Nazirlər Kabinetində Azərbaycan-Serbiya
əlaqələrinin
inkişaf perspektivləri müzakirə olunub
Sentyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Serbiya Baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycan ilə Serbiya arasında strateji əməkdaşlıq çərçivəsində davam edən dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün siyasi iradənin və zəruri hüquqi bazanın mövcud olduğu qeyd edilib, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə hər iki ölkə arasında xüsusən qeyri-neft sektorunda, turizm, humanitar sahələrdə, habelə hərbi-sənaye kompleksi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şəraitin olduğu nəzərə alınmaqla, gələcəkdə yeni layihələrin müzakirəsi, biznes-forumların keçirilməsi səmərəli hesab edilib.
Müasir dövrdə regional münaqişələrdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılaraq təcavüzkarlıq və separatçılıq meyillərinin qəbulolunmazlığı fikrində həmrəylik ifadə edilib. Tərəflər bütün beynəlxalq tədbirlərdə Azərbaycan və Serbiyanın eyni mövqedən çıxış edərək məsələlərin beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək verdiyini məmnunluqla xatırlayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 11 sentyabr.- S.3.