Müdrik alim və ədib
Məmməd Arif-110
Sovetləşmədən
sonra yenidən formalaşan elmi
məktəblərimizdən biri də müasir ədəbiyyatşünaslıq, xüsusilə ədəbiyyat
tarixçiliyi idi.
Düzdür, sovetləşməyə qədər Firidun bəy Köçərli,
Abdulla Sur, Salman Mümtaz kimi ədəbiyyatşünas və
mətnşünaslarımız var idi. Lakin onlarda Şərq
təzkirəçiliyi ilə Qərb ədəbiyyatşünaslıq
məktəbi hələ tam ayrılmamışdı. Məsələn,
Firidun bəy Köçərlinin
öz tələbələri üçün
hazırladığı ikicildlik müntəxəbat belə
idi.
Mədəni
inqilab illərində bizdə Avropa tipli yeni ədəbiyyatşünaslıq
məktəbi formalaşdı: bu, bir tərəfdən
M.F.Axundzadənin maarifçilik yoluna, o biri tərəfdən
isə Moskva bolşevikləri tərəfindən
fəal təbliğ edilən marksist metodologiyaya əsaslandı.
Anadan olmasının 110 illiyini Prezident sərəncamı ilə
qeyd etdiyimiz akademik Məmməd Arif Dadaşzadə də bu
yeni elmi məktəbin ən müdrik və aparıcı
nümayəndələrindən biri oldu.
Ədəbiyyat
elminin müasir meyarlarla formalaşması hər bir xalqın
mədəniyyəti və düşüncə tarixində
mühüm hadisədir. Azərbaycan kimi müstəqillik
yoluna nisbətən gec çıxan xalqlar üçün
isə bu, fövqəladə əhəmiyyət
daşıyır. Çünki bizim fikir tariximizin ən
aparıcı, çox zaman isə yeganə qolu ədəbiyyatımız
olub. Bu baxımdan indi ictimai fikir tariximizin digər sahələrini
də, əsasən, ədəbiyyatımızın mətnləri
əsasında öyrənirik.
Marksist ədəbiyyatşünaslıq
və tənqid məktəbinin yaranması bizim ictimai fikir
tarixində bir inqilab, köklü yeniləşmə idi. Ona
görə ki, marksist metodologiya Avropa fikrinin həm praqmatik, həm
də nəzəri nailiyyətlərini özündə birləşdirmişdi
və ancaq ədəbiyyat tarixini yeni şəkildə
anlamağa yol açması ilə əhəmiyyətli
deyildi. Marksizm metodologiyası orta azərbaycanlı
üçün dünyada gedən prosesləri qiymətləndirməkdə,
öz taleyimizə bu fonda baxmağa imkan verməsi ilə əhəmiyyətli
idi. Bu istiqamətdə Nəriman Nərimanov, Ruhulla Axundov, Əli
Nazim, Bakı Universitetində rus dilində mühazirələr
oxuyan bir nəsil alimlər mühüm rol oynadılar. Marksist
klassiklərinin mühüm əsərləri Azərbaycan
dilinə tərcümə olundu (təəsüf ki, bu
kitabların bir qismi AXC-Müsavat iqtidarı vaxtı zibilliklərə
töküldü).
Marksist ədəbiyyatçılığın
formalaşması 1920-1930-cu illərdə böyük
ifratlarla gedirdi: klassik irs inkar edilir, ayrıca bir proletar ədəbiyyatı
iddiası təbliğ olunur, qocaman yazıçılara
qarşı hörmətsiz yazılar baş alıb gedirdi. Məmməd
Arif bu prosesdə lap cavan vaxtlarından iştirak edirdi.
Rus-tatar məktəbində yaxşı oxumuşdu, rus dilini
gözəl bilirdi. O zaman bu, bolşevik mətbuatında fərqlənmək
üçün çox zəruri idi: Moskvada gedən ideoloji
və siyasi kampaniyalar haqqında birinci mənbələrdən
xəbərdar olmaq, onlar barədə Azərbaycan dilində
sadə və anlaşıqlı yazmaq mühüm iş idi.
Ona görə onun həyat yolu bir tərəfdən elm və
xüsusilə akademik elmlə, o biri tərəfdən isə
yeni bolşevik mətbuatı, ədəbi mətbuatla sıx
bağlı idi. Bu qoşa
qanadı o, ömrü boyu daşıdı: ədəbiyyatçılıq
ehtirası və akademik, pedaqoji müdriklik.
Məmməd
Arifin səbri və müdrikliyi, Mirzə İbrahimov,
Süleyman Rəhimov, Səməd Vurğun, Məmməd Cəfər
və başqaları kimi, 37-ci il repressiyalarında
yaşananların bir nəticəsi idi. Məmməd Cəfər
öz xatirələrində Məmməd Arif haqqında
"müəllimim" deyə danışır və
göstərirdi ki, tuhatutun qızğın vaxtlarında
komsomolçular onun da dərsinə gəlib provokasiyon suallar
verirdilər, Məmməd Arif isə qızarıb susur,
çaşmış gənclərə bəhanə verməmək
üçün cavabdan vaz keçirdi.
Çoxları
kimi yaradıcılığa "Molla Nəsrəddin"
jurnalının təsiri ilə başlamış, 1923-cü
ildə orada "Bədgümanam", "Belə getsə,
düzələr" və s. felyetonları
çıxmışdı. Dövri mətbuatda şeir və
hekayələri dərc
edilmişdi. 1936-cı ildən Yazıçılar
İttifaqının üzvü idi.
Onun bütün sonrakı həyatı ədəbiyyatın
içində keçmişdi. Bütün ədəbi
mübahisələrdə, diskussiyalarda görkəmli alimin
mötəbər sözü hamı tərəfindən qəbul
edilirdi. Bu, misilsiz bir hörmət idi və Arif müəllim
onu qələminin ədaləti ilə qazanmışdı.
Görkəmli
alim zəhmət dolu bir həyat yolu keçib. Rus-tatar məktəbindən
sonra bir müddət müəllimlik edib. Sonra Bakı Xalq
Maarifi İnstitutunda oxuyub (1920-1925). Bununla kifayətlənməyən
cavan ədib BDU-nun Şərqşünaslıq fakültəsini
də bitirib. Məmməd Arif əlifba
dəyişikliyinə qədər ərəb əlifbası
ilə mükəmməl təhsil görən son
ziyalılardan idi. Məhz bu, Məmməd Arifə klassik irsə,
divan ədəbiyyatı ənənəsinə həmişə
doğru yanaşmağa kömək edən səbəblərdən
idi, sonraki ədəbiyyat tarixçiliyi fəaliyyətində
ona dayaq oldu.
Məmməd
Arifin fəal və ayıq mövqeyi bolşevik
ideoloqlarının diqqətini cəlb etdi. Ötən əsrin
20-ci illərində köhnə ziyalılara şübhəli
münasibət vardı: Moskva təkidlə tələb edirdi
ki, cavan, proletar mənşəli kadrlar tapılsın və
irəli çəkilsin. Belə kadrlardan biri kimi Məmməd
Arif Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat
İnstitutunda aspiranturaya qəbul olunur. Bu hadisə cavan ədibin
taleyini dəyişir. Məmməd Arif partiyalı cavan proletar
kadrları siyahısına düşür və bu əqidəyə
xidmət etməyə çalışır. Lakin o, Səməd
Vurğun, Mirzə İbrahimov, Məmməd Cəfər və
başqaları kimi öz xalqının və
torpağının vətənpərvəri olur, rus
inqilabçı demokratlarından nümunə götürərək
öz xalqının, cəmiyyətinin, milli əxlaqın
ağrılı problemlərini irəli çəkir, ədəbiyyatı
xalqın taleyi, bugünkü və gələcək həyatı
ilə bağlayır. Bu, əslində, sovet dövrü
partiyalı ədəbiyyatı içində milli bir xətt
idi, onun güclənən, zəifləyən vaxtları
olurdu, amma qırılmırdı və həmin xətt SSRİ-nin
iflasına qədər davam etdi.
1930-cu illərdə
Məmməd Arif artıq rus ədəbiyyatı üzrə əsas
mütəxəssis və tərcüməçi kimi tanınırdı. 1929-cu ildə
K.Nikiforovun "Fanar işığında"
kitabının tərcüməsi cavan ədibin ilk kitabı
idi. Sonra L.Averbaxın "Proletar ədəbiyyatının
hegemonluğu uğrunda" (1931), M.Qorkinin "Makar
Çudra" (1934), "Şura ədəbiyyatının vəzifələri"
(1935) kimi kitabçaları çıxdı. Bu, M.Arifin tənqidçilik
fəaliyyətinin birinci mərhələsi idi. Bu mərhələ
qismən Mədəni inqilab
dövrünə düşür və klassik rus ədəbiyyatının
qabaqcıl, realist ənənələrinin, Puşkinin,
Tolstoyun, Turgenevin, Çexovun, Belinskinin, Dobrolyubovun,
Çernışevskinin və Qorkinin ənənələrinin
tərcüməsi və təbliği ilə bağlı
idi.
M.Arifin tənqidçilik
fəaliyyətinin ikinci hissəsi İkinci Dünya müharibəsindən
sonrakı dövrə düşür. Bu dövrdə onun
çıxışlarının ən qiymətli cəhəti
kosmopolit ideyalara qarşı çıxması, Bakıxanov,
Axundzadə, Zərdabi, N.Nərimanov, Mizə Cəlil, Hadi kimi
klassiklərin irsinin əhəmiyyətini izah etmək idi. Bizdə
kosmopolitizm milli ədəbiyyatın
orijinallığını qiymətləndirə bilməmək
formasında idi və milli düşüncə
üçün mənfi nəticələr verə bilərdi.
1950-ci illərin ortalarında bu məsələlərin
müzakirəsi MK Bürosu səviyyəsində getdi və mərhum
C.Cəfərov haqqında 1955-ci ildə xüsusi qərarla nəticələndi.
Arif müəllim bu məsələlərdə ehtiyatlı
mövqe tuturdu, kosmopolitizmi tənqid arxasında qabaqcıl
Avropa mədəniyyətinə qarşı əsassız
stereotiplərin yaranmamasına çalışırdı.
Kosmopolit sayılan ədiblərin
yaradıcılığının sağlam cəhətlərinə
xeyirxah yanaşmaq tərəfdarı idi, onlar haqqında
yazılar da qələmə alırdı.
1960-1970-ci illər ədəbiyyatı ortaya gələndə
mətbuatda yeni diskussiyalar başladı. Konservativ tənqidçi
və yazıçılar, haqlı olaraq, bu ədiblərdə,
yazıçılarda sovet ədəbiyyatının ənənələrindən
uzaqlıq görürdülər. M.Arif də bunu
görürdü, amma bunda Azərbaycan ədəbi fikrinin
mövzu, qəhrəman, insan taleləri baxımından zənginləşməsini
də aydın şəkildə hiss edirdi. Bu, həqiqi tənqidçi
uzaqgörənliyi idi. Eyni proses rus ədəbiyyatında da gedirdi,
orada yeni istedadlar rus ədəbiyyatının gələcəyinə
xidmət kimi müdafiə olunurdu. Bizdə də öndə
Məmməd Arif olmaqla, Məmməd Cəfər, Əkbər
Ağayev, Məsud Əlioğlu, Yaşar Qarayev və
başqa tənqidçi və yazıçılar ədəbiyyatdakı
yeniləşməni müdafiə və Sabir Əhmədov, Əlibala
Hacızadə, İsi Məlikzadə, Sabir Azəri,
Elçin kimi yazıçıları himayə edirdilər.
Bu işdə Məmməd Arif öz qələmi ilə
iştirak edir, ən istedadlı saydığı gənclər
barədə xeyirxah yazılar yazmağa vaxt tapırdı.
Bu prosesdə
Moskva ideoloqlarının da marağı vardı. Lakin Azərbaycanın
yeni marksist və milli ədəbi fikri də bu prosesdən
faydalanırdı. V.Leninin məlum məqalələri ilə
bağlı olan partiyalılıq prinsipi ədəbiyyatın
inkişafı üçün ziyanlı idi, bədii
sözün özünə xas qanunlarına zidd idi. Amma rus
inqilabçı-demokratların, onların tənqidçilik
irsinin Azərbaycanda yayılması bədii düşüncədə
ötən əsrin onuncu illərindən gələn və
qırılmayan milli xəttin, ədəbi
xalqçılığın yayılması ilə
müşayiət olunurdu. Bu isə Azərbaycanda bədii
düşüncəni zənginləşdirən, xalqın
taleyinə və problemlərinə bağlayan bir xətt idi.
Bu, partiyalı xətt deyildi, amma rus ədəbiyyatı ənənələri
adı ilə həm Rusiyada, həm Azərbaycan ədəbi
prosesində yaşayırdı və ədəbiyyatın
düzgün inkişafına kömək edirdi.
Məmməd
Arifin İ.Krılov, A.Puşkin, L.Tolstoy, V.Belinski, A.Çexov
haqqında balaca kitabçaları
ciddi ədəbi elmi məna daşıyırdı.
Puşkinlə Belinski irsinin təbliği xüsusilə əhəmiyyətli
idi. Puşkin Rusiyanın birinci milli şairi
sayılırdı və bu ideyanın müəllifi Belinski
idi, bu barədə iri bir kitab yazmışdı və Azərbaycan
dilinə də tərcümə olunub. Puşkinin
yaradıcılığı, həmin
yaradıcılığın milli tərəfləri
böyük Səməd Vurğuna dərindən təsir
etmişdi, ona görə poemalarında öz qəhrəmanlarını
Puşkinin qəhrəmanları ilə müqayisə edirdi.
Digər tərəfdən, 30-cu illərdən başlayaraq Səməd
Vurğunun böyük milli şairimiz kimi dərk edilməsi,
qiymətləndirilməsi və sevilməsində Belinskinin
Puşkin barədə fikirlərinin
müəyyən təsiri də olmuşdur.
M.Arif
1931-ci ildə Moskvadan gələndən
sonra Azərbaycan maarif komissarının müavini təyin
olunur, eyni vaxtda, pedaqoji institutda Rus ədəbiyyatı
kafedrasında baş müəllim, sonra dosent işləyir.
1932-ci ildə BDU-nun Rus ədəbiyyatı tarixi
kafedrasının müdiri təyin olunur. 1938-ci ildə
SSRİ EA Azərbaycan filialında işə keçənə
qədər bu vəzifədə işləyir. 1939-cu ildə
Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun
direktoru təyin edilir, 1950-ci ilədək bu vəzifəni
aparır və sonrakı fəaliyyəti akademiya ilə
qırılmaz surətdə bağlanır. Sonradan görkəmli
alim 1957-1959-cu illərdə də institutun direktoru vəzifəsində
çalışır.
Məmməd
Arif İkinci Dünya müharibəsi başlanandan sonuna qədər
"Azərbaycan" jurnalının (o zaman "Vətən
uğrunda" adlanırdı) redaktoru olmuşdur. Ağır
müharibə illərində mətbuatda
çalışmaq, xüsusilə ədəbi mətbuatda
çalışmaq məsuliyyətli bir iş idi. Kiçik
oçerkdən böyük romana qədər hər bir əsəri
oxumaq, üstəlik də yuxarıdan gələn direktivləri
icra etmək lazım idi. Müharibə proletkultçuluq
xülyalarına öldürücü zərbə vurdu.
İnsanların sosial mənşəyindən asılı
olmayaraq, onları qələbə uğrunda birləşdirmək
lazım idi. Üstəlik, Azərbaycan xalqının tarixinə,
yadellilərə qarşı mübarizəsinə dair əsərlər
tapmaq və ya yazdırıb çap etdirmək zəruri bir
iş idi. Bu dövrdə Dədə Qorquddan Qaçaq Nəbiyə
qədər tarixi qəhrəmanlarımız haqqında neçə
əsər dərc edildi və xalqımızın tarixi
taleyi yenidən ədəbi
gedişatın mərkəzi mövzularından biri oldu. Bu
proseslərdə də Arif müəllimin çox
böyük uzaqgörən zəhməti olmuşdur.
Müharibə
dövründə M.Arif
"Qorki faşizm əleyhinə" (1941), "Nə
üçün faşizmin H.Heyneni görməyə
gözü yoxdur?" (1942), "C.Cabbarlı
yaradıcılığında xalqlar dostluğu" (1942)
adlı kitabçaları, faşizmə qarşı
çoxlu məqaləsi çıxmışdır. Eyni
zamanda, akademiya çərçivəsində yeni Azərbaycan
ədəbiyyatı tarixinin planlaşdırılması və
yazılışı üzrə işlərdə Səməd
Vurğun və Mirzə İbrahimovla birgə gərgin
çalışmışdır. Məhz onların birgə
hazırladıqları Azərbaycan ədəbiyyatı tarixi
plan-prospekti 50-ci illərin sonunda kitab şəklində ortaya
çıxdı və mübahisəli məsələlərə,
inanırıq ki, həmişəlik son qoydu. Bu işin əsasları
barədə fikir demək iddiasında olanlar vardı, amma həmin
insanlar ortaya bir şey çıxara bilmədilər.
1958-1960-cı
illərdə üçcildlik ədəbiyyat tarixi çap
olundu və böyük mədəni hadisə kimi qəbul
edildi. Çünki xalqın ədəbi tarixi onun ümumi tarixinin
davamıdır, bəlkə onun ən mühüm tərkib
hissəsidir. Məhz ədəbiyyat tarixində xalqın mənəvi
tarixi, onun milli dəyərlərinin geniş mənzərəsi
üzə çıxır. Bu akademik tədqiqatda Azərbaycan
xalqının mənəvi kökləri zəngin bir mənzərə
kimi göründü, xüsusilə XII əsrdən bəri
inkişaf edən divan ədəbiyyatı ənənələri
layiqli qiymətini aldı. Ərsəyə gəlməsində
Məmməd Arif qələminin, redaktorluğunun, ziyalı
insafının rolu olan bu nəşr həmişə öz dəyərini
saxlayacaq.
Alimin Azərbaycan
ədəbiyyatını tanıdan və təqdim edən
"Azərbaycan xalqının ədəbiyyatı"
kitabı ingilis, rus, fars, erməni dillərində çapdan
çıxıb. Ən mötəbər ədəbiyyat
tarixçisi kimi Arif müəllim 1932-ci ildən başlayaraq
Azərbaycan ədəbiyyatının orta məktəb
üçün dərsliklərinin əsas müəlliflərindən
biri olub (H.Araslı, F.Qasımzadə, C.Xəndan, Ə.Sultanlı
və M.Rəfili ilə birgə). Orta məktəblər
üçün "Sovet ədəbiyyatı" dərsliyini
xüsusi qeyd etmək lazımdır. Bu kitabı Arif müəllim
xüsusi müdrikliklə hazırlamışdı, sovet
dövrü ədəbiyyatında olan ən qiymətli, xalqa
bağlı məqamları ilk plana çəkə
bilmişdi. Azərbaycanın müstəqilliyinə xidmət
etmiş neçə nəsil bu dərslik üzərində
yetişmişdir. Onun tələsik
təftişi xırda adamların maarif kimi uca işə
şəxsi mülahizələrlə baxmaq təşəbbüsü
kimi uğursuz oldu.
Görkəmli
alim sovet dövrü ədəbiyyatının öyrənilməsinin,
qiymətləndirilməsinin patriarxı idi. 1967-ci ildə onun
rəhbərliyi və redaktorluğu ilə
hazırlanmış ikicildlik "Sovet ədəbiyyatı
tarixi" işıq üzü gördü. Bu kitab üzərində
alim Bəkir Nəbiyev, Həbib Babayev, Qasım Qasımzadə,
Atif Zeynallı kimi nisbətən cavan alimlərlə
çiyin-çiyinə işlədi. Layihə isə çətin
idi, ilk dəfə olaraq bizim ədəbiyyatşünaslar
1917-ci ildən sonrakı ədəbi prosesi portret oçerklər
olmadan, ancaq icmal oçerklər şəklində
canlandırmalı idilər. Burada da plan-prospektin əsas
müəlliflərindən olan Arif müəllim orijinal yol
tapdı: oçerkləri nəzəri problemlərdən daha
çox dövrün faktik ədəbi mənzərəsini
yaratmaq üçün istifadə etməyə qərar verdi.
Böyük bir kollektiv bu işin öhdəsindən
uğurla gəldi, əlli illik ədəbi hərəkatın
əhatəli faktik mənzərəsini göstərən bir
ədəbiyyat tarixi ortaya çıxdı, ilk mənbələr,
mətbuat üzərində işə üstünlük
verildi. Hər cildə əlavə edilən "Ədəbi
həyatın salnamələri" kitabları onu daha da zənginləşdirirdi.
Bu layihə ədəbiyyat tarixinə yanaşmanın yeni,
öz üstünlükləri olan bir üsulu idi.
Görkəmli
alimin sovet ədəbiyyatı haqqında daha iki əsəri
vardır: bunlar Cəfər Cabbarlı və Səməd
Vurğun dramaturgiyası haqqında kitablardır. Ədibin ədəbiyyatşünas
müdrikliyi bu iki əsərdə daha parlaq görünür,
çünki hər iki ad ədəbiyyatımızın
sovet dönəminin iki ağırlıq mərkəzidir. Ona
görə ki, onlar ədəbiyyatda bədii əsərlər
şəklində yaranan milli cərəyanın
yaradıcıları və rəhbərləri idilər. Cəfər
Cabbarlı və Səməd Vurğun Azərbaycanın
taleyini ədəbiyyatın mərkəzi mövzusuna verirdilər
və özlərindən sonrakı ədəbiyyata ən
böyük təsir göstərdilər.
Məmməd
Arif böyük Cəfər Cabbarlı haqqında hər
şeyi bilirdi, bəlkə gələcəkdə heç bir
alim Cabbarlıya onun kimi bələd olmayacaq. Onlar həm də
uzaq qohum idilər və Cəfərin həyatı onun
gözü qabağında keçmişdi. 1954-cü ildə
çıxan kitab "Cəfər Cabbarlının
yaradıcılıq yolu" adlanırdı və Arif müəllim
bildiklərinin hamısını sovet gerçəkləri
imkan verdiyi həddə yazmışdı. Biz də ondan Cəfər
Cabbarlı haqqında kitabımızda minnətdarlıqla
istifadə etmişik.
Cəfərin həyatı zahirən bir-birinə zidd iki dövrə bölünür: 1915-1923 və 1923-1934. Milli hərəkat və Mədəni inqilab dövrləri. Cəfər hər iki dövrdə milli hərəkatın rəhbəri olub. Arif müəllim məlum səbəblərə görə Cəfərin 1915-1923-cü illərdəki ədəbi və siyasi fəaliyyətini olduğu kimi yaza bilməzdi. Ona görə alim Cabbarlının milli hərəkat mövzusunda "Trablis müharibəsi", "Ədirnə fəthi", "Bakı müharibəsi" əsərlərini ortaya gətirmir, onları gənclik romantizmi ilə bağlayıb üstündən keçir. Amma bununla Məmməd Arif böyük Cəfər Cabbarlıya heç kəsin edə bilməyəcəyi köməkliyi edir: kitabını, əsasən, Mədəni inqilab illərində yazılan pyeslər üzərində qurub onu sovet yazıçısı kimi tərifləyir. Bununla Arif müəllim Cəfər üçün sovet dövrü orta və ali məktəb dərsliklərinin qapısını açır, onu xalqın ən böyük ədiblərindən biri kimi tanıdır. İndi Cabbarlıya daş atanlar görmək istəmir ki, Mədəni inqilabın özü də milli hərəkatın digər şəkildə davamı idi, Azərbaycan xalqının məktəbindən ədəbiyyatına qədər "yenidən yarandığı" bir dövr idi. Amma Arif müəllim bunu bilirdi.
Müdrik ədib Cəfər Cabbarlının Mədəni inqilab ruhunda yazdığı "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə" kimi əsərləri Azərbaycan milli və bədii düşüncəsinin nailiyyətləri kimi təqdim edirdi və bunda tam haqlı idi. "Aydın" və "Oqtay Eloğlu" da daxil bu əsərlər Azərbaycanda yeni səhnənin və teatrın, kinonun yaranması üçün həlledici rol oynadı. Alim haqlı idi: Cəfər Cabbarlı mədəni inqilabda öz xalqının milli tərəqqi idealının gerçəklərini görürdü. O biri tərəfdən, Cəfər Cabbarlı yaradıcılığının milli mənasını ortaya qoymaqla Məmməd Arif həm də ədəbiyyatımızın inkişafının yeni bir istiqamətini nişan verirdi.
Alim Səməd Vurğun dramaturgiyasında Cabbarlı ənənələrinin davamını görmüşdü. "Od gəlini" və "Vaqif" pyesləri daxilən səsləşirdi, xalqımızın yadellilərə qarşı mübarizə motivi üzərində qurulmuşdu. Tarixi mövzuları ilk dəfə Cabbarlı işləmişdi və Səməd Vurğun müharibə ərəfəsində bu mövzulara müraciət edəndə Cəfər Cabbarlının formal yox, mahiyyətcə davamçısı idi. "Xanlar", "Fərhad və Şirin" də yüksək poeziya dili ilə yazılmış xalq-qəhrəmanlıq dastanları idi. O biri tərəfdən, böyük milli şair, xalqın sevimlisi olan Səməd Vurğun haqqında bu monoqrafiya ilə Məmməd Arif həm də özünə bir abidə qoydu, Səməd Vurğun onun Puşkini oldu, fəxr yeri oldu.
Çox güman ki, M.Arif Cabbarlının vətənçilik ruhunda olan əsərlərinin əhəmiyyətini İkinci Dünya müharibəsi illərində dərk etdi. Yuxarıdan vətən mövzusunda əsərlər tələb olunurdu. Azərbaycan ədəbiyyatında bunların nümunəsi ancaq Cabbarlıda idi. Təsadüfi deyil ki, 1944-cü ildə Cabbarlı üçün təşkil edilmiş yubiley yığıncaqlarının birində Səməd Vurğun və Mehdi Hüseyn yeni cabbarlışünaslığın əsasını qoyan tezislər irəli sürdülər. Bu tezislər isə müharibənin ədəbiyyat qarşısında qoyduğu yeni tələblər işığında aydınlaşmışdı. Əvvəllər Cəfər Cabbarlının proletkult ruhunda tənqidçisi olmuş Mehdi Hüseyn indi mərhum dramaturqa ən uca qiymətlər verirdi. Şübhəsiz ki, bu qənaətlər yazıçı Mehdi Hüseynin tarixi-qəhrəmanlıq mövzusunda Cəfər Cabbarlının ədəbi təcrübəsini mənimsəməsindən doğmuşdu. Məmməd Arifin də kitabı bu yığıncaqdan düz on il sonra çap olundu.
Paradoks səslənsə də, müharibə illəri sovet Azərbaycanında milli düşüncənin güclü inkişaf dövrü idi. Səbəb isə sadə idi: proletkult dövründə millət sözü qadağan idi, müharibə dövründə isə xalq ən müsbət və möhtərəm sözə döndü. 1954-1959-cu illərdə Azərbaycanı bürüyən milli ovqatın bir kökü də müharibə dövrü ab-havası idi (ikincisi S.Pişəvərinin Milli hökuməti). Həyat, Qarabağ müharibəsi vətənçi ədəbiyyatın əhəmiyyətini dönə-dönə təsdiqləyir.
Arif müəllim 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1959-cu ildən akademiyanın ictimai elmlər bölməsinin akademik katibi, 1960-cı ildən isə humanitar elmlər üzrə vitse-prezidenti işləmişdir. Bütün bunlar onun Azərbaycan ədəbiyyatı tarixçisi və alim kimi fəaliyyətinə verilən qiymət idi. Ömrünün əsas hissəsini Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasına və təbliğinə həsr etmişdir. Böyük alim 1943-1944-cü illərdə buraxılmış ilk müxtəsər Azərbaycan ədəbiyyatı tarixinin plan-prospektinin və oçerklərinin əsas müəlliflərindən biri idi. Məhz bu kitabda sonrakı üç cildlik ədəbiyyat tarixinin əsas prinsipləri, demək olar, hazır idi, lakin onların konkret ədəbi simaların irsinə tətbiqi məsələləri 1950-ci illərin sonlarına qədər çəkdi.
Məmməd Arifin həyatının ikinci əsas mövzusu tərcüməçilik olub. Onun tərcümə barədə nəzəri məqalələri də var. Cavan tərcüməçilərə öyrədir ki, sözləri yox, mənaları tərcümə etmək lazımdır. Ədib parlaq bir stilist idi, ana dilimizdə ən gözəl və aydın yazan qələmlərdən biri idi. Xırda tərcümə kitablarından başqa o, Servantesin "Don Kixot", L.Tolstoyun "Hərb və sülh" (1-ci və 4-cü kitablar), N.Ostrovskinin "Polad necə bərkidi", M.Makarenkonun "Pedaqoji poema", M.Qorkinin çoxsaylı əsərlərini ana dilimizə çevirmişdir. Onun 19 tərcümə kitabı işıq üzü görmüşdür.
Prezident İlham Əliyevin Məmməd Arifin yubileyinin qeyd edilməsi haqqında sərəncamı böyük hədəflərə xidmət edir. Biz keçmişimizdə, xüsusilə sovet dönəmində yaxşı nə varsa, qədrini bilməli, hər şeyə və tarixi şəxsiyyətlərimizə insafla qiymət verməliyik. Mədəniyyət qədirbilən qiymətdən yaranır və artır. Xalq da öz mədəniyyətini biləndə və sevəndə ucalır. Məmməd Arif də bu mədəniyyətin ən unudulmaz, görkəmli xadimlərindən biri idi.
Rəhim ƏLİYEV,
filologiya elmləri
doktoru
Azərbaycan.-2014.- 11 sentyabr.- S.10.