Bakıda «Riyaziyyatın və
astronomiyanın tarixi, mövcud
durumu və gələcəyə
baxış» mövzusunda konfrans keçirilir
Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında böyük alim Nəsirəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar "Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Universitetinin birgə təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.
AzərTAc xəbər verir ki, Azərbaycan, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, İran, Özbəkistan və digər ölkələrdən alimlərin iştirak etdiyi beynəlxalq konfransda AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev N.Tusinin elmi yaradıcılığının əhəmiyyətindən, Azərbaycan riyazi məktəblərinin formalaşmasındakı rolundan danışıb.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov ölkəmizdə Nəsirəddin Tusinin elmi yaradıcılığına göstərilən diqqətin təqdirəlayiq hal olduğunu bildirib. O, qeyd edib ki, ulu öndər Heydər Əliyev Nəsirəddin Tusini dahi Azərbaycan alimi və mütəfəkkiri hesab edib, onun zəngin yaradıcılığı ilə yanaşı, böyük bir elmi məktəbin banisi kimi bütün dünyada şöhrət qazandığını hər zaman söyləyib. Məhz buna görə də N.Tusinin anadan olmasının 800 illiyinin UNESCO tərəfindən beynəlxalq hadisə kimi qiymətləndirildiyini nəzərə alan ümummilli lider 2001-ci ildə bu yubileyin dövlət miqyasında qeyd edilməsi haqqında xüsusi fərman imzalayıb.
M.Mərdanov N.Tusinin həyat və yaradıcılığını tədqiq edən bir sıra alimlərin onun Azərbaycan türkü olduğunu əsaslı dəlillərlə sübut etdiklərini də xatırladıb.
Konfransda professorlar Sergey Demidov (Rusiya), Jak Sesiano (İsveçrə), Əhməd Cabbar (Fransa), Salim Aydüz (Böyük Britaniya) və digər alimlərin məruzələri dinlənilib.
Sentyabrın 12-də başa çatacaq konfransın bölmə iclasları AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və Azərbaycan Universitetində olacaq.
Konfransın materialları Azərbaycan,
rus və ingilis dillərində çap olunub.
Azərbaycan.-2014.-
11 sentyabr.- S.11.