Mədəniyyət və turizm
naziri Qəbələ şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin həllinə kömək göstərirlər.
AzərTAc
xəbər verir ki, sentyabrın 10-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Qəbələ şəhərindəki
Heydər Əliyev Mərkəzində Qəbələ,
Ağsu, İsmayıllı, Qobustan, Oğuz və
Şamaxı rayonlarından olan vətəndaşları qəbul
edib.
Mədəniyyət
və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt
ünvanı, e-services.mct.gov.az elektron xidmətlər
saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə,
eləcə də müvafiq şəhər-rayon mədəniyyət
və turizm şöbələrinə müraciət etməklə
qəbula yazılmış 40-dək vətəndaş nazirlə
görüşdə müxtəlif məsələlərlə
bağlı xahiş və təkliflərini səsləndirib.
Müraciətlər
əsəsən yerlərdə uşaq musiqi və incəsənət
məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət
abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı,
yerlərdə turizmin inkişafı, bölgələrdəki
bəzi tarixi mədəniyyət abidələrinin turizm
marşrutuna salınması və infoturların təşkili,
mədəniyyət işçilərinə fəxri
adların verilməsi, yerlərdə muzeylərin
yaradılması, el sənətkarlığının
inkişafı, mədəni irsin təbliği, xatirə tədbirlərinin
keçirilməsi, işlə təmin olunma və digər məsələləri
əhatə edib.
Qəbələ
rayonunda xalq sənətkarlarının xaricdə sərgilərdə
iştirakına, Oğuz rayonunun Baş Daşağıl kəndində
xalçaçılığın inkişafı
üçün avadanlığın alınmasına,
Şamaxı rayonunun Dəmirçi kəndində qədim məscidin
bərpasına kömək göstərilməsi xahiş
edilib.
Qəbulda
qədim Qəbələ şəhərinin tarixi və Qəbələ
Tarix-Mədəniyyət Qoruğu ərazisində aparılan
arxeoloji tədqiqatlarla bağlı konfransın keçirilməsi
təklifi də səsləndirilib. Nazir, həmçinin vətəndaşların
İsmayıllı və Oğuz rayonlarında
tarix-diyarşünaslıq muzeyləri üçün yeni
binaların tikilməsi, Şamaxıda etnoqrafiya muzeyinin
yaradılması, Oğuz şəhərində rəsm
qalereyasının açılması barədə xahişlərini
dinləyib. Qobustanda Aşıq Xanışın xatirəsinin
əbədiləşdirilməsi, Qəbələ xalq
teatrına dram teatrı statusunun verilməsi barədə
müraciətlər edilib.
Görüşdə regionlarda turizmin inkişafı ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Qədim Ağsu şəhərinin yerində yaradılmış arxeoloji muzey-kompleksinin turizm marşrutuna daxil edilməsi, Qobustan rayonunda turizm kollecinin açılması barədə xahiş və təşəbbüslər səslənib.
Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır.
Ə.Qarayev Qəbələ şəhərində keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.
Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği ilə bağlı maraqlı təkliflərin olduğunu qeyd edən nazir vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirib, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini deyib.
Ə.Qarayev qəbulda sosial məsələlərlə bağlı
səslənən müraciətlərə də
baxılacağını və həllinə kömək edilməsi
üçün aidiyyəti instansiyalara
çatdırılacağını söyləyib.
Azərbaycan.-2014.- 11 sentyabr.- S.11.