Uzaq düşən gəmilərin
kapitanları - Şahtaxtlılar
Behbud ağaya,
Əliqulu Qəmküsara atılan güllələr
Nəslin başqa bir məşhur nümayəndəsi diplomat Behbud ağa Şahtaxtinski də böyük müasiri Nəriman Nərimanovun taleyini yaşadı. Onun guya 1924-cü il mayın 30-da Tiflisdə başına 4 güllə sıxaraq "intihar" etməsi haqda söylənənlər heç bir məntiqə uyğun gəlmir. Çünki o mürəkkəb zamanda - 1921-ci il martın 1-də Leninə məktub yazaraq Zəngəzur, Qarabağ və Naxçıvanın Azərbaycana məxsusluğunu sübut etməyə çalışan, hər cür əziyyətə qatlaşmağı bacaran Behbud ağanın ölümə belə asanlıqla təslim olması mümkün deyildi! AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Musa Quliyev 1929-cu ildə qələmə alınan, son dövrlər üzə çıxan "Naxçıvan ölkəsində gizli partiya işinin yaranması tarixindən" adlı bir sənədə əsaslanaraq bildirir ki, Behbud ağanı öldürüblər: o, Naxçıvanda və Tiflisdə meydan sulayan daşnak terrorçularının qurbanı olub. Ermənilər Qars müqaviləsini heç cür Behbud ağaya bağışlaya bilmirdilər. Yəqin ki, Behbud ağanı Bakıdan Tiflisə də ona görə aparıblar ki, asanlıqla öldürə bilsinlər. Kəskin nifrətlə qələmə alınan bu yazıda, M.Quliyevin qeyd etdiyi kimi, hər şey bir cümlədə ortalığa çıxır: "...za çto i poplatilsə svoey jiznğö" (bu ona həyatı bahasına başa gəldi).
XX əsr Azərbaycan ictimai fikir tarixində satirik şair, istedadlı jurnalist, o dövrkü mətbuatda daha çox "Xadimi-millət" imzası ilə çıxış edən, həm də "Ölülər" pyesində Şeyx Nəsrullah rolunun təkrarolunmaz ifaçısı, ömrü boyu saysız təqib və təhqirlərə məruz qalan Əliqulu Qəmküsarın 1919-cu il mart ayının 4-də axşam evinə qayıdarkən Tiflisdə xaincəsinə qətlə yetirilməsi də erməni millətçilərinə məxsus həmin dəst-xətti təsdiq edir. Cəlil Məmmədquluzadə qələm dostunun itkisini belə ifadə edirdi: "Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəmizi öz köməyindən məhrum qoydu". Əbdürrəhim bəy Haqverdiyev bu münasibətlə yazırdı: "Əliqulu Nəcəfzadəyə dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin ürəyinə dəydi".
Şahtaxtlılar nəslinə qarşı təqiblər və təzyiqlər isə Behbud ağanın qanlı ölümü ilə bitmədi. Qətlə yetirilən Behbud ağanın İsveçdə mühəndis təhsili alan qardaşı Əhməd ağa 1937-ci ildə həbs edildi. Digər qardaşı Məmməd ağa Şahtaxtıda doğulsa da, öz ömrünü qürbətdə - Fransada keçirməli oldu. O, məşhur diplomat Ələsgər Şahtaxtlının - Aleksis Şahtaxtinskinin ata babası idi.
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirələrindən: "Elmiranın babası Baxşəli ağa Şahtaxtinski Naxçıvanda dövlət qulluqçusu olub. Nüfuzu, sözükeçərliyi, vətənpərvərliyi erməniləri ona düşmən eləyib. Heç Baxşəli ağa da düşmən qarşısından qorxub-çəkinən oğullardan olmayıb. Ermənilər bir gün fürsət tapıb onu iki oğluyla qətlə yetiriblər. Baxşəli ağanın sağ qalan dörd oğlunun hamısı sonralar ayrı-ayrı sahələrdə tanınıb. Elmiranın atası Həbibulla bəy Şahtaxtinski məşhur alim idi. Anası Leyla isə yarıtiflisli, yarıqarabağlı idi. O da şöhrətli bir nəslin davamçısıydı...".
Mərd mübarizlər diyarındakı Şahtaxtinskilər muzeyi
Neçə ildən sonra Məhəmməd ağa Şahtaxtlı ilə əlaqədar hazırlanan filmin çəkilişləri üçün gəldiyimiz Naxçıvanı, sözün həqiqi mənasında, tanımaq olmur. Naxçıvan böyük bir ev kimi gözəl zövq və ürəklə qurulmaqdadır. Bu yurdun yolları və insanları bir-birinə çox bənzəyir - düz, rahat, istiqanlı və inamlı. Burada, bəlkə də, çoxdan həsrətində olduğumuz bir hissi də yaşadıq: səfərimizə verilən qiymətə və ən yüksək səviyyədə göstərilən diqqətə görə Naxçıvanda hər kəsə minnətdarıq. Bir faktı da qeyd etməyə dəyər: Azərbaycandakı inkişafı daha yaxşı görmək üçün mütləq bu qədim diyarda olmaq lazımdır. Hamar, rahat, işıqlı, yaşıllığa bürünmüş yollar, müasirliklə qədimliyi özündə birləşdirən evlər, kəndlərdəki yeni məktəb binaları, Naxçıvan televiziyasının keçmişlə bugün arasında körpü salmağa çalışan gənc, istedadlı kollektivi və daha nələr, nələr... "Əshabi-Kəhf"də, Arpaçayda, Batabatda, Duzdağda aparılan abadlıq işləri və gördüklərimizi isə, yəqin ki, çətin unudaq. Xüsusilə yaşıllıqların salınması hər kəsin ürəyincədir. Vaxtilə 0,6 faiz olan yaşıllıqların həcmi bu gün 12 faizi adlayıb. Bu yaşıllıqlara, əkilənlərə qayğı isə hər addımda duyulmaqdadır. Belə bir qayğını Naxçıvanın, bütövlükdə Azərbaycanın adını yaşadan insanlara, tarixi abidələrimizə münasibətdə də aydın görmək mümkündür.
Bu mənada Naxçıvanda Şahtaxtlılar irsi dövlət səviyyəsində həm qorunur, həm də sevə-sevə öyrənilir. Hazırda Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan "Şahtaxtinskilər muzeyi" dünyaya səpələnmiş bu böyük nəslin şərəfli tarixini bir araya gətirmək üçün atılan mühüm bir addımdır... "Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 27 fevral 2006-cı il tarixli, "Şahtaxtinskilər muzeyinin yaradılması haqqında" 9 fevral 2010-cu il və "Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 21 fevral tarixli sərəncamları dövlətçilik tariximizdə xüsusi yeri və xidmətləri olan Şahtaxtinskilərə göstərilən qayğının bariz nümunəsidir. Muzeydə 300-ə yaxın eksponat nümayiş etdirilir. Bu kəndin yetirməsi, məşhur rəssam Elmira Şahtaxtinskayanın ev-muzeyindən gətirilərək Şahtaxtinskilər muzeyinə təqdim edilən eksponatlar buraya xüsusi ab-hava bağışlayır. Muzeyin açılış mərasimində çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov xüsusi vurğulamışdır: "Ev muzeyi bir məktəb olmalı, gənclər Şahtaxtinskilərin keçdiyi həyat yolunu, mübarizə yolunu öyrənməli və o yolu davam etdirməlidirlər. Ona görə ki, bu gün Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirməyə ehtiyacı var. Bunun üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməli, Şahtaxtinskilər kimi mübariz olmalıdır".
Məhəmməd ağanın xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərindəki Kitab evinə onun adı verilib. Muxtar respublikada fəaliyyət göstərən Ədəbiyyat muzeyində və Cəlil Məmmədquluzadənin ev-muzeyində Məhəmməd ağa Şahtaxtlının həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, gənc tədqiqatçılar onun elmi-peadqoji və ədəbi-publisistik irsinin daha geniş şəkildə araşdırılmasına cəlb ediliblər. Sərəncamda nəzərdə tutulduğu kimi, AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti Məhəmməd ağanın seçilmiş əsərlərini toplayıb nəşrini həyata keçiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı İsmayıl Hacıyev bildirdi ki, C.Məmmədquluzadə, H.Cavid, Ə.Qəmküsar kimi ziyalılarla yanaşı, "Məhəmməd ağa Şahtaxtlının taleyi və sənəti" kitabı da nəşr edilib.
Əbülfət ağanın qəbri və ya "Gənc Verterin iztirabları" sona yetdimi?
Bu nəslin mübariz övladlarından biri - 1858-ci ilin oktyabrında Şahtaxtı kəndində anadan olan, ilk təhsilini Tiflis real məktəbində alan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olub və tələbə yoldaşı, ilk marksist Q.V.Plexanovla birgə tələbələri qadağan olunan yığıncaqlara təhrik etdiyinə görə bir il sonra univesitetdən xaric edilib. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür. Bu dərnək 1878-ci ildə Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı.
Əbülfət ağa Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova 1878-ci il 3 mart tarixli məktubunda yazırdı: "Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy etməliyik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatla yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək, biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyələndirib yetişdirməliyik..." Əbülfət ağa sonrakı taleyini hərbə bağladı: 1883-cü ildə Peterburq Yunkerlər məktəbinə daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. 1904-1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən polkovnik Əbülfət ağa batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirmiş, istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərmişdir.
Cəmi 55 il ömür sürən Əbülfət ağa vətəndən uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu İslam dinini unutdu. Bunu Azərbaycan Tarixi Muzeyində saxlanan, 1877-ci ildə fransız dilində nəşr olunmuş, Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan qızı Qönçə xanıma məxsus "Quran" da sübut edir. Kitabın titul səhifəsinə Əbülfət ağa Şahtaxtinskinin şəxsi möhürü vurulub.
Polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib. Deyilənə görə, onun Şahtaxtıda dəfni böyük təntənə ilə keçib. Qatarla Tiflisdən Şahtaxtıya gətirilən Əbülfət ağanı Port-Artur qəhrəmanı kimi hərbi orkestrin müşayiəti ilə ailə nekropolunda torpağa tapşırıblar. Dəfndə bir sıra tanınmış insanlarla yanaşı, Məhəmməd ağa Şahtaxtlı da iştirak edirdi.
Vaxtilə dilimizə tərcümə etdiyi Getenin məşhur "Gənc Verterin iztirabları" əsərinin qəhrəmanı kimi, onun da həyatı belə sürətlə və qəflətən sona çatdı.
Gəmiqaya abidəsi və uzaq düşən gəmilərin kapitanları
Naxçıvanda qədim bir yer var: Gəmiqaya
adlanır. Bu nəslin
böyük nümayəndələrindən
biri olan xalq rəssamı Elmira Şahtaxtlı isə əsərlərindən birini
belə adlandırıb:
"Uzaq düşən
gəmilərin kapitanı".
İlk baxışdan adi görünsə də, oradakı fikir və məna yükü olduqca böyükdür. Uzaq
düşən gəmilərin
kapitanları olmaqla keçmişi bugünə
daşımaq, tarix yaratmaq və bu tarixin içində
yox olub getmək, bir sözlə, əfsanəyə
çevrilmək və
yorulmadan gecəli-gündüzlü
hər cür uzağı yaxın eləmək, yüzillər
boyu olduğu kimi, indi də
bu nəslin tükənmək bilməyən
borcu, vəzifəsi olaraq qalmaqdadır.
Xalq rəssamı Oqtay Sadıqzadənin xatirələrindən: "...Mənim istirahətim elə işimdir. Ən dəhşətlisi odur ki, əlində heç bir işin olmasın, heç nə eləməyəsən, xüsusən bu yaşda, yəni qocalanda... Belə günlərimdə əlimi üzümə verib, yalnız xatirələrlə yaşamaqdan başqa yolum qalmır. Ancaq düşünürəm ki, Elmira da heç vaxt buna razı olmazdı. O, xəstəliyinin şiddətləndiyi son aylarda fırçasını yerə qoydu. Heç ruhdan düşmürdü. Ağrılarını uda-uda yeni əsərlərin eskizlərini cızırdı... Həmin duyğular, yəqin ki, məni də ömrümün sonunadək tərk etməyəcək. Bu gün - 85 yaşımın başa çathaçatında rəssamlıq mənim üçün yalnız peşə, məşğuliyyət deyil. Xatirələrimdən yorulanda rəsmlərimə, şəkil çəkməkdən yorulanda isə xatirələrimə sığınıram..."
Bəxtiyar QARACA,
"Azərbaycan"
Azərbaycan.- 2014.- 2 sentyabr.- S.7.