Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ:

 məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi və təqdimatı keçirilib

 

Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının geniş iclasında akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi və təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir.

Akademik Ramiz Mehdiyev yeni əsərində Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da, görkəmli alim bir vətəndaş tədqiqatçı kimi müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti çox incəliklə araşdırıb ortaya çıxarmağı qarşısına məqsəd qoyub.

Yaqub Mahmudov deyib ki, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk məxəzlərdəki, o cümlədən erməni mənbələrindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas “dəlili” onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olması barədəki saxta uydurmalarını alt-üst edir. Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüblər.

Müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır.

Akademik Ramiz Mehdiyev oxuculara belə bir tarixi həqiqəti çatdırır ki, erməni etnosuonun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdikləri “mədəniyyət”, hətta “erməni” adının özü belə onların özlərinə - “haylara aid deyil, oğurluqdur.

Yaqub Mahmudov kitabın Moskvada çap olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Alimin sözlərinə görə, əsərin rus dilində nəşrinin əhəmiyyəti ondan ibarətdir ki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin taleyini həllində mühüm rol oynayan bir ölkənin paytaxtında işıq üzü görüb.

Tarix İnstitutunun direktoru qeyd edib ki, akademik Ramiz Mehdiyev tədqiqatçı alim olmaqla yanaşı, həm də nəzəriyyəçi filosofdur. O, vətəndaşlıq mövqeyindən yazılmış bu əsərində hər iki aspektdən çıxış edərək tutarlı sözünü deyə bilib. Hörmətli akademikimizə daha böyük uğurlar, Vətənimizin, millətimizin mənafeyini müdafiə edən yeni əsərlər yazmağı arzulayırıq.

Daha sonra Y.Mahmudov akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsi təklifini irəli sürüb. Alim bildirib ki, bu yolla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi və hər kəsin başa düşəcəyi dildə çatdırmaq mümkündür.

Y.Mahmudov Azərbaycan tarixinin yenidən yazılması təşəbbüsünün ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü, hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Son illər tariximizə aid həqiqətlərin üzə çıxarılmasında böyük işlərin görüldüyünü diqqətə çatdıran alim rəhbərlik etdiyi elm müəssisəsinin bu istiqamətdə fəaliyyətini, Azərbaycan tarixinin qaranlıq səhifələrinin aşkarlanması işinə töhfələriniqeyd edib.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan milli tarixşünaslığında artıq otuz ildən çoxdur mütəmadi müzakirə olunurbu mövzuda sanballı əsərlər yazılır. Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri bu istiqamətdə atılan daha bir uğurlu addımdır.

C.Bəhramov qeyd edib ki, iyirmi beş fəsildən ibarət olan əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Bütövlükdə, əsər bu problemin qədim dövrlərdən bu günədək olan tarixini əks etdiririlkin mənbələrə əsaslanaraq əsl həqiqətləri oxucuya təqdim edir. Kitabda tarixi sənədlər xronoloji ardıcıllıqla verilir. Əsər Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edir.

Vurğulanıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri milli tarixşünaslığımızda irəliyə atılan yeni bir addım kimi çox dəyərlidir və tarixçilər üçün əhəmiyyətli mənbədir.

Tarix İnstitutu direktorunun müavini Tofiq Nəcəfli qeyd edib ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini göstərən, eləcə də Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi faktlar əksini tapıb. Kitabda Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövrə nəzər salınır və bu regionun müasir tarixindən bəhs edilir. Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Tofiq Nəcəfli qeyd edib ki, əsərdə antikorta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, həmçinin yenimüasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Lakin bu ərazilərə iddialı olan ermənilər işğal etdikləri Dağlıq Qarabağ regionundakı abidələri kütləvi şəkildə məhv edir, bununla da tarixi saxtalaşdırmağa cəhd göstərirlər. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin diqqəti çəkən məziyyətlərindən biriodur ki, burada tarixi-fəlsəfi cəhətdən elmi ümumiləşdirmələr aparılır. Bu isə Azərbaycan tarix elmi üçün mühüm nailiyyət hesab edilməlidir.

Tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev bildirib ki, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri tarixi faktların dəqiq mənbələr əsasında ictimaiyyətə təqdim olunması istiqamətində irəliyə atılan mühüm addımdır. Əsərdə Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Monoqrafiyanın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırır. Akademik Ramiz Mehdiyevin bu kitabı, eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Tədbirdə Milli Məclisin deputatı, professor Fəzail İbrahimli çıxış edərək kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin müzakirəyə təqdim olunan əsəri xalqımız üçün kifayət qədər taleyüklü məsələyə həsr edilib. Kitabda erməni məxəzlərindən və xarici mənbələrdən geniş istifadə edilməsi ermənilərin əzəli Azərbaycan torpaqlarına iddialarının əsassız olduğunu göstərir.

Professor F.İbrahimli vurğulayıb ki, ermənilər tərəfindən təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gündavam edir. İşğal edilmiş torpaqlarımızda qədim Azərbaycan adları sürətlə dəyişdirilir. Hər bir elementin problemin təkamülünü müəyyən etməsi və məntiqi yük daşıması amili akademik Ramiz Mehdiyevin bu əsəri üçün əsas olub. Tarix elmimiz üçün dəyərli mənbə olan bu kitab postsovet məkanında ən qanlı münaqişə barədə erməni tərəfin tezislərinin saxtalığını ifşa etməyə yönəlib və müəllif bu məqsədinə çatıb.

Professor Tofiq Mustafazadə akademik Ramiz Mehdiyevin yeni kitabının Azərbaycan tarixşünaslığının ayrı-ayrı dövrlərinin öyrənilməsi üçün çox böyük elmi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübut edilir.

T.Mustafazadə Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının siyasi vəziyyətinin və onların yürütdükləri siyasətin təhlilinin kitabda diqqəti cəlb edən əsas məqamlardan olduğunu vurğulayıb.

Tarix İnstitutunun yeni tarix şöbəsinin müdiri, professor Hacı Həsənov akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin Azərbaycanın elmi həyatında mühüm hadisə olduğunu vurğulayıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycandakı xristian abidələri erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olub. Əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan Erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışırdı. Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsi də bu siyasətin bir hissəsi idi.

Tarix elmləri doktoru, professor Camal Mustafayev bildirib ki, akademik Ramiz Mehdiyevin yeni kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən əsərdir. Kitabın məziyyətlərindən danışan C.Mustafayev söyləyib ki, əsər çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Əsər tarix elmimizin böyük nailiyyətidir və burada qədim mənbələr, arxeoloji, antropoloji faktlar əsasında sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o cümlədən Cənubi Qafqaza gəlmədirlər, onlar bu yerlərə çar Rusiyası tərəfindən köçürülüblər. Moskvada nəşr olunan kitab rusdilli oxucular üçün, eləcə də tarixçi alimlər üçün əhəmiyyətli mənbədir.

Təqdimat mərasimində professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli, İlqar Niftəliyev və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin yeni fundamental əsərinin tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün dəyərli mənbə, həmçinin Azərbaycan tarixşünaslığına qiymətli töhfə olduğunu vurğulayıblar.

İclasın sonunda akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsi və dünya ictimaiyyətinə çatdırılması qərara alınıb.

 

 

Azərbaycan.-2014.- 11 sentyabr.- S.5.