Bakının Xəzər rayonunun
Türkan qəsəbəsindəki 6
nömrəli respublika xüsusi
internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib
Sentyabrın
15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki
sağlamlıq imkanları məhdud uşaqlar
üçün 6 nömrəli respublika xüsusi internat məktəbi
yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə yenidən
qurulan internat məktəbin açılış mərasimində
Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə
Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva
iştirak edib.
Heydər
Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi
layihələr sırasında “Uşaq evləri və internat
məktəblərinin inkişafı” Proqramına xüsusi əhəmiyyət
verir. Proqram çərçivəsində respublika üzrə
bir çox uşaq müəssisəsi əsaslı şəkildə
təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə
yardımçı binalar inşa edilib və kommunal şərait
yaxşılaşdırılıb. Bu müəssisələrdəki
kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla
təmin olunub, əksər uşaq evləri və internat məktəblərində
kompyuter avadanlığı quraşdırılıb, sinif
otaqları interaktiv təhsil üçün
uyğunlaşdırılıb.
Uşaqların
hərtərəfli inkişafı üçün müvafiq
şəraitin yaradılması məqsədilə müəssisələrdə
mütəmadi olaraq treninqlər keçirilir. Uşaq evləri
və internat məktəblərində tərbiyə alan
yeniyetmələrə vətənpərvərlik hissinin
aşılanması, onların istirahətinin və asudə
vaxtlarının səmərəli təşkili
üçün Heydər Əliyev Fondu ardıcıl olaraq
kütləvi tədbirlər, festivallar, müsabiqələr
keçirir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu bu nəcib missiyası ilə Azərbaycan
uşaqlarının ən böyük dostuna və himayədarına
çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan
uşaqları da diqqətdə saxlayır və bütün
fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt
gələcəyinin yanında olduğunu təsdiqləyir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva məktəbin rəmzi
açılışını bildirən lenti kəsdi.
Mehriban
Əliyevaya məlumat verildi ki, məktəbdə nitq
qüsuru olan 175 şagird təhsil alır və
yaşayır. İnternat məktəbində yeni korpuslar
tikilib, müasir avadanlıq quraşdırılıb.
Şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər
tərəfindən müalicə olunurlar. Onlara müalicəvi
bədən tərbiyəsi və musiqili ritmika dərsləri
keçirilir. Üçmərtəbəli tədris korpusu
tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompyuter,
kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm
otaqları, xalçaçılıq kabineti, istirahət,
şahmat otaqları yaradılıb, mebel və digər
lazımı avadanlıqla təmin olunub. Məktəbdə
200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları
və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil
ocağında şagirdlərin gecələməyi
üçün 20 palata, hər biri 60 nəfərlik 2
televizor zalı, 120 nəfərlik akt zalı var. Bildirildi ki, məktəbdə
ikimərtəbəli yeni tədris-istirahət və məişət
korpusları tikilib, ərazidə müxtəlif idman ləvazimatları
ilə təchiz edilən futbol, voleybol və basketbol
meydançaları inşa edilib. Burada əsaslı abadlıq
və yaşıllaşdırma işləri aparılıb.
Beləliklə, yenidənqurma işlərindən sonra məktəb
kompleksi 4 korpusdan, açıq tipli 3 idman
meydançasından və 1 qapalı idman zalından ibarətdir.
Azərbaycan.-2014.- 16 sentyabr.- S.2.