“YAY!” qalereyasında əfqan rəssamı
Reza
Həzarenin
“Anesteziya ” sərgisi açılıb
“YARAT”
Müasir incəsənət Məkanının “YAY!”
Qalereyasında Azərbaycanda fəaliyyət göstərən
əfqan rəssamı Reza Həzarenin “Anesteziya ”adlı fərdi
sərgisi açılıb.
AzərTAc
xəbər verir ki, sərgidə nümayiş olunan yeni rəsmlər
müəllifin qaçqın qismində şəxsi həyatda
keçirdiyi enişləri və yoxuşları əks
etdirir.
Əfqan
qaçqını olan Reza Həzare 1987-ci ildə
İranın Zahedan şəhərində dünyaya göz
açıb. O, 2005-ci ildə Tehran Ali Təsviri İncəsənət
Məktəbini, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasını qurtarıb.
Reza
Həzarenin işlərində keçmişlə indiki zaman
arasında olan gərginlik hisslərinə - dini və dünyəvi
həyat tərzi arasında çarpışmaya və onun təməlini
təşkil edən ənənə və müasirlik
arasında münaqişəyə istinad olunur. Ənənəvi
müsəlman ölkəsi olan İrandan Azərbaycana
köç edən rəssam dünyəvi həyat tərzinə
alışmaq üçün səy göstərirdi, eyni
zamanda ölkəsində tüğyan edən böhranı
izləyirdi.
Uzun
illərdir ki, ölkədə baş verən vətəndaş
müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini
dini ənənə və tayfa təfəkkürü fonunda kəskinləşən
böhrana qərq edib. Bir zaman çiçəklənən
ölkə sayılan bu məmləkət, hazırda zülmət
və hərc-mərcliyin qurbanıdır. Belə bir vəziyyət
Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi
təsir göstərməkdədir.
Reza
Həzarenin mənsub olduğu nəsil qürbətdə
doğulub boya-başa çatıb və
yaşadığı ölkələrlə heç bir rabitəyə
malik deyil. Məsələn, İranda dünyaya göz
açan əfqanlar bu ölkədə heç bir vətəndaş
haqlarına sahib deyillər. Bu insanlar öz Vətənində-Əfqanıstanda
da qəbul olunmurlar. Çünki onlar fərqli bir cəmiyyətdə
böyüyüb, fərqli mədəni dəyərlərə
malik insanlar sayılırlar. Nəticədə onlar heç
bir ölkədə kök sala bilmir və daimi mühacirət
ağrısı ilə yaşayırlar.
Müharibədən
sonrakı dövrdə yaşayan insanlar illərdir ki,
qaçqın statusu ilə həyat sürürlər,
çox zaman həyatlarını yenidən - sıfırdan
başlamağa məcburdurlar. Onlar yeni ixtisaslara yiyələnməli
və kənar təzyiqlərə tab gətirməlidirlər.
Yaşadıqları ölkələrdə təməl vətəndaş
haqlara malik olmamaları və ailələrdən ayrılmaq məcburiyyəti
həmin insanları qatma-qarışıq vəziyyətinə
sürükləyir. Bu insanlar siyasi və sosial çətinliklərlə
rastlaşdığı zaman özlərini yalqız və təcrid
olunmuş hiss edir, ətraflarında cərəyan edən
hadisələrə biganə yanaşırlar.
Zaman
keçdikcə, əfqan qaçqınları da özlərini
ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda
doğma ölkələri viran olduğundan və oraya
qayıtmaq imkanları olmadığından mənlik hisslərini
tədricən itirirlər. Əfsuslar olsun ki, belə biganəlik
hətta həyatlarında ağır vəziyyətlərin
öhdəsindən keçən insanlarda da müşahidə
olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son
nəticədə onları yenidən zülmətə
düçar edir.
Reza
Həzarenin “Anesteziya” adlı fərdi sərgisi kəsilən
ağrının sakit əks-səda verdiyi və
başlanğıc nöqtəsində bitən səyahətə
istinad edir.
Sərgi
oktyabrın 26-dək davam edəcək.
Azərbaycan.-2014.- 12 sentyabr.- S.12.