Faiq uğurlarına görə müəllimlərinə minnətdardır

 

Prezident təqaüdçüləri

 

Faiq Həşimli Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. Bu il həmin kənddəki 1 nömrəli orta məktəbi bitirən Faiq qəbul imtahanlarında 674 bal toplayaraq, Azərbaycan Diplomatiya Akademiyasının "Biznesin idarə edilməsi" ixtisasına qəbul olunub. Faiq ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, o, Culfa rayonu üzrə bu ada layiq görülən yeganə tələbədir.

F.Həşimlinin məzun olduğu məktəbin direktoru Nadir Tağıyev bildirdi ki, o, məktəbin həm əlaçı, həm də təlim-tərbiyəsi ilə seçilən istedadlı və intizamlı məzunlarındandır. Dəfələrlə respublika fənn olimpiadalarında iştirak edərək yüksək nəticələr əldə edib. Sınaq imtahanlarında həmişə yüksək bal toplayan Faiq bunun təsadüfi olmadığını qəbulda da sübuta yetirib.

Bu münasibətlə onunla yaşadığı kənddə görüşdük. Artıq dərslərin başlamasına bir neçə gün qaldığını və həftə sonunda təhsil alacağı Bakı şəhərinə yollanacağını deyən Faiq hazırda çoxlu bədii ədəbiyyat oxuyur. Yüksək nəticə göstərməyini nəyə borclusan - sualımıza o, belə cavab verdi:

- Uşaqlıqdan bütün fənlərə maraq göstərirdim. Ölkəmizdə gənclərin yüksək təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Elə mənim oxuduğum məktəb üçünbir neçə il bundan əvvəl müasir bina tikildi. İnternet, elektron dərslər, zəngin kitabxana, eləcə də yüksək səviyyəli müəllimlərimiz olmasaydı, bəlkə də bu nəticəni qazana bilməyəcəkdim. Təbii ki, daha çox çalışmaq, əzmkar və inadkarlığım da öz rolunu oynadı. Hər il yüksək nəticə göstərən tələbələrin cənab Prezident tərəfindən təqaüdlə mükafatlandırılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək bal toplayanlarla görüş keçirməsi, onları mükafatlandırması mənə əlavə güc verirdi. Onlar kimi olmaq istəyirdim. Sevinirəm ki, istəyimə nail olmuşam.

Faiq Həşimli əldə etdiyi uğurlara görə ibtidai sinifdə ona dərs demiş Çimnaz Həşimovaya, riyaziyyat müəllimi Kazım Abdinova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səkinə Allahverdiyevaya və digər müəllimlərinə dərin minnətdarlığını bildirdi.

Bundan sonrakı həyatında daha böyük uğurlar əldə etmək, vətənin, dövlətin ona göstərdiyi qayğıya layiq olmaq üçün daim çalışacağını, valideynlərinin, müəllimlərinin üzünü bundan sonra da güldürəcəyini vurğulayan Faiqi biz də təbrik edir, ona tələbəlik illərində müvəffəqiyyətlər arzulayır, gələcəkdə Azərbaycanın layiqli vətəndaşı olacağına inanırıq.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 13 sentyabr.-  S.11.