Prezident İlham
Əliyev Bakının Nizami rayonundakı
32 və 12 nömrəli məktəblərdə
yaradılan şəraitlə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli
tam orta məktəblərdə yaradılan şəraitlə
tanış olub.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı qəbul edilən xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər
planına uyğun olaraq bütün sosial sahələrdə
olduğu kimi, təhsil müəssisələrinin əsaslı
şəkildə yenidən qurulması, yeni məktəb
binalarının, uşaq bağçalarının
inşası prosesi məqsədyönlü şəkildə
uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə,
eləcə də respublikanın hər yerində orta məktəb
binaları yüksək standartlara uyğun şəkildə
yenidən qurulur və lazımı avadanlıqla təchiz
edilir, təhsil müəssisələrinin ərazilərində
abadlıq işləri həyata keçirilir, yeni
yaşıllıq zolaqları salınır. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
də mühüm işlər görülür.
Prezident
İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə
həyata keçirilən təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyətlə tanış oldu.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov görülən
işlərlə bağlı dövlətimizin
başçısına məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən
ibarət olan məktəbdə 1050 şagird təhsil
alır. Yeni dərs ili ərəfəsində məktəbin
bütün sinif otaqları, fənn kabinetləri yüksək
standartlara uyğun şəkildə əsaslı surətdə
təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları
ilə təchiz olunub. Məktəbin istilik və
işıqlandırma sistemləri də müasir tələblər
səviyyəsində yenidən qurulub. Növbəti il
üçün 640 şagird yerlik əlavə korpusun
inşası nəzərdə tutulur.
Dövlətimizin
başçısı məktəbin ayrı-ayrı sinif
otaqlarını gəzdi, yaradılan şəraitlə
tanış oldu.
Sonra
Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə
gəldi. Burada görülən təmir və yenidənqurma
işləri ilə bağlı da dövlətimizin
başçısına məlumat verildi. Bildirildi ki, 12
nömrəli tam orta məktəbin binası 1974-cü ildə
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə inşa edilib və Ulu Öndərin iştirakı ilə
istifadəyə verilib. Üç mərtəbədən
ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə
1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs
ili üçün 240 şagird yerlik əlavə korpusun
inşası nəzərdə tutulur. Burada da bütün
sinif otaqları və fənn kabinetləri yüksək
standartlar səviyyəsində təmir edilib, müasir istilik
və işıqlandırma sistemləri
quraşdırılıb.
Dövlətimizin
başçısı 12 nömrəli tam orta məktəbdə
əsaslı təmir və yenidənqurma işlərindən
sonra yaradılan şəraitlə yaxından tanış
oldu.
Azərbaycan.-2014.- 11 sentyabr.- S.2.