Kütləvi informasiya
vasitələri Azərbaycanın
milli maraqlarını ciddi
qorumalıdır
Xəbər
verildiyi kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi
keçirilən müşavirədə Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi ilə
bağlı bir sıra aktual məsələlər geniş
müzakirə olunub.
Müşavirədən
irəli gələn məsələlərlə bağlı
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı
ilə sentyabrın 12-də Şəkidə “Azərbaycanın
informasiya təhlükəsizliyi bölgə mediası
müstəvisində” mövzusunda konfrans keçirilib.
Konfransda
iştirak edən Mətbuat Şurasının sədri
Əflatun Amaşov bölgə jurnalistlərinə müsahibəsində
bu sahədə görülən işlər barədə məlumat
verib. Qurumun rəsmisi deyib: “Həmin müşavirədə
Azərbaycanın informasiya təhlükəsizliyinin, milli
maraqlarının qorunması məsələsi gündəmə
gəldi. Bəs görəsən, bu məsələlər
media müstəvisində necə qorunur? Ölkə
mediası, ümumiyyətlə, Azərbaycanın informasiya təhlükəsizliyini,
milli maraqlarını qoruyurmu? Bu məsələlərə
aydınlıq gətirmək üçün Azərbaycan Mətbuat
Şurası müşavirədən dərhal sonra Azərbaycanda
fəaliyyət göstərən bütün redaksiyalara
müraciət ünvanlayıb. Həmin müraciətə əsasən,
redaksiyalarda müşavirədə qoyulan məsələlərə
həsr olunmuş daxili yığıncaqlar keçirilib, təkliflər
hazırlanıb. Mətbuat Şurası daha sonra Beynəlxalq
Mətbuat Mərkəzində geniş tərkibli konfrans
keçirib və həmin tədbirdə redaksiyaların təklifləri
yenidən dinlənilib”.
Bu təkliflərin nədən ibarət olduğuna aydınlıq gətirən Ə.Amaşov bildirib ki, bir sıra redaktorlar kütləvi informasiya vasitələri haqqında qanunvericiliyə dəyişikliklərin olunmasını arzulayırlar. Çünki onların fikrincə, artıq Azərbaycanda yeni bir jurnalistika növü – onlayn jurnalistikası yaranıb. İnformasiyaların əldə olunmasında, ictimaiyyətə çatdırılmasında, insanların şərəf və ləyaqətinin qorunmasında həmin KİV-lərdə müəyyən problemlər var və vətəndaşlar bu məsələlərdən narahatdırlar. Xəbər portallarının qeydiyyat məsələsi, bu portallarda xəbərlərin düzgün verilməsi məsələsi, Azərbaycanın milli maraqlarının qorunmasında həmin KİV-lərin buraxdığı səhvlər gündəmə gəlir.
Ə.Amaşov deyib: “Bu məsələlər daha çox Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində avqustun əvvəllərində baş verən olaylarla əlaqədar üzə çıxıb. Həmin dövrdə bir sıra xəbər portalları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirə bilməyiblər. Onlar hərbi birləşmələrin yerləşməsi, dislokasiyası, hərbi texnikanın sayı, növləri, canlı qüvvələrin sayı və digər məsələlər barədə ictimaiyyətə açıq-aydın və eyni zamanda yanlış məlumatlar, bəzi məqamlarda isə sərhəd bölgələrinin boşaldılması, insanların təşviş içərisində yaşaması kimi təxribat xarakteri daşıyan məlumatlar veriblər. Bütün bunların hamısı düşmənlərimizin, yəni ermənilərin dəyirmanına su tökmək kimi bir şeydir. Bu məsələlər Mətbuat Şurasını, Azərbaycan jurnalistikasını ciddi narahat edir. Təbii ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi də bu məsələlərlə bağlı öz narahatlığını bildirib”.
Mətbuat Şurasının rəhbəri bildirib ki, regionlarda
ilk olaraq Şəkidə
keçirilən bu tədbir yerli jurnalistlərin də bu
məsələyə münasibətini öyrənmək, təkliflərini
dinləməkdir. Gələcəkdə belə toplantılar
digər regionlarda da
keçiriləcək. Azərbaycan Mətbuat Şurası bütün bu təklifləri
ümumiləşdirərək müvafiq
qurumlara təqdim edəcəkdir.
Azərbaycan.-2014.- 13 sentyabr.- S.9.