2. Qırx günlük mühasirə
Azərbaycan tarixi: 1918-ci ilin
sentyabr günləri
Bakının azad olunması uğrunda türk və azərbaycanlı hərbi birləşmələrdən ibarət olan Qafqaz İslam Ordusu ilə rus-erməni qüvvələrindən yaradılmış Bakı Sovetinin Qırmızı Ordusu arasında başlanan və üç aydan artıq dəyişkən uğurlarla davam edəcək müharibənin ilk döyüşü Göyçay yaxınlığında baş tutur. Qızıl Ordunun qarşısını Göyçay bölgəsində kəsmək qərarı ən əvvəl hərb meydanını Gəncə quberniyasının hüdudlarından kənara çıxarmaq niyyəti ilə, həm də Gəncəyə doğru hərəkət edən bolşevik qoşunlarının dəmir yoluna hakim olmaları, eləcə də qarşıda heç bir əngəl görmədiyi ilə şərtlənirdi. Bu bölgənin strateji əhəmiyyət daşıdığını və Gəncə üçün əsl təhlükənin məhz Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesab edən Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşa yenicə Qazax bölgəsinə daxil olmuş türk alayını, uzun bir yol gələn əsgər və zabitlərə dincəlmək imkanı belə vermədən Ağstafadan qatarla Ucara, oradan da Göyçaya göndərdi. İyunun 17-də iki türk alayından ibarət türk qoşunları Gəncədən gələcək əsas qüvvəni gözləmədən və kəşfiyyat aparmadan Qaraməryəm ətrafında yerləşmiş düşmən qüvvələrinə qarşı hərəkətə keçdilər. Bütün gün ərzində olduqca isti hava şəraitində aparılan və bir-birinə güclü müqavimət göstərilən bu savaşda tərəflərin heç biri üstün gələ bilməyərək axşam qaranlığında döyüşlərə ara verdilər və mövqelərinə çəkildilər. Sovet qoşunlarının qurduğu pusquya düşən türk qoşunlarının bu ilk savaşı ağır itkilər - 200 şəhid, 156 yaralı, xeyli sayda hərbi sursat - verməklə uğursuzluqla nəticələndi. 10 mindən artıq qüvvə ilə döyüşə girmiş Amazaspın rəhbərlik etdiyi bolşevik-daşnak qoşunları Göyçaya hücum üçün bir sıra mühüm mövqeləri ələ keçirdilər.
İyunun 18-də Nuru paşa azərbaycanlı hərbi qüvvələrinin komandanı general Əliağa Şıxlinski və beşinci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə Gəncədən cəbhə bölgəsinə - Müsüslü stansiyasına gəldilər və vəziyyətlə yerində tanış oldular. Bolşevik-daşnak qüvvələrinin sayının ətrafdakı erməni və rus kəndlərinin sakinlərinin qatılması ilə 30 minə çatdığı, həmçinin bu qoşunların Bakıdan Qaraməryəmə gedərkən yolboyu 50-dən artıq azərbaycanlı kəndini yandırdığı, bölgədə yaşayan dinc müsəlman əhalisini qırdığını, bir həftə ərzində 400 mindən artıq sakinin isə qaçaraq Göyçay, Ağdaş, Yevlax ətrafına sığındığı məlum oldu. Beşinci Qafqaz piyada diviziyasının, hələ yolda olan qüvvələr hesaba alınmaqla özündən sayca xeyli üstün, silahla yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı imkansız olduğu aydınlaşdı. Azərbaycanlı gənclərin orduya cəlb olunması, vuruşan qoşunların ən azı su və ərzaqla təmin edilməsi məsələsi tam ciddiliyi ilə üzə çıxdı. Həmin məsələlərlə bağlı Göyçayda xalqa xitabən tənbeh dolu müraciət edən Nuru paşanın Əliağa Şıxlinski ilə birlikdə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və nüfuzlu sakinlərlə apardığı danışıqlar nəticəsində azərbaycanlı könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından yığılan gənclər və bütün əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimlərə cəlb olundular. Bununla bərabər, yaranmış vəziyyətin ağırlığını anlayan Nuru paşa İstanbula ünvanlandığı raportlarda dönə-dönə Qafqaza daha bir diviziyanın göndərilməsini israr edirdi. Lakin bu tələb yerinə yetirilənə qədər cəbhədə vəziyyəti dəyişmək labüd idi. Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiə mövqeyi tutan türk və bolşevik qüvvələri yeni döyüşlərə hazırlaşırdılar və türk qoşunlarının iyunun 29-da hücuma keçmək planlarından xəbər tutan sovet ordusu iyunun 27-də səhər tezdən vuruşa başladı. Qəfil hücumdan ani çaşqınlıq keçirən türk qoşunları tez bir müddətdə qüvvələrini toplayaraq düşməni geri oturtdular, sonra irəli gedərək yeni mövqelər ələ keçirdilər və axşama yaxın Qaraməryəmi azad etdilər. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandanlığı ilə Azərbaycan könüllü süvari birliyinin də böyük rolu oldu.
Qaraməryəm ətrafındakı qələbə Qafqaz İslam Ordusunun ilk böyük uğuru sayılmaqla Bakının azad edilməsi yolunda aparılan son dərəcə ağır, itkilərlə dolu, lakın şərəfli qalibiyyətin başlanğıcı oldu. Bu döyüşün ertəsi günü, iyun ayının 30-da Göyçay tərəfdən əks-hücuma keçən sovet qoşunlarının həmləsi də son nəticədə uğursuzluqla bitdi. Bolşevik rus və erməni qüvvələrinə böyük itkilər verdirən türk ordusu pərakəndə halda qaçan Qızıl Ordudan çoxlu sayda silah və sursat ələ keçirdi, eyni zamanda, Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı bölgələrindəki qəsəbə və kəndlərdə yaşayan erməni və rus əhalisi itaət altına alınaraq tərksilah edildilər.
Göyçay vuruşlarında həlak olan türk əsgərlərinin böyük bir hissəsi və yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə və ətraf məntəqələrdəki qəbiristanlıqlarda dəfn edildi. Həlak olmuş döyüşçülərin bəziləri isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə şəhid olduqları yerdə dərhal həmin gün torpağa tapşırıldı. Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrində ilk türk məzarları yarandı. Az sonra belə məzarlıqların sayı Qafqaz İslam Ordusunun keçdiyi bütün döyüş yolu boyu artacaqdı.
İyul ayının 5-də 7 min nəfərlik hərbi qüvvə ilə Kürdəmirə çəkilən bolşevik-erməni qüvvələrinə qarşı hücuma başlayan Qafqaz İslam Ordusunun alayları gərgin döyüşlər nəticəsində iyulun 10-a kimi Kürdəmir və Ağsunu azad etdilər. Kürdəmir stansiyası və kəndi qismən, Ağsu qəsəbəsi isə tamamilə qaçan ermənilər tərəfindən yandırılmış vəziyyətdə idi. Üç gün davamlı olaraq Kürdəmir uğrunda gedən şiddətli və qanlı döyüşlərdə türk alayları ilə birgə keçmiş "vəhşi" diviziyanın azərbaycanlı süvari bölmələri də fərqləndilər.
İyul ayının ortalarında bir neçə günlük gərgin döyüşlərdən sonra Salyan-Neftçala bölgələri də düşməndən azad edildi.
İstanbuldan Ənvər paşa və Şərq Orduları Komandanlığı Nuru paşaya ardıcıl təlimatlar göndərərək tələsməyi, Bakını tez bir zamanda düşməndən təmizləməyi tələb edirdilər. Lakin bu tələbi yerinə yetirmək elə də asan deyildi. Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri, vuruşlarla yanaşı ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almalı, asayişi təmin etməli olurdu. Həmçinin top və silaha olan kəskin ehtiyac türk hərbi birləşmələrinə düşmənə sarsıdıcı zərbə vurmağa imkan vermirdi. Silahın azlığından lüzumsuz yerə atəş açılmırdı. Döyüşlərin getdiyi yerlərdə su qıtlığı olduğundan əsgərlər arasında yoluxucu xəstəliklər yayılmışdı ki, bu da ordunun gücünə olduqca mənfi təsir göstərirdi. Bütün bu amillər Bakı üzərinə hücumu sürətləndirməyə mane olurdu. Qarşıda hələ ermənilər tərəfindən tamamilə yandırılmış, talan edilmiş və yerli müsəlman əhalidən boşaldılmış Şamaxı şəhərini və qəzasını azad etmək vəzifəsi dururdu. Şamaxının müdafiəsinə isə sovet qoşunlarından əlavə Şamaxı qırğınlarını törətmiş və türk qoşunlarının intiqamından qorxan yerli erməni-molokan əhalisindən ibarət silahlı qüvvələr - böyük döyüş qabiliyyətinə malik keçmiş cəbhəçilər cəlb olunmuşdu.
İyul ayının 6-da Türkiyədən Azərbaycana 65 zabit və 2.475 sıravidən ibarət daha bir hərbi birləşmə yola salındı. Eyni zamanda, Nuru paşa Bakı üzərində Osmanlı hərbi qüvvələrinin yürüş etdiyi kimi görüntünü dəyişmək üçün Qafqaz İslam Ordusunda yeni təşkilatlanma apardı. Mürsəl paşanın rəhbərliyi altında Bakı (Şərq) Cəbhəsi quruldu, hərbi qüvvələr iki - Şimal və Cənub qruplarına ayrılaraq podpolkovnik Osman bəyin və podpolkovnik Həbib Səlimovun komandanlığına verildi. Şımal qrupu Şamaxı, Cənub qrupu isə Kürdəmir-Hacıqabul-Bakı dəmiryolu xətti boyunca cənuba doğru irəliləməli və qarşılarındakı düşmən qüvvələri darmadağın edərək Bakıya yaxınlaşmalı idi. İyul ayının ortalarında Şimal qrupunun birləşmələri Şamaxı istiqamətində hücuma keçdilər. Qarşıya qoyulan vəzifə Qızıl Ordu birliklərini mühasirəyə salmaqla onların Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi. Bir neçə gün davam edən və son dərəcə ağır coğrafi şəraitdə aparılan döyüş əməliyyatları nəticəsində erməni-bolşevik qüvvələrinin bu bölgədə əsas qərargahı olan Mədrəsə erməni kəndi alındı, iyul ayının 20-nə kimi isə Şamaxı şəhəri və bütünlükdə qəzanın əraziləri düşməndən azad edildi. Lakin ordu komandirləri Amazasp və Kazarov başda olmaqla erməni dəstələrinin müqavimət göstərə bilməyib Bakıya doğru qaçması nəticəsində qarşıya qoyulan vəzifəni sonadək yerinə yetirmək - Qızıl Ordunun birləşmələrini tam darmadağın etmək və beləliklə, onun yenidən öz qüvvələrini toplamaq və möhkəmlətmək imkanının qarşısını almaq mümkün olmadı. Həmin dövr sovet qoşunlarında siyasi rəhbər kimi xidmət edən Anastas Mikoyan Şaumyana göndərdiyi teleqramda türk qoşunlarının hücumu qarşısında cəbhədəki mövqelərini əmr olmadan tərk edən və bütün briqadasını özü ilə aparan Amazaspı xəyanətdə ittiham edərək məhkəməyə verilməsini tələb edirdi. Lakin erməni birləşmələri Şamaxı qəzasından sadəcə qaçmırdı, onlar yolboyu bir daha artıq dağıdıb yandırdıqları kəndlərə girərək təsərrüfatlarını bərpa etməyə çalışan kəndliləri öldürür, rastına gələn əmlakı və məhsulu isə talan və qarət edirdi. Bu işdə yerli erməni əhalisi əsgərlərə dayaq olur, azərbaycanlılara öz kəndlərinə qayıtmağa imkan vermirdi. Odur ki, türk hərbi birləşmələri Şamaxının təkrar hücumlara məruz qalan kəndlərini bir-bir azad etməli və yerli əhalini öz məskənlərində yerləşdirməli olurdu. Türk qoşunlarının hücumu qarşısında Şamaxı qırğınlarında ən fəal şəkildə iştirak etmiş erməni əhalisi də erməni qoşunları ilə birgə Bakıya qaçırdı. Şamaxı faciələrində ermənilərin müttəfiqi olmuş və sonradan ayrıca hərbi birləşmələr kimi bolşevik-erməni ordusuna cəlb edilmiş qəzanın molokan-rus əhalisi isə türk qoşunlarının hücumu qarşısında bolşevik komissarı A.Mikoyanın bütün təkid və təhdidlərinə baxmayaraq, cəbhəni tərk edərək öz kəndlərinə qayıtdılar və türk komandanlığının təklifini qəbul edərək silahlarını təhvil verdilər və təhlükəsizliklərinə təminat aldılar.
Beləliklə, Qafqaz İslam Ordusunun Şimal qrupu Şamaxı-Mərəzə, Cənub qrupu isə Salyan-Neftçala bölgələrini, iyulun 27-də isə Hacıqabul məntəqəsini aldıqdan sonra ordu qarşısında Bakıya doğru əsasən düzənlik və su olmayan ərazilər açıldı. Ayyarımdan bəri daimi döyüşlər aparan Qafqaz İslam Ordusu verdiyi itkilərlə bağlı hərbi gücün azalmasından əlavə, silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklərlə üzləşirdi. Ordunun hərəkəti çox vaxt nəqliyyat, qatar, mənzil imkanı, ərzaq ehtiyatı olmadan yürüdülürdü. Cəbbəxana çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Sursat yoxluğundan əsgərlər bir çox döyüşlərdə süngü hücumuna keçir, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalır, hətta qalib gəlmək imkanı yüksək olan bir sıra əməliyyatlarda geri çəkilmək əmri alırdılar. Lazımi ləvazimat olmadığından ordunun istehkam qurmaq imkanları məhdud idi. Bolşevik-erməni birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şosse yolları ətrafında yararlı su və ərzaq mənbələrini məhv edirdilər. İxtisaslı mütəxəssis tapmaq çətin olduğundan dağıdılmış rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmaq işləri ləng gedirdi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə get-gedə artırdı. Məsələn, Şimal qrupu iaşə məhsullarının təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Bununla belə, Şamaxıda bir qədər yubanmaq, hərbi sursat və 15-20 günlük ərzaq ehtiyatı hazırlamaq barədə verilən təklifə Nuru paşa razı olmayaraq "dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini" və Bakının tezliklə ələ keçirilməsinin vacibliyini bildirirdi.
1918-ci il avqustun 5-də səhərə yaxın Qafqaz İslam Ordusu bütün istiqamətlərdən Bakıya doğru hərəkətə başladı və qarşısındakı rus-erməni-ingilis hərbi qüvvələrini addım-addım geri çəkilməyə vadar etdi. Şimal qrupu Bayıl yüksəkliklərini ələ keçirərək Bakıya yaxınlaşdı. Şəhərə ziyan verməmək üçün top atəşləri yalnız əsgər səngərlərini nişan alırdı. Düşmənin telefon danışıqlarından məğlubiyyət qarşısında şəhərin, o cümlədən neft mədənlərinin yandırılıb dağıdılması planlarının müzakirə edildiyi məlum oldu. Bakının azad edilməsi zamanı şəhərin xarabazarlığa çevrilməsinin qarşısını almaq ordunun əsas vəzifələrindən birinə çevrildi. Bakıya hücumun ilk saatlarında düşmənin birinci müdafiə xəttini yaran türk-azərbaycanlı birləşmələr getdikcə hərbi sursatın çatışmazlığı ilə üzləşdilər, xüsusilə top mərmilərinin qurtarması piyada hissələrin ağır itkilər verməsi ilə nəticələndi. Yaranmış vəziyyətə görə təşəbbüsü ələ alan düşmənin hücumu dəf edilsə də, həmin gün şəhəri almağın qeyri-mümkün olduğu aydın idi. Düşmənin Xəzər dənizindəki gəmilərindən açdığı top atəşlərini susdurmaq, hava hücumundan qorunmaq, telefon və teleqraf rabitəsini qaydaya salmaq üçün lazımi sursat və avadanlığın olmaması döyüşləri davam etdirməyi təhlükəli edirdi. Odur ki, daha çox itki verməmək üçün böyük dəyanət və fədakarlıqlar göstərən, sürünərək düşmən səngərlərinə çatan türk-azərbaycanlı əsgər və zabitlərinə geri çəkilmək əmri verildi. Ordunu bir yerə yığmaq, qüvvələri toplamaq və yüksəkliklərdə mövqe tutmaq, kifayət qədər silah-sursat və əsgəri kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamaq qərara alındı. Bununla da Bakının azad olunması düz 40 gün təxirə düşdü.
Bakı uğrunda döyüşlərin başlandığı vaxtdan şəhərin özündə hadisələr sürətlə bir-birini əvəz edir, hakimiyyətlə cəmiyyət arasında gərginlik və xaos gündən-günə güclənirdi. 1918-ci ilin martından sentyabradək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi erməni-quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı Lyadovun şəhadətinə görə, "daşnak zabitlərinin başçılıq etdiyi və demək olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərindən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məşğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi". Şəhərdə hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşahidə olunurdu. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə daha çox təhdidedici xarakter alırdı. Hər gün Gəncədən hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə türklərin yardımı, sonradan isə Qafqaz cəbhəsini yarmış türk qoşunlarının şəhərə yaxınlaşması barədə xəbərlər gəlirdi. Yayın ortalarında Bakı şəhərinin özündə Bakı Sovetinin vəziyyəti güclü surətdə sarsılmışdı.
Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolşeviklərə qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, son nəticədə nə çar ordusunun polkovniki L.Biçeraxovla qısamüddətli saziş, nə də sovet Rusiyasının genişmiqyaslı yardımına ümidlər özünü doğrultmadı. Birinci Dünya müharibəsində çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin rəhbəri, siyasi görüşlərinə görə qatı monarxist, osetin əsilli L.Biçeraxov İrandakı ingilis hərbi qüvvələrinin komandanlığı ilə gizli razılığa gələrək Bakı Xalq Komissarları Sovetinə müraciət edib, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxovun 1500 nəfərlik kazak dəstəsindən istifadə etmək məcburiyyətində qalan Şaumyanın razılığını alandan sonra bu hərbi qüvvələr 1918-ci il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxarılmışdı. Lakin Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxovun bolşeviklərlə və şəxsən Şaumyanla əməkdaşlığı baş tutmadı. Nəticədə o, Bakı bolşevik liderlərinə qarşı bir sıra ittihamlar irəli sürərək türk-Azərbaycan qoşunlarının Bakıya sürətli yürüşü qarşısında iyulun 30-da artıq Qızıl Ordu birlikləri ilə kiçik silahlı münaqişələrə girən ordusunu cəbhə xəttindən çıxardı və Dağıstanda bolşeviklərə qarşı üsyan qaldırmış qardaşı Konstantinin köməyinə getdi. Biçeraxovun bu addımını xəyanət adlandıran qırmızı komissarlar artıq bütün ümidlərini Rusiyadan gözlədikləri hərbi köməyə bağladılar.
Bakıda sovet hakimiyyətinin
düşdüyü vəziyyətin bütün ciddiliyini
başa düşən V.Lenin G.Petrovun
başçılığı ilə 780 nəfərlik
yüksək döyüş məharətinə malik və
yaxşı silahlanmış ordu birləşməsini Ukrayna
cəbhəsindən çıxararaq Bakıya göndərdi.
İyulun 19-da Bakıya çatan və vəziyyəti
öyrənən Petrov Bakı və ətrafında
yaşayan rus fəhlə və kəndlilərinə müraciət
edərək sovet Rusiyasının müstəqilliyi
üçün hər kəsi silaha sarılmağa
çağırırdı. Petrovu bu addımı atmağa
vadar edən səbəb yalnız türk
qoşunlarının qarşısını kəsmək
üçün peşəkar və "xalq
azadlığı yolunda canlarını fəda etməyə
hazır" orduya olan ehtiyac deyildi, həm də 60-70 faizi ermənilərdən
ibarət Qırmızı Orduda hökm sürən
intizamsızlıq, döyüşdən yayınma və xüsusilə artmaqda olan fərarilik
idi. Təsadüfi deyil ki, cəbhədə və
Qırmızı Orduda vəziyyəti dəyişmək
üçün Petrovun və Bakı komissarlarının bütün
cəhdlərə baxmayaraq, xüsusilə Şamaxı məğlubiyyətindən
sonra şəhərdəki gərginlik getdikcə artmaqda davam
edirdi. Qafqaz İslam Ordusunun Bakı
yaxınlığında dayanması şəhərin
qeyri-bolşevik rus və erməni əhalisinin artmaqda olan qorxu
və həyəcanı bir tərəfdən, şəhərin
özündə hökm sürən
özbaşınalıq, anarxiya, aclıq, ərzaq, xüsusilə
çörək qıtlığı digər tərəfdən
bolşeviklərin hakimiyyətini sarsıdır,
Bakının "xilası" üçün ingilisləri
dəvət etmək çağırışları
güclənirdi. Bakı komissarları 25-26 iyul
tarixlərdə keçirdikləri fövqəladə
iclaslarda sovet Rusiyasından 5 gəmi silah, ərzaq və s. gəldiyi
barədə məlumatlar yayaraq ingilis hərbi qüvvələrinin
türk ordusu qarşısında dura bilməyəcəyinə
dair dəlillər gətirsə də, iclasdakı
daşnaklar və menşeviklər ingilislərin Bakıya
dəvət edilməsinə qərar verdilər. Bu halda
Şaumyan və silahdaşları rəhbərlikdən gedəcəklərini
bəyan etsələr də, bunun təsiri olmadı. Erməni
mənbələrində Şaumyanın hakimiyyətdən
imtina etməsinin başqa bir versiyası göstərilir: "Bolşeviklərin gücü qalmamışdı,
bolşevik hakimiyyətinin dəyişdirilməsi - şəhərin
ingilislərə təhvil verilməsi məsələsi
müzakirə edilirdi. İyul ayının 29-u axşam
Şaumyan, Caparidze, Şeboldayev, bütün partiyaların, hərbi
hissələrin və erməni milli şurasının
nümayəndələri (Rostom, Petrov, Amazasp, Əmiryan
və digərləri) hospitalda, general Baqratuninin
çarpayısının ətrafında
toplaşmışdılar. General Baqratuni sual verdi: "Bizim cəbhədə
nəyimiz var?" Cavab belə oldu: "Bir neçə
yüz nəfər". Onda Baqratuni yaxın günlər ərzində
bolşeviklərin hansı qüvvələrə ümid
etdiklərini soruşdu. Ona cavab verdilər ki, Şimali
Qafqazdan, sonra isə Həştərxandan və Muğandan
1000-1500 nəfər gözləyirlər. General Baqratuni dedi ki, bu, azdır və
buna ümid etmək olmaz. İngilislərin dəvət
edilməsi məsələsi qəti şəkildə qoyuldu.
Şaumyan cavab verdi: "İngilisləri
heç bir halda". General Baqratuni qeyd etdi ki, mənəvi
təkan zəruridir. O zaman türkləri geri oturtmaq
üçün yerli qüvvələr də kifayət edərdi.
Bolşeviklərin artıq belə
ruhlandırıcı elementi qalmamışdı. İştirakçılardan qeyri-bolşeviklər
Şaumyanın hakimiyyətdən getməsini tələb
etdilər. Şaumyan bəyan etdi ki, o,
hakimiyyətdən gedir".
Beləliklə,
iyulun son günlərində tam tənəzzülə
uğrayan bolşevik hökuməti öz səlahiyyətlərini
könüllü surətdə təhvil verdi.
Yeni qurulan və "Sentrokaspi diktaturası" adlanan hakimiyyət yalnız iki əməli - şəhər
əhalisini az da olsa, ərzaqla təmin edə bilməsi və
Bakının "müdafiəsi" üçün
ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər erməni milli şurasının
İrana ezam olunmuş üzvləri M.Ter-Poqosyanın və
S.Araratyanın "dəvətini" qəbul etdilər.
Belə ki, onları Bakıya siyasi maraqlardan
başqa, həm də "böyük ehtiyac duyduqları neft
və benzin cəlb edirdi". Şəhərdə
olduqları müddətdə onlar yerli hökumətdən qərarlaşdıqları
kimi "25 pud deyil, əvəzi ödənilmədən 62.420
pud benzin aldılar, bunun müqabilində isə gözlənilən
sayda qoşun belə gətirmədilər".
Bakıdakı
erməni-rus qüvvələrindən əlavə Azərbayacanın
cənubunda, Lənkəran bölgəsində yerləşən
və bolşevik hakimiyyətini tanımayan keçmiş
çar Rusiyası sərhəd və hərbi birləşmələri,
eləcə də rus əhalisi İrandakı ingilis qüvvələrinin
komandanı general Denstervil ilə əlaqə yaratmış,
türklərə qarşı ingilislərlə birlikdə
döyüşəcəklərini bildirmiş, Muğan
düzündə yaşayan rus əhalisinə hərbi təlimlər
verilməsini xahiş etmişdilər. Kifayət
qədər silahlanmış, yaxşı ərzaq
ehtiyatları olan bu hərbi qüvvələrin də
xahişini ingilislər məmnuniyyətlə qəbul
etmişdilər.
Avqustun ilk günlərində Xırdalan-Biləcəri istiqamətində şiddətli döyüşlər getdiyi, Bakının qərbindəki Qurd qapısı təpələrinin isə Qafqaz alayı tərəfindən tutulduğu və artıq Bakının mənzərəsinin türk qoşunlarına açıldığı vaxt şəhərdən qərargaha gələn bir məlumatda Ənzəlidəki ingilis qoşunlarının 48 saat ərzində Diktatura hökumətinə köməyə gələcəyi, Petrovun əsgərlərinin də hələlik şəhəri qoruduğu, lakin banklarda olan pul və qiymətli əşyaları gəmilərə yükləyib qaçmağa hazırlaşdıqları xəbər verilir, Bakının tezliklə ələ keçirilməsi üçün tələsməyin vacibliyi vurğulanırdı. Avqustun 3-də, Bakının artıq mühasirəyə alındığı bir şəraitdə Şərq cəbhəsi komandanı Mürsəl paşa Bakıdakı erməni milli şurasına məktub göndərərək şəhər döyüşsüz təhvil veriləcəyi halda milli və dini mənsubiyyətindən asılı olmayaraq Bakının bütün sakinlərinin hüququnun qorunacağı, xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verdiyini bildirdi. Məktubda əgər şəhər təslim olmazsa, axıdılacaq qanlara və dəymiş zərərə görə erməni milli şurasının cavabdeh olacağı vurğulanırdı. Erməni milli şurası bu məktuba cavab vermədi.
Avqustun 4-də İrandakı ingilis silahlı qüvvələrinin komandanı general Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları burada qarşılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, əsasən ermənilərdən ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, əmrlərə tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmırdı. İngilis zabitləri "cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən Bakı müdafiəçilərinin qəribə hərbi etikasına" mat qalmışdılar. Lakin "Bakının şanlı müdafiəçiləri" öz döyüş postlarını yalnız mitinqlərə və ya rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xəttinin yaxınlaşdığı Bakı kəndlərinə - Ramana, Balaxanı, Əhmədli, Biləcəri, Binəqədi və digərlərinə basqınlar törətmək, müsəlman əhalisini qətlə yetirmək, qarət etməklə məşğul olurdular. Erməni əsgərlərinin Bakı kəndlərinin sakinləri - silahsız və müdafiəsiz azərbaycanlılar qarşısında "qəhrəmanlıqlarına" dair saysız-hesabsız faktlar general Denstervilin bu şəhadəti ilə "tamamlanır": "Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: "Biz nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu, qorxaqların işidir, biz isə döyüşmək istəyirik". Onlar zəncirvarı qaydada qayaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın türk əsgərinin bizdən 3 min yard məsafədə olduğu vaxtlarda edirdilər. Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günortaçağı açıq dərə ilə hərəkət etməyə başladılar. Erməni batalyonuna komandanlıq edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi qışqırdı: "Necə yəni oraya gedin? Axı orada türklər var!"
Bununla belə, ingilis qüvvələrinin Bakıya girməsi və şəhərin müdafiəsinə qoşulması ilə cəbhədə vəziyyət ciddi surətdə dəyişdi. İngilis komandanlığı, yeni hökumətin Bakıdan çıxmağa imkan vermədiyi bolşevik Petrovun hərbi qüvvələrinin əhəmiyyətli dəstəyi ilə avqustun 5-də hücuma keçən türk ordusunun qarşısını ala bildi. Lakin ertəsi gün şəhərin "müdafiəçiləri" türk qoşunları üzərinə hücum etsələr də, üstünlük qazanmaq cəhdləri baş tutmadığından yenidən müdafiə mövqeyinə keçdilər. Bundan sonra Bakı şəhəri rus-erməni-ingilis hərbi qüvvələrinin nəzarəti və Qafqaz İslam Ordusunun mühasirəsində daha 40 gün yaşadı.
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
AMEA-nın
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun baş elmi
işçisi, tarix elmləri doktoru, professor
Azərbaycan.-2014.- 14 sentyabr.- S.7.