Prezident İlham Əliyev “Bilik
Günü”ndə Bakının Şağan qəsəbəsindəki
124 nömrəli məktəbin yeni
binasının açılışında iştirak edib
Sentyabrın
15-də - “Bilik Günü”ndə Bakının Xəzər
rayonunun Şağan qəsəbəsindəki Füzuli
Gözəlov adına 124 nömrəli tam orta məktəb
üçün yeni inşa edilən binanın
açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” ideyası artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Son illərdə dövlətimizin başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları uğurla davam etdirilir.
Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompyuter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib.
Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Məktəbin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Məktəbin bütün dəhlizlərində dövlət rəmzləri, müxtəlif fənlərə dair məlumatlar olan lövhələr asılıb.
Qeyd edildi ki, 1961-ci ildə Şağan qəsəbəsində inşa olunan məktəb mövcud tələblərə cavab vermirdi. Məktəbin maddi-texniki bazasının yarıtmaz vəziyyətdə olması, digər tərəfdən şagird sıxlığı yeni təhsil ocağının inşasını gündəmə gətirmişdi. Belə ki, köhnə məktəb binası 520 yerlik olsa da, burada 800-dən çox uşaq oxuyurdu və dərslər iki növbədə aparılırdı. 2011-ci ilin avqustunda dövlətimizin başçısı Şağan qəsəbəsində olarkən məktəbin vəziyyəti ilə tanış oldu və burada yeni binanın inşası ilə bağlı göstəriş verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, qısa vaxtda müasir tikinti standartlarına uyğun inşa olunan məktəb indi 1560 şagird yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq. 65 sinif otağının hamısı zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub. Məktəbdə 4 informatika kabineti, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Uşaqlar üçün hər cür şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin keçirilməsinə imkan verən akt zalı qurulub. Bundan əlavə, şagirdlərin fiziki sağlamlığının qorunması üçün hər cür ləvazimatlarla təchiz olunan idman zalı da yaradılıb.
Bu il 145 uşaq yeni məktəbdə birinci sinfə gedir. Onu da deyək ki, builki tədris ilində Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedir. Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. 2014-2015-ci tədris ilində 1692 gənc müəllim də ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayır. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Bu il də ölkə üzrə onlarla məktəb yenidən inşa olunub və ya təmir edilib. 124 nömrəli məktəbin yerləşdiyi ərazidə də xeyli abadlıq işləri görülüb, uşaqlar üçün müasir futbol meydançası qurulub.
Sonra Prezident İlham Əliyev məktəbin kollektivi və Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz uşaqlar, müəllimlər, əziz dostlar.
Bu gün yeni dərs ili başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Siz uşaqlar yeni dərs ilinə bu gözəl məktəbdə başlayacaqsınız.
Bu, çox gözəl, əlamətdar hadisədir. Bu gözəl məktəb göz oxşayır, çox rahatdır, genişdir və burada oxumaq üçün bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən üç dəfə böyükdür. Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır.
Yeni dərs ili ərəfəsində mən
Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir,
tikinti işləri ilə özüm şəxsən
tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir
olunan bütün məktəblər ən yüksək səviyyədədir.
Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib,
istifadəyə verilib. Ölkə üzrə isə bu il 178
məktəb təmir edilib və tikilibdir. Hər il bu proses
uğurla gedir. Son on il ərzində Azərbaycanda
2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə
isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər
var, o cümlədən Bakıda. Ancaq
onların sayı getdikcə azalır. Xəzər
rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin
də təmiri nəzərdə tutulur və gələn dərs
ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz
məktəb olmayacaqdır.
Bu, çox önəmli məsələdir. Çünki
uşaqlar yaxşı məktəblərdə
oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə
dərs deməlidirlər. Müəllimlərin də
iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə
ki, dövlətimizin gücünü göstərir. Bu gün inkişafda olan Azərbaycan təhsil sahəsinə
çox böyük diqqət ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin
maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl məktəblər inanmıram
ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə
böhran yaşanır, iqtisadi çətinliklər var.
Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə
diqqət daim yüksək səviyyədədir. Bizim əsas
istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların
böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə
artıq gözəl nəticələr də olacaqdır.
Eyni zamanda, təhsil prosesinin keyfiyyəti
çox önəmlidir. Müəllimlərin
hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı
oxumalıdırlar. Uşaqlar başa
düşməlidirlər ki, onların gələcəyi
özlərinin əlindədir.
Bu gün
bizim gözəl ölkəmizdə - sürətlə
inkişaf edən ölkədə hər bir vətəndaş
üçün bütün imkanlar var. Çünki ölkəmizin
dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin
açılması əlbəttə ki, hər kəs
üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə
malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər.
Ona görə, yaxşı oxumaq həm ölkənin
gələcəyinə verilən töhfədir, eyni zamanda, hər
bir insan üçün önəmlidir. Yaxşı
bilikli insan həyatda yaxşı iş də tapa,
yaxşı dolanışıq da qura bilər, həm də
öz ölkəsinə, xalqına daha da böyük xidmət
göstərmiş olar.
Ona görə uşaqlar da bunu dərk etməli və
bilməlidirlər ki, onların gələcəyi özlərinin
əlindədir. Müəllimlər isə əlbəttə
ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər.
Uşaqlar, eyni zamanda, vətənpərvərlik
ruhunda tərbiyə almalıdırlar. Bizim
gənclərimiz müstəqillik illərində
formalaşır. Müstəqilliyin
üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı,
dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir,
ən böyük sərvətimizdir.
Əlbəttə ki, ölkəmizin uğurlu gələcəyi
cəmiyyətin intellektual potensialından asılıdır. Çünki
inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər saldıqda görürük ki, məhz o ölkələrdə
ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət
verilir, o ölkələr inkişaf edir.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın
zəngin təbii resursları, artıq şaxələndirilmiş
iqtisadiyyatı, düşünülmüş dövlət
siyasəti var. Dövlət siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Sosial sahəyə
çox böyük diqqət göstərilir.
Əlbəttə, Azərbaycanda elmə, təhsilə
göstərilən diqqət mütləq öz nəticəsini
verəcək.
Bizdə savadlılıq yüksək səviyyədədir,
savadsız insan yoxdur. Bu, böyük
üstünlüyümüzdür. Ancaq
bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar
da bunu bilməlidirlər. Elmin, təhsilin
inkişafı ölkəmizin dayanıqlı
inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü
siyasi iradəmiz və bu gün dövlətimizin
inkişafında öz rolunu oynayan gözəl gənclərimiz
var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər
olmalıdırlar və milli ruhda tərbiyə
almalıdırlar.
Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi,
həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki,
uşaqlarımız məhz milli ruhda böyüsünlər,
Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli
vətəndaş olsunlar. Əlbəttə
ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə
tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü
artıq bir tərbiyə üsuludur. Çünki
burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək,
uşaqlıq yaşlarından buna öyrəşəcək
və gələcəkdə də öz həyatında bu
prinsipləri rəhbər tutacaq.
Bir daha
demək istəyirəm ki, son on il ərzində
2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu,
1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı
vəziyyətdə idi. Əfsuslar olsun ki,
hələ də bölgələrimizdə qəzalı vəziyyətdə
məktəblər var. Amma onların sayı kəskin şəkildə
aşağı düşür. Dövlətin
gördüyü işlər, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında, o cümlədən
Bakı və onun qəsəbələrinin inkişafına
dair Dövlət Proqramında bütün məktəblərin
təmiri, tikintisi nəzərdə tutulur. Proqrama
görə 2016-cı ilə qədər Bakıda məktəblərin
təmiri başa çatmalıdır. Amma hesab edirəm
ki, artıq gələn il Bakıda bir dənə
də olsun təmirsiz məktəb qalmayacaqdır.
Sizi bu məktəbin tikilməsi,
açılışı və yeni dərs ilinin
başlanması münasibətilə bir daha təbrik edirəm,
sizə uğurlar arzulayıram.
Sağ
olun.
X X X
Şağan
qəsəbəsinin inkişafına göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə
təşəkkür edən Xəzər Rayon Ziyalılar Cəmiyyətinin
sədri Təvəkkül SƏLİMOV dedi:
- Möhtərəm
cənab Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Sizi bütün rayonumuzun sakinləri və məxsusən
də kəndimizin sakinləri adından salamlayır və Sizə
dərin minnətdarlığımı bildirirəm.
Cənab
Prezident, Sizin indi işlətdiyiniz söz artıq məktəbin
girəcəyində sitat kimi yazılıb. Belə
yazılıb: “Mən istəyirəm ki, insanlarımız
yaxşı yaşasın. Mən istəyirəm
ki, şagirdlərimiz yaxşı məktəbdə oxusun.
Mən istəyirəm ki, müəllimlərimiz yaxşı
məktəbdə dərs desin”.
Hörmətli
Prezidentimiz, mən bir elm adamı, təhsillə məşğul
olan bir adam kimi hiss edirəm ki, ölkəmizin
prioritet istiqaməti təhsilin inkişafına yönəlib.
Bax, bu möhtəşəm bina bunun əyani təsdiqidir.
Bir neçə gün bundan qabaq, cənab
Prezident, buraya xarici ölkələrdən bir neçə
turist gəlmişdi. Bakının hər
yerindən, ətraf qəsəbələrindən buraya gəlirlər,
bu məktəbə baxırlar. Turistlərin
buraya gəlməsi bizi müəyyən mənada təəccübləndirdi
və həm də sevindirdi. Sual verdilər
bizə, bu məktəb sizindir? Bəli,
sözün əsl mənasında, belə möhtəşəmlik,
bayaq Siz də qeyd etdiniz ki, xaricdə də az-az olur. Ona
görə, cənab Prezident, Şağan
qəsəbəsinin, rayonumuzun bütün sakinləri
adından Sizə bir daha “Çox sağ olun!” deyirik. Mehriban
xanım, Sizə “Çox sağ olun!”
deyirik.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Şağan qəsəbəsində
vaxtilə Olimpiya Kompleksi tikilmişdi. İndi
məktəb tikilib.
İndi həm qəsəbə sakinləri, rayon sakinləri,
həm xarici qonaqlar da gəlib görürlər ki,
Bakının qəsəbəsində belə möhtəşəm
məktəb tikilib. Həm Bakının mərkəzində,
həm qəsəbələrdə, eyni zamanda, ölkəmizin
digər şəhər və rayonlarında da belə məktəblər
tikilir. Ona görə, heç bir fərq
qoyulmur ki, böyük şəhərdə gözəl məktəb
tikilməlidir, qəsəbədə, yaxud da ki, kənddə
başqa cür. Yox! Hər yerdə şərait
belə olmalıdır. Bundan yüksək səviyyə
ola bilməz və yoxdur. İndi
bəlkə də heç bir başqa ölkədə belə
təşəbbüslər irəli sürülmür.
Ancaq bizim bu gənc uşaqlarımız belə
gözəl məktəbdə oxumalıdırlar, müəllimlər
də yaxşı şəraitdə işləməlidirlər
və yaxşı nəticə olmalıdır.
Xəzər rayonunun da inkişafı gedir. Mehriban
xanım da artıq neçə ildir ki, rayonun deputatı kimi
fəal işləyir.
Təvəkkül
SƏLİMOV: Çox sağ olsun.
SAKİNLƏR:
Sağ olun, çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2014.-
16 sentyabr.- S.1-2.