«Əsrin müqaviləsi» və arxeoloji abidələrimiz
Beynəlxalq əhəmiyyətli irimiqyaslı tikinti layihələri hər bir ölkənin iqtisadi, eyni zamanda siyasi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Belə tikinti layihələri çox zaman iqtisadiyyatın, həmçinin elmin müxtəlif sahələrini əhatə edir. Bu zaman ətraf mühitin, təbii şəraitin, landşaftın mühafizəsi məsələləri layihənin ilkin mərhələsində həyata keçirilən əsas işlərdən birini təşkil edir. Bütün bunlarla yanaşı, hər bir böyük tikinti layihəsi çərçivəsində inşaat işlərinin getdiyi sahələrdə arxeoloji tədqiqatların aparılması tikinti proqramının ilk mərhələsində həyata keçirilir. Azərbaycanda ilk belə tikinti layihəsi - Mingəçevir Su-Elektrik Stansiyasının tikintisi ilə əlaqədar 1946-1953-cü illərdə ətraflı arxeoloji qazıntı işlərinin aparılması olmuşdur. Bu qazıntılar nəinki Azərbaycan, bütövlükdə Qafqaz arxeologiyasında öz geniş miqyası və elmi əhəmiyyəti baxımından mühüm yer tutur. Həmin illərdə subasar ərazidə Tunc dövründən orta əsrlərədək tarixi mərhələləri əhatə edən abidələrdə arxeoloji tədqiqat işləri aparılmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, sovet diktaturasının ağır illərinə təsadüf edən bu tikinti işləri zamanı yüzlərlə arxeoloji abidə tədqiq edilmədən su altında qalmışdır.
1990-cı illərin əvvəllərində - müstəqilliyin ilk illərində Azərbaycanı tamamilə parçalanmadan və Qafqazın siyasi xəritəsindən birdəfəlik silinməsindən xilas edən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərləri layihəsinin əsasının qoyulması olmuşdur. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olan beynəlxalq əhəmiyyətli bu layihələr 20 il əvvəl - 1994-cü il sentyabrın 20-də iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" ilə reallığa çevrilmişdir. Ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu layihənin uğurla başa çatdırılması, onun nəticələrinin Azərbaycanın hərtərəfli və sürətli inkişafına yönəldilməsi, şübhəsiz, Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Respublika və beynəlxalq qanunvericiliyə uyğun olaraq sözügedən boru kəmərlərinin dəhlizində tikinti işlərindən əvvəl və inşaat işləri ilə paralel şəkildə geniş arxeoloji qazıntı işləri aparılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bu sətirlərin müəllifinin rəhbərlik etdiyi ekspedisiyası tərəfindən 2002-2005-ci illərdə kəmərlərin marşrutunda Eneolit dövründən (e.ə. V minilliyin sonlarında) son orta əsrlərədək bütün tarixi mərhələləri əhatə edən abidələrdə arxeoloji qazıntılar aparılmışdır. Bu qazıntılar aşkar edilən maddi mədəniyyət nümunələrinin sayı, arealı və elmi əhəmiyyəti ilə, demək olar ki, Mingəçevir qazıntılarını da geridə qoymuşdur. 41 sahədə aparılan qazıntılar nəticəsində yüzlərlə qəbir abidə, qədim və orta əsrlərə aid yaşayış məskəni tədqiq edilmişdir. Bu abidələr, əsasən, Azərbaycan Respublikasının qərb bölgəsində Kür çayının orta axarı hövzəsində cəmləşmişdir. Bu bölgə hələ qədim zamanlardan əlverişli təbii-coğrafi şəraiti ilə qədim insanların məskunlaşması üçün imkan yaratmışdır.
BTC və CQ kəmərləri marşrutunda Eneolit dövrünə aid tədqiq edilmiş abidələr Ağstafa rayonu ərazisində I Böyük Kəsik, II Poylu yaşayış yerləri və Soyuqbulaq kurqanları, Tovuz rayonu ərazisində Xocaxan və Ağılıdərə yaşayış yerləri olmuşdur. Xocaxan yaşayış məskəni istisna olmaqla, adıçəkilən bütün Eneolit abidələri Leylatəpə arxeoloji mədəniyyətinə aiddir. E.ə. IV minilliyin birinci yarısında Şərqi Anadolu və Şimali Mesopotamiyadan Cənubi Qafqaza miqrasiya etmiş qədim tayfaların yaratdığı maddi mədəniyyəti özündə birləşdirən Leylatəpə arxeoloji mədəniyyətinin abidələri bəzi istisnalarla, demək olar ki, əsasən Azərbaycan ərazisində aşkar edilmişdir. Bu mədəniyyət keçən əsrin 80-ci illərində Ağdam rayonu ərazisində qazılmış Leylatəpə yaşayış məskəni əsasında kəşf edilmişdir. Yaşayış məskənlərində, xüsusilə də daha geniş arxeoloji qazıntıların aparıldığı Böyük Kəsik abidəsində aşkar edilən artefaktlar bu mədəniyyətin Ön Asiya ilə bağlı olduğunu göstərmiş və Leylatəpə mədəniyyətinin başlıca səciyyəvi xüsusiyyətlərinin müəyyən edilməsinə şərait yaratmışdır. Qeyd edilən abidələrdə aparılan tədqiqatlar zamanı bölgənin Eneolit dövrü sakinlərinin təsərrüfat həyatını, məşğuliyyətini və dəfn adətlərinin bəzi səciyyəvi xüsusiyyətlərini əks etdirən çoxsaylı tapıntılar əldə edilmişdir. Aşkar edilmiş keramika məmulatı əsasında o dövrdə saxsı qabların istehsalında çox mühüm texniki tərəqqinin nəticəsi olaraq dulus çarxından istifadə edildiyi sübuta yetirilmişdir. Çoxsaylı daş məmulatı - dən daşları, oraq dişləri bu yaşayış yerləri sakinlərinin təsərrüfatının mühüm hissəsini əkinçiliyin təşkil etdiyini göstərmişdir. Məhz Leylatəpə mədəniyyəti dövründə Qafqazda və Ön Asiyada əsl metallurgiyanın inqilabi yüksəliş prosesi baş vermişdir. Böyük Kəsik, Poylu və Soyuqbulaq abidələrində metallurgiyanın inkişafını göstərən çoxsaylı tapıntılar - metalişləmə alətləri və metal məmulatları aşkar edilmişdir.
Eneolit dövrü abidələri sırasında Soyuqbulaq kurqanlarını xüsusilə qeyd etmək lazımdır. Bu kurqanların kəşf edilməsi Cənubi Qafqazda kurqanlarda dəfn adətinin əvvəllər məlum olduğundan 1000 il qədimliyini və Leylatəpə mədəniyyətinin belə dəfn adətinə malik olduğunu sübut etmişdir. Bütövlükdə Leylatəpə mədəniyyətinə aid bu abidələrin tədqiqatları Azərbaycanın Ön Asiyanın erkən sivilizasiyaları arealına daxil olduğunu, eyni zamanda dünya arxeologiya elmində məşhur olan Şimali Qafqazın Maykop arxeoloji mədəniyyətinin məhz Azərbaycanda təşəkkül tapmış Leylatəpə mədəniyyəti əhalisinin şimal istiqamətində miqrasiyaları nəticəsində meydana çıxdığını sübuta yetirmişdir.
Kəmərlərin marşrutunda Kür-Araz mədəniyyətinin inkişaf etmiş mərhələsinə - Erkən Tunc dövrünə aid kurqanlar tədqiq edilmişdir. E.ə. III minilliyə aid bu kurqanların qazıntısı bütün Qafqaza yayılmış Kür-Araz mədəniyyətinin dəfn adətlərinin öyrənilməsi üçün zəngin elmi informasiya vermişdir. Bu kurqanlar Şəmkirçayın sol sahilində qazılmışdır. Onların daş-torpaq qatışıq örtüyünün diametri bəzən 20 m-dən artıq olmuşdur. Sağ və ya sol yanı üstə dəfn edilmiş insanların skeletləri və onların ətrafında saxsı qablar, bəzək və məişət əşyaları, o cümlədən qədim silah nümunələri aşkar edilmişdir. Kurqanlardan birində qızıldan hazırlanmış muncuqlar və tunc güzgü aşkar edilmişdir. Bu güzgü bütövlükdə Qafqaz və Yaxın Şərq regionunda bu tip ən qədim tapıntılardan biridir. Bu kurqanda eyni zamanda əqiqdən, pastadan, sədəfdən və müxtəlif heyvan sümüklərindən muncuqlar tapılmışdır. Digər bir kurqanda ağacdan düzəldilmiş taxt üzərində dəfn icra edilmişdir. Burada məişət və bəzək əşyaları, o cümlədən canavar dişlərindən asma bəzəklər tapılmışdır.
Ağstafa rayonu ərazisində Həsənsu çayının sol sahilində qazılmış eyniadlı kurqan kəmərlərin dəhlizində Orta Tunc dövrünə aid təsadüf edilən yeganə arxeoloji abidə olmuşdur. Ümumiyyətlə, Gəncə-Qazax bölgəsində Orta Tunc dövrü abidələri digər mərhələlərə aid abidələrdən nisbətən zəif öyrənilmişdir. Həsənsu kurqanının tədqiqi belə azsaylı abidələrin sırasını artırmaqla yanaşı, Orta Tunc dövrünün dəfn adətlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Gənc bir insanın dəfn edildiyi, e.ə. XVII əsrə aid bu kurqanda olduqca maraqlı dəfn adəti icra edilmişdir. İri ölçülü qəbir kamerasının döşəməsində divarlar boyu iki cərgədə saxsı qablar düzülmüş, çox ehtimal ki, qurban kəsilmiş iki öküz sümükləri qəbrin mərkəzində qoyulmuş, öküzlərin başı isə qəbir kamerasının iki küncünə yerləşdirilmişdir. Bütün bunlar ağac atmalarla örtülmüş, onların üstündən isə əhəngdaşı lövhələrindən dəfn üçün xüsusi yer düzəldilmişdir. Burada dəfn icra edildikdən sonra qəbir kamerası torpaq və çaydaşı ilə doldurulmuşdur. Qəbirdə əşyaların özünəməxsus düzülüşünə və dəfn adətinin xüsusiyyətlərinə mühüm diqqət yetirilmişdir. Öküz kəllələrinin və saxsı qabların düzülüşü burada dəfnin sanki öküzlərə qoşulmuş araba üzərində icra edildiyini göstərir. Kurqanda 72 ədəd saxsı qab, sədəf muncuqlardan ibarət bəzək əşyaları aşkar edilmişdir. Qara cilalı qabların əksəriyyəti ağ inkrustasiya ilə naxışlanmışdır.
E.ə. II minilliyin ikinci yarısı və I minilliyin ilk əsrlərində - Son Tunc-Erkən Dəmir dövründə Qarabağ, Gəncə-Qazax, Borçalı, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərini Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti əhatə etmişdir. Bu dövrdə əkinçilik və sənətkarlıqla yanaşı, maldarlıq təsərrüfatı xüsusilə geniş inkişaf etmiş, mədəni-iqtisadi əlaqələr daha da intensiv xarakter almışdır. BTC və CQ kəmərləri dəhlizində bu mədəniyyətə aid 200-dən artıq qəbir abidə və bir neçə yaşayış yeri tədqiq edilmişdir. Bunlardan Şəmkir rayonu ərazisindəki Zəyəmçay və Tovuz rayonu ərazisindəki Tovuzçay nekropollarını xüsusilə qeyd etmək lazımdır. Hər iki nekropolda qəbirlərin tipi, dəfn adətləri və aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasən eyniyyət təşkil edir. Bu nekropollarda kurqanlar, torpaq qəbirlər və daş örtüklü qəbir tipləri aşkar edilmişdir.
Maraqlı dəfn adətlərindən biri kimi arxeoloji materialların olduğu, lakin insan skeletlərinin aşkar edilmədiyi xatirat qəbirlərini qeyd etmək lazımdır. Belə qəbirlərin meydana çıxması o dövrdə bölgə əhalisinin təsərrüfat məşğuliyyəti ilə birbaşa bağlı olmuşdur. Belə ki, yaylaq-qışlaq heyvandarlığı ilə məşğul olan əhali ilin isti aylarını yüksək dağlıq zonalarda keçirirdi. Yaylaq mövsümündə vəfat etmiş insanlar dağlıq zonalarda dəfn edilir, qışlaq müddətində isə aran zonasında həmin insanların xatirəsinə rəmzi qəbirlər - xatirat qəbirləri qurulurdu. Qeyd edilən nekropollardakı xatirat qəbirləri məhz həmin dəfn adətinin qalıqlarıdır. İnsan skeletlərinin aşkar edildiyi qəbirlərdə sağ və sol yanı üstə bükülü vəziyyətdə dəfnlərin icra edildiyi müəyyənləşdirilmişdir. Bir sıra qəbirlərdə insanlarla yanaşı heyvanlar da dəfn edilmişdir. Belə qəbirlərdə at, it və xırdabuynuzlu heyvan sümüklərinə rast gəlinmişdir.
Tovuzçay nekropolunda qəbirlərdən birində maraqlı dəfn adəti aşkar edilmişdir. Bu qəbirdə qadınla birgə iki it dəfn edilmişdir. İkisəkili qəbirdə aşağı səkidə itlərin yanaşı, oturdulmuş vəziyyətdə dəfn edilməsi onların burada dəfn edilmiş qadının müşayiətçiləri, qoruyucuları olması anlamındadır. Maraqlıdır ki, belə bir vəziyyət eynilə Avestadakı bir rəvayətin motivləri ilə uyğunluq təşkil edir. Həmin rəvayətə görə, "ölən insanın ruhu Çinvat körpüsünə çatan kimi onu sorğu-sual edirlər və sonra iki itin müşayiət etdiyi gözəl qız ölənin ruhunu həmin körpüdən keçirərək o dünyanın sərhədi hesab edilən divara doğru aparır. Burada isə ölənin ruhu Ahuramazdaya yönəlir".
Zəyəmçay və Tovuzçay nekropollarında Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin müxtəlif sənətkarlıq sahələrinin araşdırılması üçün zəngin materiallar aşkar edilmişdir. Bu abidələrdə çoxsaylı və müxtəlif növ saxsı qablar, tuncdan və daşdan hazırlanmış ox ucluqları, tuncdan xəncərlər, nizə ucluqları, qolbaqlar, üzüklər, asmalar, eyni zamanda müxtəlif minerallardan muncuqlar və s. bəzək əşyaları aşkar edilmişdir.
Goranboy rayonu ərazisində Son Tunc dövrünə - e.ə. XIII əsrə aid Borsunlu kurqanı xüsusilə diqqəti cəlb edir. Bu kurqanda oturaq vəziyyətdə dəfn edilmiş döyüşçü qəbri aşkar edilmişdir. Onunla birlikdə qəbirdə at skeleti və digər heyvanlara aid sümüklər aşkar edilmişdir. Qəbirdə döyüşçüyə aid tuncdan hazırlanmış xəncər və ox ucluqları, eyni zamanda daşdan düzəldilmiş ox ucluqları aşkar edilmişdir.
Tovuzçay nekropolunda və Borsunlu kurqanında qəbirlərdə at skeletlərinin aşkar edilməsi bu heyvanla bağlı kult təsəvvürlərini əks etdirməklə yanaşı, eyni zamanda atların Son Tunc dövründə təsərrüfatda və hərbdə istifadə edildiyini göstərir.
Kəmərlərin dəhlizində Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın xristianlığaqədərki mərhələsinə (e.ə.IV əsr-b.e.III əsri) aid abidələr Ağdaş, Yevlax, Goranboy və Ağstafa rayonları ərazisində qazılmışdır. Bu abidələr küp, torpaq, katakomba və taxta qutu tipli qəbirlərdən ibarətdir. Bu dövr qəbirlərində kişilər sağ, qadınlar isə sol yanı üstə dəfn edilmişdir. Ümumiyyətlə, kəmərlərin dəhlizindəki qəbir abidələrində aparılan arxeoloji qazıntılar Azərbaycanda qədim dövrlərdə minilliklər ərzində bu dəfn adətinin izlənildiyini, bu isə, öz növbəsində, tarixi varislik ənənələrinin davamlılığını göstərir.
Uzun illər ərzində Azərbaycanda Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Beyləqan, Bərdə kimi orta əsr şəhərlərində arxeoloji qazıntı işləri aparılmış, bu qədim iqtisadiyyat, ticarət, mədəniyyət və siyasi mərkəzlər olan şəhərlər tarixi arxeoloji tədqiqatlara cəlb edilmişdir. Lakin bəzi istisnalar nəzərə alınmazsa, Azərbaycanın kənd tipli orta əsr yaşayış yerləri irimiqyaslı arxeoloji araşdırmalardan kənarda qalmışdır. Bu baxımdan kəmərlərin dəhlizində aparılan tədqiqatların mühüm elmi əhəmiyyəti vardır. Bu tədqiqatlar çərçivəsində Fəxralı, Ləki, Hacıalılı, Daşbulaq, Qıraq Kəsəmən və s. kənd tipli yaşayış yerlərində arxeoloji qazıntı işləri aparılmış, orta əsrlər dövründə Azərbaycanın qərb bölgəsində kənd əhalisinin təsərrüfat həyatı, müxtəlif sənətkarlıq sahələri tədqiq edilmişdir.
Beləliklə, "Əsrin müqaviləsi" əsasında həyata keçirilən BTC və CQ layihələri çərçivəsində aparılan arxeoloji qazıntılar 90-cı illərdə arxeologiya elmində hökm sürən durğunluğun aradan qaldırılması üçün mühüm addım olmuşdur. Bu qazıntılar nəticəsində aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələrinin elmi interpretasiyası Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmışdır. Qazıntılar zamanı əldə edilmiş arxeoloji materiallar əsasında dissertasiyalar müdafiə edilmiş, elmi monoqrafiyalar və çoxsaylı məqalələr nəşr olunmuşdur. Minlərlə arxeoloji tapıntı Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün hələ uzun illər bir mənbə kimi öz aktuallığını saxlayacaqdır.
Nəcəf
MÜSEYİBLİ,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər
üzrə direktor müavini
Azərbaycan.-2014.- 12 sentyabr.- S.11.