalq
Müdafiə
Sənayesi Sərgisinin iştirakçılarına
Hörmətli
sərgi iştirakçıları!
Əziz
qonaqlar!
Sizi
"ADEX - 2014" Birinci Azərbaycan Beynəlxalq Müdafiə
Sənayesi Sərgisinin açılışı münasibətilə
səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrimizin
gələcəyi naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Belə
bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensiala
malik dövlətlərindən olan müstəqil Azərbaycanın
paytaxtı Bakı şəhərində təşkili
heç də təsadüfi deyildir. Sürətlə modernləşən
respublikamızın iqtisadiyyatının bütün sahələri
dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il "Sənaye
ili" elan olunmuş və cari ilin ötən dövrü ərzində
sənayenin bütün istiqamətləri üzrə müsbət
nəticələr qazanılmışdır. Bu baxımdan
ümidvaram ki, sərginiz ənənəvi xarakter alaraq öz
əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir.
Daim
dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik
çağırışları ilə üzləşməsi
hərbi-texniki əməkdaşlıq və müasir
texnologiyaların mübadiləsi məsələlərinin
aktuallığını daha da artırmışdır.
Xarici hərbi təcavüz nəticəsində torpaqları
işğala və terrorizmə məruz qalmış Azərbaycan
Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini
və dövlətlərarası əməkdaşlıq
münasibətlərinin dərinləşdirilməsini hər
zaman diqqət mərkəzində saxlayır, qəbul
edilmiş Hərbi Doktrina çərçivəsində
özünün müdafiə potensialını gücləndirərək
ümumbəşəri ədalət prinsiplərini
bölüşən bütün dost və tərəfdaş
dövlətlərlə işbirliyinə yüksək maraq
göstərir.
İnanıram
ki, bu sərgidə aparılacaq səmərəli
görüşlər və işgüzar
danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsinə öz töhfəsini verəcək,
mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət
meydanına çevrilməsində xüsusi rol
oynayacaqdır.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 10 sentyabr 2014-cü il
Azərbaycan.-2014.- 11 sentyabr.- S.1.