Qarşılıqlı inama söykənən əməkdaşlıq

 

Prezident İlham ƏLİYEV: "Türkiyə-Azərbaycan əlaqələri

ən yüksək səviyyədədir, ən yüksək zirvədədir"

 

Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından bir daha məmnunluq ifadə edilmişdir. Yüksək səviyyədə təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulmuş, regional, beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yaranmışdır. Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. "Biz bir millət iki dövlətik" devizindən çıxış edən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider 1990-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. BTC-nin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.

Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən budəfəki görüşdə də strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulandı. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi ifadə olundu. Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: "Biz Sizin səfərinizə çox böyük önəm veririk. Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş Siz Azərbaycana, doğma Vətənə səfər edirsiniz. Fürsətdən istifadə edərək, bir daha Sizi prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə ürəkdən təbrik etmək və yeni uğurlar diləmək istəyirəm. Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə - Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik. Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır. Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur". 

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb. Yaxın 5-6 ildə Türkiyəyə 17-20 milyard dollar arasında investisiyanın qoyulması nəzərdə tutulub. Türkiyə tərəfi də ölkəmizin enerji layihələrində öz payını artıraraq "Şahdəniz" və TANAP layihəsində böyük paya sahib olub. Prezident İlham Əliyev türkiyəli həmkarı ilə görüşdə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin mövcud səviyyəsindən razılığını ifadə etmiş, xüsusən də iqtisadi sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulamışdır. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün regionda həyata keçirilən beynəlxalq miqyaslı layihələr məhz ölkələrimiz arasında səmərəli və faydalı əməkdaşlığa əsaslanır. Bölgədə, Cənubi Qafqazda gedən proseslər Azərbaycan və Türkiyənin iştirakı ilə, bilavasitə təşəbbüsləri ilə həyata keçirilir.

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. 2005-ci ilin iyulundan başlayaraq Azərbaycanla Türkiyə münasibətlərində "ikinci nəfəs" açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin qurulmasına siyasi razılıq verməklə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoymuşdur. Bu, Türkiyə üçün əsl hədiyyə, Kipr türkləri üçün isə iqtisadi diplomatiya sahəsində mühüm nailiyyət olmuşdur. Azərbaycan bir tərəfdən BMT-nin Baş katibinin çağırışına uyğun hərəkət edərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, o biri tərəfdən Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirmişdir. Rəsmi Bakı bu məsələyə BMT mövqeyindən yanaşmaqla münaqişəsinin həllində də məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini önə çəkmişdir. Bu, həm Şimali Kiprin, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə olan məqam idi. Eyni zamanda, rəsmi Bakı 2010-cu ildə qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir. 

Bütün bunların müqabilində qardaş Türkiyə də regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri səfərin ən yaddaqalan məqamlarından biri kimi vurğulana bilər: "Bu gün təkbətək görüşümüzdə, xüsusilə Türkiyə-Azərbaycan əlaqələrini geniş şəkildə dəyərləndirmək imkanımız oldu. Burada bütün sahələrlə bağlı müzakirələr apardıq, dəyərləndirdik və heyətlərimizdəki yoldaşlarımızla da bunları inkişaf etdirməyə hazırıq. Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri bundan sonra daha fərqli bir şəkildə inkişaf etməlidir. Hazırda, xüsusilə regionumuzdakı sıxıntılar birgə həmrəylik yolu ilə həll edəcəyimiz problemlərdir. Bu problemlərin - Türkiyə - Ermənistan probleminin, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli bir-biri ilə bağlı məsələdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik".

Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2014.- 5 sentyabr.- S.2.