«15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə əsasən qərara alıram:

1. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2015-ci il dekabrın 1-dən verilməsini təmin etsin;

2.2. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərinin həlli məqsədi ilə zəruri tədbirlər görülməsini təmin etsin;

2.3. bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərinin icrasının gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etsin.

4. Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamə 2015-ci il dekabrın

1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 12 sentyabr.-  S.4.